Rusiyanın Kiyevə hücumu: döyüşlər harda gedib

Kiyevdə televiziya qülləsi hücum

Şəklin mənbəyi, Reuters

Rusiyanın Kiyevdə tele-qülləyə hücumu nəticəsində 5 nəfərin öldüyü bildirilir. Məlumatı Ukraynanın fövqəladə hallar xidməti yayıb.

Bir qədər əvvəl qüllə yaxınlığından qatı tüstü çıxdığı görünürdü. BBC həmin görüntüləri yoxlayıb, lakin qülləyə birbaşa zərbənin dəyib-dəymədiyi aydın deyil. Hərçənd ki, hücumdan sonra bəzi canlı yayımlar kəsilib.

Ukrayna Xarici İşlər Nazirliyi zərbənin TV qülləyə dəydiyini deyib.

Bundan əvvəl Rusiya xəbərdarlıq edib ki, Kiyevdə hədəfləri vuracaq.Rusiya Müdafiə Nazirliyi bildirib ki, onların qüvvələri "Ukrayna Təhlükəsizlik Xidmətinin texnoloji mərkəzlərinə və Kiyevdəki 72-ci əsas PsyOps (Psixoloji əməliyyatlar) mərkəzinə "yüksək dəqiqliklə zərbələr endirməyə" hazırlaşır.

Buna görə də Rusiya həmin məkanların yaxınlığında yaşayan sakinləri evlərini tərk etməyə çağırıb.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Ukraynada döyüşlər harada gedir?

Rusiyanın hərbi qüvvələrinin təxminən 75 faizi Ukrayna ərazisinə yerləşdirilib. Sərt müqavimət göstərən Ukrayna qüvvələri bildirir ki, 5700-dən çox rus hərbçisi ya öldürülüb, ya da yaralanıb. Lakin bu rəqəmləri müstəqil mənbədən təsdiqləmək mümkün olmayıb.

Burada ən şiddətli döyüşlərin yeri barədə məlumat bir araya gətirilib.

  • Ukrayna qüvvələri ilə şiddətli küçə döyüşləri aparan bəzi Rusiya birləşmələri cənubdakı Xerson şəhərinə daxil ola bilib. BBC şəhərin şimaldakı həndəvərində partlayışları əks etdirən görüntüləri təsdiqləyib.
  • Ukraynanın şərqindəki Xarkov şəhərinin rəsmiləri yaşayış məhəllələrinin "qəsdən atəşə" tutulması nəticəsində ən azı 10 nəfərin öldüyünü bildirirlər. Prezident Volodimir Zelenski Moskvanın mülki şəxslərə hücumlarını müharibə cinayəti adlandırıb.
  • Dəniz limanı olan Mariupol şəhərinin elektrik enerjisi kəsilib. Rusiya qüvvələri bu şəhəri ələ keçirməyə çalışırlar ki, şərqdəki separatçı bölgələrlə ilhaq edilmiş Krım arasında birbaşa əlaqə yaratmaq mümkün olsun.
  • Rusiyanın zirehli texnika karvanı Ukraynanın paytaxtı Kiyevə yaxınlaşır. Burada müdafiə qüvvələri bir neçə gündür ki, şəhər mərkəzindən təxminən 30 km (19) məsafədə Rusiya qüvvələrinə müqavimət göstərir.
  • Çərşənbə axşamı günortadan sonra Rusiya Kiyevdəki təhlükəsizlik xidmətlərinin qərargahına və psixoloji müharibə mərkəzinə zərbələr endirəcəyi ilə bağlı xəbərdarlıq edib. Moskva yerli sakinləri təxliyə etməyə çağırıb.
  • Şimal-şərqdəki Axtırka şəhərində Rusiya artilleriyasının atəşi nəticəsində 70-ə yaxın ukraynalı hərbçinin həlak olduğu bildirilir.
Xəritə

Xarkov bombalanıb, ölənlər var

Ukrayna Prezidenti Volodimir Zelenski onlarla dinc sakinin ölümünə səbəb olan Xarkovun bombalanmasını "müharibə cinayəti" kimi qiymətləndirib.

Xarkov

Sosial mediada paylaşılan videolarda bəzi müdafiə üzrə təhlilçilərinin sıx məskunlaşmış şəhər ərazisinə kasetli sursat zərbəsi kimi xarakterizə etdiyi raketlərin Xarkova düşməsi görünür.

Ukrayna Rusiya müharibə Ukrayna-Rusiya müharibəsi Kiyev Moskva Kiyev uğrunda döyüşlər Rusiya fevralın 24-də Ukraynaya hücum edib

Şəklin mənbəyi, Getty Images

Ukrayna lideri bildirib ki, bazar ertəsi Ukraynanın ikinci ən böyük şəhərinə - Xarkova hücum zamanı mülki şəxslərin qəsdən hədəf alındığına dair şahid ifadələri var.

