Türkiyədə zəlzələ: ölənlərin sayı 35 nəfərə çatıb ölüb, 1000-dən çox yaralı var

Şəklin mənbəyi, Getty Images
Ötən gün Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ən azı 35 nəfər ölüb, 1607 insan insan xəsarət alıb.
Episentri Elazığın Sivrice bölgəsində olan 6,8 bal gücündə zəlzələ Malatya bölgəsində də güclü dağıntılar törədib.
Hakimiyyət Elazığda 18 adamın öldüyünü bildirib. Malatyada dörd nəfər həlak olub. Daha əvvəl Malatyanın qubernatoru 6 nəfərin öldüyünü bildirmişdi.
Zəlzələ nəticəsində çökmüş binaların dağıntıları altından 45 nəfər xilas edilib.

Şəklin mənbəyi, Anadolu Agency/Getty
Rəsmilər Elazığ və Malatyada 76 binanın dağıldığını, 645 binaya ciddi şəkildə zərər dəydiyini və 12 binanın qəzalı vəziyyətdə olduğunu açıqlayıb.
Bölgədə axtarış və xilasetmə işləri davam etdirilir, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumatda göstərilir.
Dağıntılar altında qalan insanlar axtarılır
Televiziyada dağıntılar altında qalan insanları axtarıb çıxaran xilasediciləri görmək olar.
Zəlzələdən təxminən 13 saat keçmiş binanın xarabaları altından bir qadın çıxarılıb. Deyilənə görə, o, qohumlarına mobil telefonla harada olduğunu söylədikdən sonra xilas edilib.

Şəklin mənbəyi, EPA
Lakin dağıntılar altından çıxarılan 12 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Türk Qızıl Aypara cəmiyyəti bölgəyə işçi, nəqliyyat vasitələri, səyyar mətbəx və ərzaq göndərdiyini açıqlayıb.
4000-ə yaxın əhalisi olan Sivrice Hazar gölünün sahillərində yerləşən populyar turizm mərkəzidir.

Şəklin mənbəyi, Anadolu Agency/Getty

Şəklin mənbəyi, Anadolu Agency/Getty
200-dən artıq təkrar təkan
İlk yeraltı təkan cümə günü axşam saat 20.55-də yer alıb, AFAD bildirir.
Bundan sonra daha 274 təkan qeydə alınıb.
Onlardan 12-sinin gücü 4 baldan yuxarı olub.
Zərərçəkənlər arasında "Azərbaycan vətəndaşları yoxdu"

Şəklin mənbəyi, Reuters
Təbii fəlakətdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşları olmayıb, Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.
BBC News Azərbaycancaya danışan səfirliyin nümayəndəsi deyib ki, Türkiyə tərəfindən alınan məlumata görə, zərərçəkənlərın hamısı Türkiyə vətəndaşlarıdır.
"Səfirlikdə açılan "qaynar xəttə" Azərbaycan vətəndaşlarından müraciət daxil olmayıb".
Zəlzələ Suriya, Livan və İranda da hiss olunub.
Zəlzələ bölgəsində yerləşən 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.
Həmçinin oxuyun:






