Osman Kavala işi: Avropa Şurasının Türkiyəyə qarşı “kənarlaşdırma proseduru” nəylə nəticələnəcək?

Şəklin mənbəyi, Getty Images
Avropa Şurası Nazirlər Komitəsi iş adamı Osman Kavalanın azadlığa buraxılmasıyla bağlı Avropa İnsan Haqları Konvensiyasının (AİHM) qərarını yerinə yetirməyən Türkiyə üçün "kənarlaşdırma proseduru"na start verib.
Beləliklə, 2010-cu ildən etibarən Azərbaycandan sonra bu prosedurun tətbiq edildiyi ikinci ölkə Türkiyə oldu. Nazirlər Komitəsindəki səsvermədə 35 ölkə "kənarlaşdırma proseduru"nun başladılmasını dəstəkləyib. Avropa Şurası yanvarın 19-na kimi Türkiyənin öz mövqeyini bildirməsini istəyir. Kavala işi üzrə növbəti məhkəmə prosesi yanvarın 17-də keçiriləcək.
Avropa Şurası Nazirlər Komitəsinin 30 noyabr-2 dekabr tarixlərində keçirilmiş iclasları haqqında rəsmi bəyanat dekabrın 3-də açıqlanıb.
Sənəddə bildirilir ki, Nazirlər Komitəsi Türkiyənin Osman Kavala işiylə bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 46-cı maddəsinin tələblərini yerinə yetirib-yetirmədiyini bu qurumdan soruşduğunu ölkə rəsmilərinin diqqətinə çatdırıb.
Bəyanatda həmçinin qeyd olunur ki, 2019-cu ilin dekabrında AİHM Kavalanın həbsini və məhkəməyə qədər həbsdə saxlanmasını onu susdurmaq və digər hüquq müdafiəçilərinin gözünü qorxutmaq kimi qiymətləndirib və Avropa Şurası (AŞ) Türkiyə hökumətini Kavalanın tezliklə azadlığa buraxılması üçün lazımi tədbirlər görməyə çağırıb. Sənəddə məhkəmənin 2020-ci ilin may ayında yekunlaşdığı və o vaxtdan etibarən məsələnin Nazirlər Komitəsinin gündəliyiinə daxil olduğu da xatırladılıb.
Bəyanatda o da vurğulanıb ki, Nazirlər Komitəsi Türkiyənin Kavala işində lazımi addımları atması üçün indiyə qədər 8 dəfə qərar çıxarıb, ancaq Türkiyə hökuməti AİHM-in bu işlə bağlı qərarını icra etməkdən boyun qaçırıb.
Kritik tarixlər: 17 və 19 yanvar
Sənəddə yazılıb ki, 2 fevral 2022-ci il tarixli iclasında Nazirlər Komitəsi Türkiyəylə bağlı kənarlaşdırma proseduru çərçivəsində AİHM-ə müraciət edəcək və ən geci 19 yanvar tarixinə qədər Türkiyə bununla bağlı mövqeyini bildirməlidir.
Kavala işi üzrə növbəti məhkəmə iclasının yanvarın 17-də keçiriləcəyinə nəzərə alan Nazirlər Komitəsi bununla Türkiyə hökumətinə kənarlaşdırma prosedurundan və bu prosesdən sonrakı mümkün sanksiyalardan yayınmaq üçün daha bir imkan yaratmış olub.
Yanvarın 17-də Türkiyə Kavalanın sərbəst buraxılmasını və ona qarşı ittihamların ləğv olunmasını təmin edərsə, kənarlaşdırma prosedurunun ikinci mərhələsinin tətbiqinə ehtiyac qalmayacaq.
Əks halda Nazirlər Komitəsi Türkiyənin mövqeyini də nəzərə alaraq əsaslandırılmış bir qərar formalaşdıracaq və səsvermə nəticəsində üçdə iki səs çoxluğu əldə edərsə, AİHM-ə rəsmi məlumat verərək prosesə start verəcək. Bəyanatda qeyd edildiyi kimi, proses fevralın 2-də canlı yayımlanacaq.

