Ukraynadakı azərbaycanlılar ölkəni necə tərk edir?

Ukrayna

Şəklin mənbəyi, Getty Images

Rusiyanın Ukraynaya hücumunun 6-cı günündə Ukraynada yaşayan bəzi azərbaycanlıların vəziyyətilə maraqlandıq.

Danışdığımız şəxslərdən bəziləri artıq ölkədən çıxmağa nail olub, bəziləri yoldadır. Amma hələ də Ukraynanı tərk edə bilməyənlər var.

"Bomba yağdırırlar, hamı ehtiyat edir çölə çıxmağa"

Xarkovda təhsil alan azərbaycanlı Əli Yusifov deyir ki, onlar qrup şəklində olublar.

"Səfirliyimiz, nə deyim, yəqin ki, əllərindən gələni etmək istəyirdilər, ancaq nə etmək olar ki? Onları da başa düşürük. Bomba yağdırırlar, hamı ehtiyat edir çölə çıxmağa. Özləri də deyirlər ki, imkan olanda sizə yardım edə bilərik, ancaq bu dəqiqə edə bilmirik".

Əli Yusifov bir qrup tələbə ilə birlikdə Rusiyanın müdaxiləsi zamanı bir neçə gün kirayədə qaldıqları evdə qaldıqdan sonra qərara gəliblər ki, Ukraynadan çıxsınlar.

BBC müxbiri ilə müsahibəsində o, hazırda qatara mindiyini və ölkədən çıxmağa çalışdığını deyib.

"Əlimizə nə keçsə, yerə atıb yatırdıq üstündə"

Xarkovda Fövqəladə Hallar Akademiyasının kursantı Müslüm Balaməmmədov və yoldaşlarının quru yerdə uzandıqlarını göstərən fotosu bir neçə gündür ki, sosial mediada dolaşır. Onların günlərdir, Akademiyanın zirzəmisində qaldığı bildirilirdi.

İki ildir Ukraynada təhsil alan Müslüm Balaməmmədov üzləşdikləri çətinlikləri BBC News Azərbaycancaya danışıb:

"Biz Xarkovdaydıq. Atanda aşağı zirzəmiyə düşürdük, sonra da heç nə qaldıq elə sığınacaqda. Əlimizə nə keçsə, yerə atıb yatırdıq üstündə. Yataq tulumu verilməmişdi. Nə tapsaq, əlimizə nə keçsə gətirib sərirdik ki, üstündə yataq, bircə soyuq olmasın. Daha sonra akademiyanın idman zalına keçdik, ora həm bir az geniş, həm də daha isti idi o biri yerə baxanda".

Rusiyanın Ukraynaya hücumunun 6-cı günündə Xarkovdan çıxacaqları xəbərini alıblar və elə bu gün də şəhərdən çıxa biliblər.

"Mən indi qatardayam, gedirəm Polşaya. Bu gün səhər bizə konsulluqdan dedilər ki, sizi qatarla Polşaya aparacaqlar, ordan da Bakıya göndərəcəklər.

Samir Ağayev Odessada yaşayan azərbaycanlı Odessa Xarkov Kİyev azərbaycanlılar Ukraynada Rusiyanın Ukraynaya hücumu Rus-Ukrayın müharibəsi savaş

Şəklin mənbəyi, Samir Ağayev

Şəklin alt yazısı, Samir Ağayev

"Sərhədə gələnədək ümumilikdə 250-300 dollar xərcimiz çıxdı"

2017-ci ildən Ukraynanın Odessa şəhərində yaşayan 29 yaşlı Samir Ağayev deyir ki, müharibənin ilk günü şəhər bombalandıqdan sonra həyat yoldaşı ilə birlikdə oranı tərk edib.

Onun sözlərinə görə, fevralın 24-ü səhər saat 5 radələrində qaldıqları ərazinin yaxınlığına raket zərbəsi düşüb.

Yaşadıqları anları BBC News Azərbaycancaya danışan Samir Ağayev bildirib ki, şəhərə ikinci raket düşdükdən sonra qayınatasının yaşadığı, Odessadan çox da uzaq olmayan qonşu şəhərə - Mikolaivə gediblər. Lakin burada da çox qala bilməyiblər:

"3-4 gün sonra Mikolaiv şəhərinə də atmağa başladılar. Yoldaşımla qərara gəldik ki, ölkədən çıxaq".

Bazar günü Mikolaiv şəhərini tərk edən ailə çərşənbə axşamı Slovakiya ilə sərhədə çata biliblər. Müsahibimiz vurğulayıb ki, sərhədə çatanda 10 kilometrə yaxın növbə var idi. Buna baxmayaraq, o hesab edir ki, Ukraynaya qonşu olan digər ölkələrlə müqayisədə Slovakiya ilə sərhədə insan axını elə də çox deyil:

"Slovakiyanı seçməyimizin əsas səbəbi odur ki, Macarıstan, Rumıniya və Polşa sərhədlərində çoxlu adamlar var. Həmin sərhədləri keçmək üçün 3-4 gün lazım olacaq. Amma Slovakiya ilə sərhəd nisbətən daha sakitdir", - o, sözlərinə əlavə edib.

Bununla belə, Samir Ağayev Slovakiyaya gəlməyin elə də asan olmadığını bildirib. Onun sözlərinə görə, sərhədə gələrkən ən böyük problem yanacaqla bağlı olub.

O, benzin qıtlığı ilə yanaşı yanacaq qiymətlərinin də artdığını deyir.

"Sərhədə gələnədək ümumilikdə 250-300 dollar xərcimiz çıxdı. Müharibədən əvvəl isə bu yolu 75-100 dollara gəlmək mümkün idi", - Samir Ağayev qeyd edib.

O bildirir ki, Slovakiyaya keçdikdən sonra Azərbaycana gəlməyi düşünmür, müharibə bitənədək yoldaşı ilə birgə Slovakiyada qalacaq.

Vəziyyətin necə dəyişəcəyini hələlik təsəvvür edə bilməyən Samir Ağayev müharibədən sonra Odessaya qayıtmaq istədiyini bildirib.

BMT-nin bu gün açıqladığı bəyanata görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində 660 min nəfər ölkəni tərk edib. Bir milyona yaxın insan isə məcburi köçkün vəziyyətinə düşüb.

Onlar arasında qadın və uşaqlar üstünlük təşkil edir.