İraqdan xilas edilmiş qız Dağıstanda 4 il yarım cəza aldı

Dağıstan

Şəklin mənbəyi, ZUBAIR BAYRAKOV/TASS

Şəklin alt yazısı, Suriyadan geri qayıdan Çeçenistan vətəndaşı evə buraxılan zaman, dağıstanlı qadınlar Qroznı hava limanın çıxışında həbs ediliblər

Dağıstanda fəaliyyəti Rusiyada qadağan edilən, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın bir qədər əvvəl nəzarətindəki ərazidən vətənə dönən 26 yaşlı qız 4 il 4 ay həbs cəzasına məhkum edilib.

Hökmü Dağıstanın Xasavyurd şəhər məhkəməsi verib.

Bu günlərdə Rusiya kütləvi informasiya vasitələrində adı çəkilməyən mənbəyə istinadən Naidə Şeyx-Əhmədovanın 12 il həbs cəzasına məhkum edilməsini təsdiqləyən məlumatlar yayılıb.

Lakin məhkəmə BBC-nin rusca xidmətinə açıqlamasında bu məlumatları təkzib edərək, onun daha az müddətə azadlıqdan məhrum olunduğunu bildirib.

Məhkəmə ilkin olaraq onun 4 il 4 ay azadlıqdan məhrum edildiyini bildirib.

Lakin sonradan zəng vuran məhkəmə dəqiqləşdirib ki, burada söhbət 26 yaşlı qızın azadlıqdan məhrum edilməsindən deyil, azadlığının məhdudlaşdırılmasından gedir. Bu cəzanın daha yumşaq formasıdır.

"Bu, Şeyx-Əhmədovanın uşağı 14 yaşına çatana qədər hökmün təxirə salınmasını nəzərdə tutur ", - deyə məhkəmədən əlavə edilib.

Bu isə o deməkdir ki, hökmün icrası 10 ildən tez həyata keçirilməyəcək.

Məhkəmə Naidə Şeyx-Əhmədovanı qeyri-qanuni silahlı qruplaşmaya qatılmaqda müqəssir elan edib. Lakin hökm hələ ki, qanuni qüvvəyə minməyib. Çünki qərarla bağlı apellyasiya vermək müddəti hələ bitməyib.

BBC-nin məlumatına görə, prokurorluq bu hüquqdan istifadə etmək niyyətindədir.

Hazırda qadın ev dustağıdır. Naidə Şeyx-Əhmədova İraqdan Qroznıya xilas edilərək xüsusi yolla gətirilən qadın və uşaqların arasında olub. Bu məlumatı BBC rusca xidmətinə açıqlamasında qızın atası Salatgir Şeyx-Əhmədov deyib.

"Qızım Suriyaya getmişdi. Onu buraxan zaman o, vaxtında geri qayıda bilməyib və bunlar baş verib. Orada 3-4 il qalıb. Gah ordaydı, gah burda. Çeçenistan başçısı Ramzan Kadırovun sayəsində o, geri qayıtdı ", - deyə qızın atası bildirib.

Onun sözlərinə görə, Şeyx-Əhmədova hələ Dağıstanda olarkən ailə qurub. İD-yə isə "kommersiya ilə məşğul olan" ərinin arxasıyca gedib.

"O, mənimlə deyil, digər qohumlarla əlaqə saxlayıb. Biz onun qayıtmasına görə narahat idik ", - Şeyx-Əhmədov danışıb.

Videonun alt yazısı, BBC yeniyetmə yaşlarında olan İŞİD qrupunun bəzi keçmiş üzvlərini Avropada aşkar edib.

Bu, İD-dən xilas edilən və məhkəmə qarşısında dayanan qadınlarla bağlı ilk hadisə deyil.

Ötən ilin dekabr ayında BBC rusca xidməti Dağıstan məhkəməsinin istintaqın versiyasına görə, 2014-cü ildə Suriyada olan 33 yaşlı Zagidat Abakarovaya qarşı cinayət işini araşdırdığını yazmışdı.

İttihamnamədə qeyd edildiyinə görə, qadın "yemək hazırlanması, ərzaqların alınması, paltar yumaq və paltar tikmək kimi müxtəlif işləri yerinə yetirib".

Qadının anasının sözlərinə görə, Zagidat Abakarova ərinin arxasınca Suriyaya gedib, harda olduğunu başa düşəndə özünün və uşaqlarının həyatını təhlükəyə atmaqdan çəkinərək oradan müstəqil şəkildə çıxa bilməyib.

Abakarova ötən ilin avqust ayında İD-nin nəzarətində olan ərazilərdən Rusiyaya geri qaytarılan qadınların arasında olub.

Oktyabr ayında respublikaya gətirilən Zagidat təyyarə eniş etdikdən bir neçə saat sonra Qroznı hava limanında Dağıstan hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi.

Mahaçqala təcridxanasında həmçininin Zadigat Abakarova ilə bir təyyarədə Rusiyaya qayıdan Müslimat Qurbanova da saxlanır.

Bir neçə Dağıstan vətəndaşı ev dustağıdır. Rusiyalı qadınların geri qaytarılması məsələsiylə Çeçenistanın Yaxın Şərqdəki nümayəndəsi Ziyad Sabsabi məşğul olur.

Çeçenistan prezidenti Ramzan Kadırov bu prosessə nəzarət edir.