Türkiyə Prezidenti Erdoğan: "Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirik"

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Bu gün Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişinin imzalanması gözlənilir.
Bunun üçün Türkiyə Prezidenti Receb Tayyip Erdoğan çərşənbə axşamı günü Bakıya bir günlük səfərə gəlib.
Erdoğan səfərdən öncə Türkiyə mediasına açıqlamasında bildirib ki, Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirlər.
Türkiyə prezidenti deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 25 faiz artaraq 4.4 milyard dollara çatıb.
Türkiyə prezident ofisinin verdiyi xəbərə görə, Erdoğan bildirib ki, Türkiyə Azərbaycana 11 milyard dollarlıq sərmayə qoyub. Azərbaycanın Türkiyəyə qoyduğu sərmayə isə bu ilin sonuna 20 milyard dollara yaxınlaşacaq, - Erdoğan əlavə edib.
Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişinin çərşənbə axşamı günü Azərbaycan və Türkiyə arasında keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq üzrə Sammitdə imzalanması nəzərdə tutulub.
Məlumatı Türkiyənin Anadolu xəbər agentliyi yayıb.
Çərşənbə axşamı günü, həmçinin Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü gözlənilir.
Prezidentlər təkbətək görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq üzrə Sammitin 8-ci toplantısına həmsədrlik edəcəklər.
Türkiyə mediasının yazdığına görə, Azərbaycanla Türkiyə arasında müxtəlif - ticarət, idman, müdafiə və digər bir neçə sahə üzrə sazişlərin imzalanması gözlənilir.
Ərdoğanın səfərindən iki gün qabaq Türkiyə İranda kornavirusdan ölənlərin olması ilə bağlı rəsmi xəbər yayılandan sonra Azərbaycanla yeganə quru sərhədi - Naxçıvanla həmsərhəd olan Dilucu Gömrük Qapısını birtərəfli bağlayıb.









