Azərbaycanda hərbi helikopter qəzası: "Pilotların səhvləri ...qəzaya uğramasına səbəb olub"

Şəklin mənbəyi, Azərbaycan Dövlət Sərhəd Xidməti
Pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq,... idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub. Baş Prokurorluq bazar ertəsi noyabrın 30-da Xızıda baş vermiş helikopter qəzasının ilkin nəticələrini açıqlayıb.
Qurum bildirib ki, "qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib".
Qurum eyni zamanda "helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğramasının qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verdiyini" açıqlayıb.
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.
16 dəqiqə 59 saniyə sonra eniş etmək qərarı
Baş Prokurorluq bildirir ki, "ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilmiş, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub".
"Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər," - qurum açıqlayıb.
Baş Prokurorluq bildirib ki, "Qaraheybət" aviasiya poliqonuna doğru uçan aparıcı helikopterin ardınca təlimdə iştirak edən digər eyni tipli, 20137 bort nömrəli helikopterə ərazinin boş olub-olmaması ilə bağlı tapşırıq verilib.
"Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirmişlər. Aparıcı 20136 bort nömrəli helikopter enişə keçərkən həmin helikopterdə olan təlimatçı tərəfindən təlimə cəlb edilmiş digər eyni tipli helikopterin ekipaj heyətinə atış təliminin həyata keçiriləcəyi ərazidə heyvanların olub-olmamasının aydınlaşdırılması tapşırığı verilmişdir. Həmin helikopter verilən tapşırıq üzrə istiqamətini dəyişmədən hərəkətini davam etdirərkən aparıcı helikopterin qəzaya uğramasını müşahidə etdikdən sonra saat 10:36-da eyni koordinat üzrə uğurlu eniş etmişdir".
Qurum həmçinin "qəzaya uğramış desant-nəqliyyat tipli helikopterin 2012-ci ildə Rusiya Federasiyasının Kazan şəhərindəki zavodda istehsal olunmuş, müqavilə əsasında həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara buraxıldığını" və "texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlığın aşkar olunmadığını açıqlayıb.
"İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi ("qara qutu") ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılıb. 2020-ci ilin sentyabr ayında müvafiq təlimata uyğun olaraq helikopter texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən Rusiya Federasiyasının Saratov vilayətindəki zavoda göndərilib. 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilib.
Baş Prokurorluq hazırda cinayət işi üzrə istintaqın davam etdirildiyini bəyan edib.
Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq "Qaraheybət" təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib.
Dövlət Sərhəd Xidməti bundan əvvəl kənar müdaxilənin istisna olunduğunu deyib.
DSX qəza nəticəsində həlak olanların adlarını açıqlayıb:
- polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
- polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
- mayor Həsənov Elmir Mircəlil oğlu;
- mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
- mayor Mayılov Emil Şahid oğlu;
- mayor Məmmədov Murad Yaşar oğlu;
- mayor Əliyev Emil Elman oğlu;
- tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
- kapitan Bayramlı Cavid Əhliman oğlu;
- kapitan Əliyev Xəyyam Əlixan oğlu;
- kapitan Qaraisayev Teymur Ənvər oğlu;
- leytenant Süleymanov Abdulla Telman oğlu;
- baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
- işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar, DSX bildirib.

