Ermənistan məhkəməsi Yuri Xaçaturova ölkəni tərk etməyə icazə verib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov

Şəklin mənbəyi, odkb-csto.org

Şəklin alt yazısı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov

Ermənistanda, barəsində "Konstitusiya quruluşunu devirmək" ittihamı ilə istintaq müddətinə iki aylıq həbs qətimkan tədbiri qəbul edilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Moskvaya qayıdıb və vəzifəsinin icrasına başlayıb.

Yerevana şahid qismində istintaq orqanlarına ifadə vermək üçün gələn Yuri Xaçaturova iyulun 26-da "1 mart 2008-ci il" cinayət işi üzrə ittiham irəli sürülüb, lakin sabahısı gün həbs qətimkan tədbiri dəyişilib və Xaçaturov təxminən 10 min dollar məbləğində girovla azadlığa buraxılıb.

Avqustun 2-də Ermənistan Xüsusi İstintaq Xidməti Yuri Xaçaturovun Moskvaya qayıdıb öz vəzifələrini davam etmək icazəsi verildiyini bildirib.

Lakin məlumata əsasən, istintaq orqanının tələbilə Xaçaturov ifadə vermək üçün Yerevana qayıtmalıdır.

İnformasiya agentliyinin KTMT mətbuat katibi Vladimir Zeynetdinova istinadən yaydığı məlumata görə, KTMT baş katibi Yuri Xaçaturov avqustun 4-də Moskvaya qayıdıb və vəzifəsinin icrasına başlayıb.

Ermənistanda sabiq prezident Robert Koçaryan, sabiq müdafiə haziri Mikayel Harutyunov və sabiq silahlı qüvvələrin baş qərargah rəisi Yuri Xaçaturova qarşı cinayət işlərinin [1 mart 2008-ci il cinayət işi üzrə] qaldırılması ilə bağlı Rusiya rəsmən narahatlığını izhar etmişdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanda "son günlər baş verən" hadisələrlə bağlı yeni Ermənistan rəhbərliyi tərəfindən "öz sələflərinə qarşı siyasi motivlərlə təqiblər təşkil etmək niyyətində olmadığına dair yaxın keçmişdə etdiyi bəyanatlarına zidd" olduğunu bildirib və bəyan edib ki, Ermənistanda "baş verənlər, MDB məkanında, o cümlədən Ermənistanın da üzv olduğu, təşkilatların normal fəaliyyəti baxımından" Rusiyanı "narahat etməyə bilməz".