Vanilli dondurma, kosmosa uçuşlar və “Su-57”: Putin Erdoğana başqa nə təklif edib?
Video açılmasa, bu linkə daxil olun: Putin və Erdoğan dondurma yeyir
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyanın Moskva yaxınlığındakı MAKS aviasalonunu ziyarət edib. Orda ona həm adi, həm də çox bahalı təkliflər edilib. Söhbət hansı təkliflərdən gedir və Türkiyə lideri onların hansına maraq göstərib?
1. "Su-57" və "Su-30"-da uçuş
Aviasalonda ekskursiya zamanı Erdoğan Rusiya istehsalı olan 5-ci nəsil "Su-57" qırıcısıyla maraqlanıb.
"Bu, Su-57-dir? O, artıq uçurmu?" - təyyarəyə baxış zamanı Erdoğan Rusiya prezidenti Vladimir Putindən ilk olaraq bunu soruşub. Putin "Uçur" deyib. "Onu almaq olarmı?" - Erdoğan yenə sual verib. Rusiya prezidenti "Ala bilərsiz", deyib və gülüb.
Az sonra keçirilən mətbuat konfransında Putin bildirib ki, Rusiya türkiyəli pilotların "Su-30SM"-də uçuşunu təşkil edə bilər.
Türkiyənin "Su-35" qırıcısına ciddi maraq göstərdiyini Rusiya baş nazirinin müavini Yuri Borisov da təsdiqləyib.
Amma sənaye və ticarət naziri Denis Manturov Rusiya istehsalı olan hərbi aviasiya texnikasıyla Türkiyənin hələ ki, sadəcə maraqlandığını, satış barədə danışmağın tez olduğunu qeyd edib.

Şəklin mənbəyi, Alexei Nikolsky/TASS
2. Türkiyəli astronavtın kosmosa göndərilməsi
Dövlət korporasiyası "Roskosmos"un rəhbəri Dmitri Roqozin Erdoğana türkiyəli astronavtı Beynəlxalq Kosmik Stansiyasına göndərməyi təklif edib.
"Biz sizə respublikanın yubileyi ərəfəsində Türkiyəli astronavtın kosmosa uçuşunu təklif edirik. Kosmonovtların Hazırlıq Mərkəzi bu əməkdaşlığa hazırdır" - Roqozin belə deyib.
Türkiyə lideri dərhal razılaşıb və deyib ki, bu "müqəddəs işə" qoşulmağa hazırdır.
3. "S-400"-lərin göndərilməsi
Putin Türkiyəylə müqaviləyə əsasən avqustun 27-də "S-400" zenit-raket komplekslərinin bu ölkəyə göndərildiyini açıqlayıb. Türkiyə Müdafiə Nazirliyi prosesin bir aya yekunlaşacağını bildirib.
"Almaz-Antey" konserninin direktoru Yan Novikovun sözlərinə görə, türkiyəli pilotların "S-400" qırıcılarında təlimi sentyabrın 1-dən start götürəcək və gələn il yanvar ayının 2-dək davam edəcək.
Erdoğan qeyd edib ki, "S-400"-lərin satın alınmasıyla bağlı "çoxlu şaiyə vardı", amma Türkiyə hakimiyyəti "onlara zərrə qədər də əhəmiyyət verməyib".
Erdoğan əlavə edib ki, "Biz bu məsələdə həmrəyik və bunu müdafiə sənayesinin bütün sahələrinə şamil etmək istəyirik. Bu, hərbi təyyarələrə də aid ola bilər".
Rusiya tərəfi öz növbəsində bəyan edib ki, "S-400"-lərin ilk partiyasının çatdırılması yekunlaşandan sonra Türkiyəyə növbəti partiyanı təklif etməyə hazırdır.
4. "Türk axını" üzrə qaz nəqli
Putinin sözlərinə görə, Rusiya qazının "Türk axını" kəməriylə Türkiyəyə nəqli bu ilin sonunda gerçəkləşəcək.
O əlavə edib ki, "İkinci qolunun çəkilməsi "Türk axını"nın ötürmə gücünü artıracaq, Rusiya qazı bu yeni qol vasitəsilə Türkiyə ərazisindən Avropaya nəql ediləcək".
Putin həmçinin xatırladıb ki, "Rosatom" şirkəti Türkiyənin ilk "Ağquyu" AES-ni tikir və stansiyanın ilk enerji bloku 2023-cü ildə işə salınmalıdır.
5. Voloqda dondurması
Aviasalonda gəzinti zamanı Putin türkiyəli həmkarını həm də dondurmaya qonaq etmək qərarına gəlib. Erdoğan vanilli Voloqda dondurmasını, Putinsə şokoladlı və qaymaqlı dondurma stəkanlarını seçib.
Ərdoğan ondan "Mənim əvəzimə də pulu sənmi verirsən" deyə soruşub, Putin "Əlbəttə, axı, sən qonaqsan!" deyə cavab verib.
Satıcı qız ödəniləcək məbləğin 210 rubl olduğunu bildirib. Putin ona 5 min rublluq əskinas uzadıb və sənaye və ticarət naziri Denis Manturovu nişan verərək "Pulun qalığını nazirə verin. Qoy, aviasiyanı inkişaf etdirsin" deyib.
Manturov gülüb və "əliaçıqlığınıza görə təşəkkür edirəm" deyib.