Şəklin mənbəyi, Dövlət Sərhəd Xidməti
"Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır", DSX rəisi bildirib.
Pilot "ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı" idi
Report agentliyi yazır ki, Elçin Quliyev helikopterin pilotunun - polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biri olduğunu deyib.
"Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb", rəsmi bildirib.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyətinin hadisə yerində olduğu, hadisə ilə əlaqədar birgə araşdırmanın aparıldığı açıqlanıb.
Baş Prokurorluq bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin "uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda" və digər maddələri ilə cinayət işi başlanıb.
Məlumatda deyilir ki, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
"Kənar müdaxilə yoxdur"
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib ki, helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir.
"Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır", o bildirib.
Onun sözlərinə görə, hadisə yerindən qara qutunun götürülməsi təmin edilib, yaralılar dindirilib, iş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən zəruri sorğular verilib.
Hərbi məsələlər üzrə şərhçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, digər qoşun növlərindən fərqli olaraq Dövlət Sərhəd Xidmətinin istifadə etdiyi texnikalar daha yeni və keyfiyyətli olur.
"Dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hətta mən özüm də o helikopterlə Zəngilana, Qubalıya getmişəm. O tip helikopterlərdən mütəmadi istifadə edirlər. Mİ-17 kifayət qədər keyfiyyətli texnikadır. Səbəblərini istintaq araşdıracaq", - Üzeyir Cəfərov deyib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Cənab Cəfərova görə qəzaya uğrayan helikopterin "qara qutu"sunun harada oxunmasına rəhbərlik qərar verəcək.
Azərbaycan Prezidenti hadisəylə bağlı həlak olanların ailələrinə başsağlığı verib.
Hadisə ilə bağlı Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Britaniyanın Azərbaycandakı səfiri James Sharp, İsrailin Azərbaycandakı səfiri Corc Dik, İranın Azərbaycandakı səfirliyi, Türkiyə səfiri Cahit Bağçı və digər Türkiyə rəsmiləri başsağlığı veriblər.

Şəklin mənbəyi, AFP
Digər xəbərlər:
Ermənistan: "Azərbaycan dekabrın 1-dək saxlanılan erməni hərbçilərlə bağlı Avropa Məhkəməsinə məlumat verməlidir"
Avropa İnsan Hüquqları Məhkəməsi rəsmi Bakıya bu il noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində saxlanılan erməni hərbçilərlə bağlı məlumatın verilməsi üçün dekabrın 1-dək vaxt verib, Azadlıq Radiosunun ermənicə xidməti bildirir.
Azərbaycanın AHİM-dəki nümayəndəsindən bu barədə məlumat əldə etmək mümkün olmayıb.
15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub.
Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.
Ermənistan əvvəlki açıqlamasında bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirmişdi. Ermənistan tərəfi "itkin" hərbçilər haqqında deyib ki, onların "taleyi məlum deyil, intensiv axtarış işləri aparılır".
Daha sonra, noyabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi açıqlamada deyib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, əsir düşmüş hərbçilərin sayı 32-yə çatır.
Azərbaycan ötən həftə noyabrın 16-da sərhəddə baş vermiş atışmalar zamanı saxlanılan bir hərbçini və yolunu azaraq Azərbaycan hərbçilərinin qulluq etdiyi əraziyə daxil olmuş bir mülki şəxsi Ermənistana təhvil verib.
Ermənistanın AİHM-dəki nümayəndəliyinin rəhbəri Liparit Drmenyan deyir ki, məhkəmə hazırda Azərbaycandan saxlanılan şəxslərin səhhəti, saxlanılma şəraiti kimi məlumatlar istəyib, bu məlumatlar təqdim olunandan sonra "məhkəmənin Azərbaycana verəcəyi göstərişlər məlum olacaq".
O bildirib ki, internetdə yayılmış videogörüntülərdən saxılanılan 27 hərbçinin kimliyini müəyyən edə biliblər.
Məsələ ilə bağlı AHİM-ə müraciət edən hüquq müdafiəçisilərindən biri Artak Zeynalyan deyib ki, erməni hərbçilərin Azərbaycanda olması onlar üçün "təhlükəlidir".
"Yaşamaq hüququnu təmin etmək və qorumaq üçün nəzərdə tutulmuş məzmunun tərkib hissəsi həm də Azərbaycanın yurisdiksiyasından geri qaytarılması, azad edilməsidir. Bu insanların həyatı təkcə erməni olduqları üçün, Ermənistan vətəndaşları olduqları üçün təhlükə altındadır. Biz onu da əsaslandırmışıq, sübut etmişik ki, şəxs milliyyətcə ermənidirsə, Azərbaycan hakimiyyətinin yurisdiksiyasında olmaq onun həyatı üçün təhlükə yaradır".









