Erdoğan: "Kimsə nüvə başlıqlı raketə sahib olsun, mən yox?"

Türkiə Prezidenti Recep Tayyib Erdoğan

Şəklin mənbəyi, Getty Images

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, nüvə silahına sahib olan ölkələrin Türkiyənin nüvə silahına sahib olmasını qadağan etməsini qəbul edə bilməyəcəyini deyib.

Sivasda Orta Anadolu İqtisadi Forumunda çıxış edən Türkiyə Prezidenti "Kimlərinsə əlində nüvə başlıqlı raket var, bir deyil, iki deyil ... Ancaq mənim nüvə başlıqlı raketim olmasın! Bunu qəbul etmirəm" deyib.

Türkiyə Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınmasını 1980-ci ildə imzalayıb.

Türkiyə həm də hər cür nüvə partlayışını qadağan edən Hərtərəfli Nüvə Test Qadağası Anlaşmasını isə 1999-cu ildə imzalayıb.

Erdoğan nüvə silahları ilə bağlı açıqlamasında "Hazırda dünyada inkişaf etmiş ölkələr arasında demək olar ki, nüvə başlıqlı raketi olmayan ölkə yoxdur. Hamısının varıdır. Bircəsi indi dövlət başçısı deyil, yanına getmişdim, mənə dedi ki, "bizə belə deyirlər, əlimdə indi 7 min 500-ə qədər nüvə başlıqlı raket var, amma Rusiyanın əlində 12 min 500, Amerikanın əlində 12 min 500 - 15 min nüvə başlıqlı raket var. Mən də hazırlayacağam"" deyib.

"İndi vəziyyətə baxın, onlar harda, nə üstündə yarışır, bizə nə deyirlər? "Bax, sən qəti hazırlama" deyirlər. Bir tərəfimizdə İsrailin var və onunla qorxudur. Dəyərli bacı-qardaşlarım, biz hazırda bu işlə məşğuluq", - o əlavə edib.

Təhlilçilər İsrailin olduqca böyük nüvə ehtiyatı olan ambara sahib olduğunu deyirlər. Lakin İsrail nüvə silahı məsələsində nüvə gücünə malik olmasını nə təsdiq, nə də təkzib edir.

Prezident Erdoğan, NATO və Amerika Birləşmiş Ştatlarının xəbərdarlıqlarına rəğmən Rusiyadan S-400 havadan müdafiə sistemləri alması ilə bağlı da danışıb.

O, "S-400 hadisəsindən sonra qiyamət qopartdılar ki, "almayacaqsan". Niyə almayaq? Adı üstündə, S-400 nədir ki? Özünümüdafiə sistemidir, hücum sistemi deyil. Yəni, bizə özünümüdafiə sistemi almağa belə mane olmağa çalışırlar. Aldıq, və inşallah, aprel ayında (alqı-satqı) başa çatır" deyib.