Ukraynanın xarici işlər naziri Xarkovun Azadlıq meydanında baş verən partlayış videosunu Tvitter hesabında paylaşaraq, Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətlərdə ittiham edib.

Xəbərdarlıq: Məzmun sarsıdıcı ola bilər.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Hüquq müdafiəçiləri qrupları da Rusiyanın işğalı zamanı hərbi cinayətlərin baş verə biləcəyini bildirmişdilər.

Amnesty İnternational təşkilatı Xarkova hücumu "mümkün müharibə cinayəti kimi" araşdırmağa çağırıb.

Rusiya daha əvvəl yaşayış məntəqələrini hədəfə aldığını təkzib edib.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) iddialarla bağlı öz araşdırmasına başlamaq istəyir.

Qurumun Baş prokuroru Kərim Xan bazar ertəsi axşam saatlarında deyib ki, Ukraynada müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər törədildiyinə inanmaq üçün "məntiqli əsaslar" var.

Böyük Britaniyanın baş naziri Boris Johnson Rusiyanı "uşaqlar da daxil olmaqla, günahsız mülki şəxslərə qarşı vəhşicəsinə hava hücumları təşkil etməkdə" ittiham edib və Ukraynaya daha çox hərbi yardım edəcəyinə söz verib.

2002-ci ildə yaradılmış BCM soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətləri araşdırır və mühakimə edir.

Ukraynada hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və ya soyqırım törətməkdə ittiham olunan istənilən Rusiya vətəndaşı Haaqa məhkəməsi qarşısında mühakimə olunmazdan əvvəl Kreml tərəfindən ekstradisiya edilməlidir.

İşğala başladıqdan sonra neçə gündür Rusiya bir neçə cəbhədə Ukraynaya hücum etsə də, Ukraynanın müqaviməti onun irəliləyişini ləngidir.

Peyk görüntüləri şəhərin şimalından 64 kilometr məsafədə Rusiya hərbi karvanının irəlilədiyini göstərdiyi üçün paytaxt Kiyevdə hava hücumu sirenləri yenidən səslənib.

Görüntüləri yayan Maxar Technologies-in məlumatına görə, karvan zirehli maşınlar, tanklar, artilleriya və logistika maşınlarından ibarətdir və Kiyevdən 30 km uzaqdadır.

Bazar ertəsi günü Rusiya və Ukrayna nümayəndə heyəti Belarus sərhəddində sülh danışıqları aparmaq üçün görüşsələr də, yaxın günlərdə yenidən görüşməkdən başqa heç bir razılıq əldə edə bilməyiblər.

Şahidlərin ifadələrinə görə, rus qoşunları cənubdakı Xerson şəhərinə qurudan hücuma başlayıb.

BMT bildirir ki, yarım milyondan çox insan Ukraynadan qaçmaq üçün evlərini tərk edib.

Kərim Xan açıqlayıb ki, onun təhqiqatı döyüşlərdən irəli gələn cinayətləri, eləcə də 2014-cü ildə Rusiyanın ilk işğalından sonra baş vermiş pozuntuları araşdıracaq.

Prokurorun işə başlaması üçün Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinin razılığı lazımdır. Hələlik o, komandasından mülki şəxslərə hücumlar kimi sui-istifadələrə dair sübutlar toplamağa başlamağı xahiş edib.

Nə Rusiya, nə də Ukrayna BCM-nin üzvü deyil, lakin Kiyev məhkəmənin yurisdiksiyasını qəbul edib.

Prezident Zelenski Qərbi həmçinin Ukrayna üzərində uçuşa qadağa zonası barədə düşünməyə çağırıb. - Vaşinqtonun indiyədək ABŞ-ın Rusiya ilə birbaşa münaqişəyə girməmək qorxusuyla indiyədək istisna etdiyi məsələni qaldırıb.

Ukryanada paytaxt Kiyevə hücuma hazırlaşan Rusiya qüvvələri

Şəklin mənbəyi, Getty Images

Rusiyanın zirehli texnika konvoyu Kiyevə doğru irəliləyir

Rusiyanın Ukraynada başlatdığı müharibənin altıncı günü peykdən çəkilən fotolarda Rusiya ordusunun Kiyevə doğru irəlilədiyi görünür. Peyk təsvirləri təxminən 65 km uzunluğunda hərbi avtomobillər və zirehli texnikadan ibarət konvoyu aşkar edib.

Şahidlərin dediyinə görə, Rusiya qoşunları Ukraynanın cənubundakı Xerson şəhərinə qurudan hücuma başlayıb. Gecədən ölkənin bütün iri şəhərlərində partlayış səsləri eşidilib.

line

BBC-nin Beynəlxalq baş müxbiri Lyse Doucet-in şərhi.

Kiyevə Rusiya hərbi karvanı yaxınlaşdıqca qorxular artır

Nəhəng Rusiya hərbi karvanının yaxınlaşmasını dünyanın seyr etməsi buna tamamilə dəhşətli bir məna yükləyib.

Dünyanın hər yerindən hamı görür ki, bu karvan yoldadır, hətta şəhərə çatmamış gücləndirildiyi barədə məlumatlar da var.

Ukraynanın digər bölgələrindən də gələn xəbərlərdə Rusiyanın "orta əsr taktikasından" istifadə edərək məskunlaşan əraziləri mühasirəyə alması, ətraf rayonları qida, su və zəruri ləvazimatlardan məhrum etməsi barədə xəbərlər bu qorxuları gücləndirir.

Bu işğal başlayanda belə bir gözlənti var idi ki, qüdrətli rus ordusunun Kiyevə girməsi bir neçə gün, hətta bir neçə saata baş verəcək.

Artıq altı gündür və Ukrayna hələ də dözür - Ukrayna ordusunun göstərdiyi müqavimətə görə dözür, Qərb silahlarından və sursatlarından istifadə edir, həm də silah götürən, məhəlli müdafiə qüvvələrinə yazılan və ön xətti qorumağa gedən vətəndaşlar tərəfindən qorunur.

Amma danmaq olmaz ki, bu konvoy yavaş-yavaş irəliləyir, getdikcə yaxınlaşır, bu da o deməkdir ki, partlayışlar getdikcə yaxınlaşır.

Partlayışlar əvvəllər, əsasən, şəhərin kənarında olurdu, dünən gecə isə o qədər yaxın idi ki, öz binamız silkələnirdi.

line

Rusiyanın hücumu nəticəsində 352 nəfər həlak olub. 1600-dən çox yaralı olduğu bildirilir. Bu günə kimi azı 14 uşaq ölüb. Ukrayna rəsmiləri rəqəmlərin arta biləcəyini ehtimal edir.

Hərbi əməliyyatların başlanmasının altıncı günü Sumi, Xarkov, Kiyev, Çerniqov və Xerson ətrafında döyüşlər davam edir. Bütün bu şəhərlər Ukraynanın nəzarəti altındadır. Donetsk vilayətində və Kaxovka bölgəsində döyüşlər davam edir.

Rusiya və Ukrayna nümayəndə heyətləri bazar ertəsi Belarus sərhəddində sülh danışıqları aparıblar, lakin yaxın günlərdə yenidən görüşmək öhdəliyindən başqa heç bir razılıq əldə edilməyib.

Ukrayna Prezidentinin sözlərinə görə, hətta sülh danışıqları davam edərkən Rusiya qoşunları Xarkov, Kiyev və Çerniqov da daxil olmaqla şəhər və qəsəbələri atəşə tutmağa davam ediblər.

Rusiya tərəfi bəyan edib ki, hücumlarda mülki obyektlər və insanlar hədəfə alınmır, ancaq Ukraynanın hərbi infrastrukturuna zərbələr endirilir.

Prezident Volodimir Zelenski Ukraynanın üzərindəki hava sahəsində uçuşa qadağan zona yaratmağa və Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmağa çağırış edib.

Zelenski Ukrayna rəsmiləri ilə birgə formal olaraq Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciəti imzalayıb. Ən azı səkkiz Aİ ölkəsi artıq Ukraynanın üzvlüklə bağlı müraciətini dəstəklədiklərini bildiriblər.

Həmçinin bax:

Ukrayna Rusiya müharibə Ukrayna-Rusiya müharibəsi Kiyev Moskva Kiyev uğrunda döyüşlər Rusiya fevralın 24-də Ukraynaya hücum edib

Şəklin mənbəyi, AZAL

176 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Bu gün Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq, AZAL 176 Azərbaycan vətəndaşını ölkəyə gətirib.

Ukraynada gedən döyüşlərə görə, bu ölkədəki azərbaycanlılar quru yolla Rumınıyaya keçib və oradan Rumıniya-Bakı reysi ilə Azərbaycana gəliblər.

Azərbaycan Hava Yolları məlumat yayıb ki, Ukraynanın hava məkanı bağlı olduğuna görə təxliyə reysləri qonşu ölkələrdən həyata keçirilir. Lakin AZAL daha hansı ölkələrdən Azərbaycana çarter uçuşları təşkil ediləcəyini açıqlamayıb.

Azərbaycan XİN məlumat yayıb ki, Ukraynada aktiv müharibə vəziyyəti ilə əlaqədar, Azərbaycan vətəndaşlarının Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldova ərazisinə keçidi davam edir.

Bəzi ölkələr vəziyyətlə əlaqədar viza tələbini və koronavirus testi nəticəsini tələb etmədən, səyahət sənədi ilə Ukraynada yaşayan xarici vətəndaşlara ölkələrinə getmək üçün öz ərazilərindən istifadə etməyə icazə veriblər.

Rusiya fevralın 24-də Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.