Şəklin mənbəyi, Reuters
Mümkün sanksiyalar hansılardır?
Nazirlər Komitəsi AİHM-dən "öhdəliyin yerinə yetirilmədiyi" haqda bildiriş alacağı təqdirdə Türkiyəyə qarşı tədbirləri nəzərdən keçirəcək. Onların nədən ibarət olacağı konkret bildirilməsə də, komitənin məqsədəuyğun hesab etdiyi bütün addımları atacağı bildirilir. Bunlara Türkiyənin səsvermə hüququnun və ya üzvlüyünün dayandırılması, hətta AŞ-dən xaric edilməsi daxildir.
Əvvəllər yalnız Azərbaycana tətbiq edilən, amma sanksiyalar mərhələsinə çatmamış başa çatan bu prosesin Türkiyə üçün hansı nəticələrlə bitəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Avropa Şurasının qurucu üzvlərindən olan və Avropa Birliyinə (AB) üzv olmaq istəyən Türkiyənin mövqeyi prosesin gedişini müəyyən edəcək ən mühüm faktor hesab olunur.
Azərbaycandan sonra Türkiyə
AİHK-nın 46-cı maddəsinə görə, Avropa Şurasına üzv dövlətlər AİHM-in qərarlarını icra etməyə borcludurlar. Həmin maddənin 4-cü bəndi Avropa Şurasının qərarverici orqanı olan Nazirlər Komitəsinə yekun məhkəmə qərarını icra etməyən ölkənin öz öhdəliklərini yerinə yetirib-yetirmədiyini AİHM-dən soruşmaq səlahiyyəti verir.
AİHM üzv dövlətin bu öhdəlikləri yerinə yetirmədiyi barədə məlumat verərsə, Nazirlər Komitəsi sözügedən üzv dövlətə qarşı davranışını müəyyənləşdirmək üçün yenidən toplanır və müvafiq tədbirlərlərlə bağlı müzakirələr aparır.
Kənarlaşdırma proseduru 2010-cu ildə AİHM-in 14-cü protokoluna edilən düzəlişlə Avropa Şurasının praktikasına daxil olub və o vaxtdan yalnız Azərbaycana tətbiq edilib. Türkiyə Azərbaycandan sonra bu prosedurdan keçəcək ikinci üzv dövlətdir.
İnsan haqları pozuntularına görə Türkiyəyə Avropa Şurası Parlament Assambleyasının siyasi nəzarəti də tətbiq olunub.
35 ölkə kənarlaşdırma prosedurunun tətbiqinə "hə" deyib
47 üzvü olan Avropa Şurasının qaydalarına əsasən, üzv dövlətə qarşı hüquq pozuntusu proseduruna başlamaq üçün üçdə iki səs çoxluğu lazımdır. Türkiyəylə bağlı səsvermədə 35 ölkə kənarlaşdırma prosedurunu dəstəkləyib. Onların böyük əksəriyyətinin Avropa Birliyi (AB) üzvləridir.
Türkiyə ilə birlikdə kənarlaşdırmanın əleyhinə səs verən digər iki ölkədən biri Azərbaycan, digəri isə AB üzvü olsa da, son vaxtlar insan haqları, demokratiya, qanunun aliliyi kimi mövzularda Brüsselə problemlər yaradan Macarıstandır.
Son dövrlərdə Macarıstanın Türkiyəylə əlaqələri o qədər dərinləşib ki, bu ölkə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olub.
7 ölkə bitərəf qalıb
Səsvermədə bitərəf qalan ölkələr Rusiya, Ukrayna, Gürcüstan, Serbiya, Rumıniya, Albaniya və Moldovadır. Onların arasında AB üzvü Rumıniyanın da olması diqqət çəkir. Türkiyəylə yaxın əlaqələri olan Polşa və Bosniya-Herseqovina iclasda iştirak etməməyə üstünlük veriblər. Beləliklə, 27 üzvü olan AB-nin Türkiyə ilə bağlı səsvermədə cəmi 3 itkisi olub. Türkiyəni birbaşa və ya dolayısıyla dəstəkləyən ölkələrdə insan haqları və demokratiya göstəricilərinin zəif olduğu diqqət çəkir.

Şəklin mənbəyi, DHA
Türkiyədən sürətli və sərt reaksiya
Türkiyə Avropa Şurası Nazirlər Komitəsinin qərarına dərhal və sərt reaksiya verib. Xarici İşlər Nazirliyi qərarın rəsmi şəkildə açıqlanmasını gözləmədən dekabrın 2-də axşam saatlarında ona münasibət bildirib.
Avropa Şurasını Kavala ilə bağlı qərarı davam etdirməkdən çəkinməyə çağıran Türkiyə AŞ-nin qurucu üzvü olduğunu və AİHM-dən irəli gələn məsuliyyətlərini bildiyini, 2021-ci ildə bu qurumun 128, bu günə qədərsə toplam 3674 qərarını icra etdiyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında Kavala məsələsinin daim gündəmdə saxlanması qeyri-ardıcıl yanaşma olaraq qiymətləndirilib:
"Avropa İnsan Haqları Konvensiyası sistemindəki mövcud mexanizmlərin hüquqi və ədalətli anlayışlara görə deyil, siyasi mülahizələrə əsasən müəyyən ölkələrə tətbiq edilməsi ilk növbədə Avropa Şurasının özünün nüfuzuna xələl gətirir".
"Avropa Şurasının Nazirlər Komitəsi insan hüquqları sisteminin effektivliyini qorumaq istəyirsə, tərəfkeş və seçici mövqeyindən əl çəkməli və AİHM qərarlarının icrasında bütün üzv dövlətlərə qərəzsiz yanaşma nümayiş etdirməlidir".






