Ermənistan: sabiq prezident Robert Koçaryan ifadə verməyə çağrılıb, Serj Sarkisyanın qardaşı saxlanıb

Şəklin mənbəyi, sut.am
Ermənistanın sabiq prezidenti Robert Koçaryan dindirilmək üçün Xüsusi İstintaq Xidmətinə (XİX) çağrılıb.
Çərşənbə günü Yerevanda brifinq zamanı XİX-in rəisi Sasun Xaçatryan bəyan edib ki, Koçaryan "hələ ki" 2008-ci il 1 mart iğtişaşlarındakı ölüm halları ilə bağlı cinayət işləri üzrə "şahid qismində dəvət olunur".
2008-ci ilin 1 və 2 mart hadisələri zamanı Serj Sarkisyanın prezident seçkilərində qələbəsinin saxtakarlıqla əldə edildiyini iddia edən fasiləsiz kütləvi etiraz aksiya iştirakçılarına qarşı güc strukturlarının əməliyyatları nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, iki yüzdən çoxu xəsarət almışdı. Koçaryan 1998-2008-ci illərdə ölkə prezidenti kimi Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı olub. Bu günədək həmin hadisələrin günahkarları məsuliyyətə cəlb edilməyib.
"1 mart" cinayət işi üzrə həmin dövrdə Ermənistan müdafiə naziri vəzifəsini tutan Mikayel Harutyunyan barəsində axtarış elan edilib. O, ölkə dövlət quruluşunu devirmək cəhdində və mitinq iştirakçılarına qarşı qanunsuz olaraq güc tətbiq etməkdə şübhəli bilinir.
Həmin hadisələrin fəal iştirakçısı olan və Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası hakimiyyəti tərəfindən iğtişaşlar təşkil etmək ittihamı ilə 2010-cu ildə 7 il həbsə məhkum edilib, 2011-ci ildə amnistiya nəticəsində azadlığa çıxmış Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan insan tələfatına səbəb olmuş bu hadisənin tam araşdırılmasına dair "ictimai tələbin" yerinə yetirilməsini vəd edib.

Şəklin mənbəyi, iravaban.net
Sarkisyan ailəsinin işləri
Çərşənbə günü səhərdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Serj Sarkisyanın ortancıl qardaşı, ictimaiyyətdə daha çox "Saşik" kimi tanınan, Aleksandr Sarkisyanın Yerevandakı evində 9 saatadək davam edən "xüsusi əməliyyat"dan sonra Aleksandr Sarkisyanı və onun oğlu Hayk Sarkisyanı özləri ilə aparıblar. Jurnalistlərin suallarına MTX əməkdaşları cavab verməyib, MTX-nın mətbuat katibi Samson Qalstyan isə əməliyyat barədə xüsusi bəyanat veriləcəyini və Xidmətin rəsmi internet saytında əməliyyatın videosunun yerləşdiriləcəyini bildirib.
Axtarışdan sonra MTX əməkdaşları öz minik maşınlarına müəyyən əşyalar da yükləyiblər.
62 yaşlı Saşik Sarkisyan ötən həftə də polis tərəfindən saxlanılmış və bir neçə saatdan sonra buraxılmışdı. Sonradan Ermənistan polis rəisi Valeri Osipyan jurnalistlərə demişdi ki, sabiq prezidentin qardaşı qeyri-qanuni silah saxlamaqda şübhəli bilinib, lakin onun üstündəki silah qanuni olub.
Saşik Sarkisyan 2003-2011-ci illərdə Ermənistan Milli Məclisin üzvü olub. Mətbuatda onun müxtəlif bizneslərə sahib və ya bir çox başqalarının biznesində şərik olduğu bildirilir.
Saşik Sarkisyanın evində keçirilən axtarışdan sonra onun 34 yaşlı oğlu Hayk da MTX tərəfindən saxlanılıb.
Sabiq prezident və baş nazir Serj Sarkisyanın qardaşı oğlu Hayk Sarkisyanın həbsi 11 il əvvəl onun barəsində xitam verilmiş cinayət işinin yenidən bərpa edilməsi ilə bağlıdır, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirir.
Məlumata görə, Hayk Sarkisyana qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahla yaralanması ilə bağlı ittiham irəli sürülüb. Bu fakt üzrə o zaman Ğevondyan adlı bir şəxs tapança ilə rəftar edə bilmədiyinə görə, təsadüfən David Simonyanı yaraldığını etiraf etmişdi. Lakin tərəflərin razılığa gəldiyinə görə, cinayət işi bağlanmışdı.
İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə bağlı əldə edilən "yeni faktlar", David Simanyana ehtiyatsızlıq səbəbindən deyil, onu öldürmək məqsədilə atəş nəticəsində yaralandığı bildirilir.
İstintaqa əsasən, atəş açan 1984-cü təvəllüdlü Yerevan sakini Hayk Sarkisyan olub. Hayk Sarkisyan sabiq Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı oğludur. Ona qarşı qətl cəhdi maddəsi ilə cinayət işi qaldırılıb, istintaq davam edir, İstintaq Komitəsinin məlumatında deyilir.

Şəklin mənbəyi, president.am
Serj Sarkisyanın kiçik qardaşı Levon Sarkisyanın ailəsi isə təxminən 7 milyon dollar mənimsəməkdə şübhəli bilinir.
Ermənistan Dövlət Gəlirlər Komitəsinin məlumatına görə, 59 yaşlı Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qeyri-qanuni varlanmaq və mülkiyyət haqqında deklarasiya verməkdən yayınmaqda ittiham olunurlar.
Narek Sarkisyanın mənzilində axtarış nəticəsində Levon Sarkisyan və onun övladları Narek və Aninin adlarına 6,8 milyon dollarlıq bank əmanəti haqqında sənədlər aşkar edilib, rəsmilər bildiriblər.
Fakt üzrə cinayət işi qaldırılıb.
Levon Sarkisyan 1998-ci ildən bir sıra ərəb ölkələrində, o cümlədən, İordaniya, Tunis və Suriyada səfir olub. 2010-cu ildən o, xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.






