Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri Moskvada görüşüb, Ermənistanda podpolkovnik həbs olunub

Dövlət Təhlükəsizlik Xidməti

Şəklin mənbəyi, DTX

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərləri Moskvada görüşüb, Ermənistanda 18 hərbçinin ölümündə günahlandırılan podpolkovnik həbs olunub, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarına qarşı hər hansı bir təxribat "qeydə alınmayıb", Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Xankəndi və Ağdərədə bir sıra təlim tapşırıqlarını yerinə yetiriblər, Çindən sifariş edilən Covid-19 virusunun peyvəndinin birinci hissəsi Türkiyəyə çatıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü olub, Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, qurumun rəhbəri general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiyada rəsmi səfərdə olub.

Məlumatdsa həmçniin "səfər çərçivəsində Rusiya FTX-nın direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirildiyi" bildirilir.

"Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti müzakirə olunub. Sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr də aparılıb", qurum açıqlayıb.

DTX görüşlər zamanı "eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi"nin qeyd olunduğunu bildirir.

Ermənistanda 18 hərbçinin ölümündə günahlandırılan podpolkovnik həbs olunub

erməni əsgəri

Şəklin mənbəyi, ANDREY BORODULIN/GETTY IMAGES

Ermənistanda Dağlıq Qarabağ döyüşləri zamanı səhv əmri ucbatından 18 hərbçinin ölümündə şübhəli bilinən hərbi hissələrindən birinin podpolkovnik rütbəsində komandir müavini həbs olunub. Bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti xəbər verir. Onun kimliyi açıqlanmayıb.

Məlumata görə, övladı döyüşdə həlak olan hərbçilərdən birinin atası bu barədə prokurorluğa şikayətində söyləyib.

Əsgər atası özü də şəxsi avtomobili ilə müharibəyə göndərilən oğlunun arxasınca Dağlıq Qarabağa gedib.

Onun sözlərinə görə, oktyabrın 9-da İşxanadzor (Qubadlı rayonunun Xanlıq kəndi) kəndində pilotsuz uçan aparatın səsi eşidildiyi bir vaxtda həmin komandir müavininin maşından düşən hərbçilərə maşına minib hərəkətə davam etməyə əmr verdiyinin şahidi olub.

Yola düşəndən bir neçə dəqiqə sonra hərbi avtomobil PUA atəşinə məruz qalır və orada olan 18 hərbçi həlak olur, daha bir nəfər ağır xəsarət alır.

Əldə edilmiş dəlillərə əsasən, podpolkovnikə qarşı hərbi vəziyyət şəraitində səlahiyyətlərindən sui-istifadə etmək ittihamı irəli sürülüb.

Həmin gün Sünik vilayəti ümumi yurisdiksiya məhkəməsi onun barəsində həbs qətimkan tədbirin təmin edilməsinə qərar verib.

Sergey Lavrov

Şəklin mənbəyi, Rusiya Xarici İşlər Nazirliyi / Tass

Lavrov Qarabağda Rusiya sülhməramlılarına qarşı "təxribatın olmadığını" deyib

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarına qarşı hər hansı bir təxribat qeydə alınmayıb, Rusiya xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə verdiyi müsahibəsində deyib.

O söyləyib ki, Qarabağ münaqişə zonasındakı vəziyyət "normallaşmağa meyllidir".

"Biz Bakı və Yerevanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq niyyətlərini məmnunluqla qeyd edirik. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdikləri yüksək səviyyədə əməkdaşlığı da qeyd etmək istərdim. Rusiya da öz növbəsində atəşkəsin təminatçısı funksiyasını məsuliyyətlə və effektiv şəkildə görməyə davam edir. Rus sülhməramlılarına qarşı xarakterli hərəkətlər hələ ki, qeydə alınmayıb".

Lavrov indiyədək qeydə alınan yeganə pozuntunun dekabrın 13-də olduğunu və onun Rusiya sülhməramlılarının olmadığı ərazidə baş verdiyini bildirib.

O, deyib ki, atılan addımlar və sülhməramlıların səyi nəticəsində "hadisənin böyüməsinin qarşısını almaq mümkün olub".

Həmin vaxt Xocavəndin Çaylaqqaya və Köhnə Tağlar (Xtsaberd və Hin Tağlar) kəndləri ərazisində Ermənistan və Azərbaycan hərbçiləri arasında silahlı toqquşmaların baş verdiyi bildirilmişdi.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bu ərazilərdə anti-terror əməliyyatı keçirdiyini açıqlamışdı.

Qarabağdakı döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Bu bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağda atəşkəsin qorunmasına nəzarət edirlər.

Rusiya sülhməramlıları

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Rusiyanın Qarabağdakı sülhməramlıları atəş hazırlığı dərsləri keçiblər

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları müntəzəm döyüş hazırlığı çərçivəsində Xankəndi və Ağdərə poliqonlarında bir sıra təlim tapşırıqlarını yerinə yetiriblər.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, atəş hazırlığı müddətində hərbçilər avtomat və pulemyotlardan, snayper tüfənglərindən, tank əleyhinə qumbaraatanlardan müxtəlif növ hədəflərə atəş ediblər.

Ümumilikdə 200-ə yaxın rus hərbçinin döyüş hazırlığına cəlb olunduğu qeyd olunub.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda atəşkəs barədə bəyanat imzalayıblar.

Bu bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağda atəşkəsin qorunmasına nəzarət edirlər.

Covid-19 peyvəndi

Şəklin mənbəyi, Anadolu Ajansı

Azərbaycanın da alacağı Covid-19 peyvəndi Çindən Türkiyəyə göndərilib

Çindən sifariş edilən Covid-19 peyvəndinin birinci hissəsi çərşənbə günü Türkiyəyə çatıb.

Anadolu Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya istinadən yazır ki, Azərbaycan peyvəndlənmə işlərində "Türkiyə ilə birgə hərəkət edəcək".

"Türkiyədə iki peyvəndin 3-cü mərhələsinin işləri aparılmaqdadır. Eyni vaxtda, türk alimlərin ortaya çıxardıqları peyvəndlər var. Türkiyənin seçdiyi peyvəndə etibar edirik. Biz də eyni peyvənddən almağa qərar verdik. Bu mövzuda razılaşmalar da əldə edilib. Bütün sahələrdə olduğu kimi, pandemiya ilə mübarizədə də qardaş Türkiyə ilə birgə işləyəcəyik. Türkiyə və Azərbaycan vətəndaşları eyni vaxtda peyvəndlənməyə başlayacaqlar. Ölkəmizdə peyvəndlənməyə yanvar ayının əvvəlindən başlanılmasını gözləyirik".

Onun sözlərinə görə, Azərbaycanda peyvəndlənmə işləri pulsuz aparılacaq.

Kəlbəcərin Almalıq kəndindən görüntülər paylaşılıb

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərin Almalıq kəndinin görüntülərini paylaşıb.

Kəlbəcər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılıb.