"Azərbaycan ərazisindən İrana qarşı addım atılmayıb", Bakının Səhiyyə İdarəsi sakinlərə müraciət edib, Qızılağac qoruğunda yanğın - icmal

Müdafiə Nazirliyi "indiyədək Azərbaycan ərazisindən İrana qarşı addım atılmadığını" deyir, Qızılağac qoruğunda yanğın, Səhiyyə Nazirliyi Bakı sakinlərinə müraciət edib, tanınmış bəstəkar Ennio Morriсone vəfat edib, məşhur realiti-şou ulduzu Kim Kardaşyanın əri repçi Kanye West ABŞ-da keçiriləcək prezidentlik seçkisində namizəd olacağını açıqlayıb. Demokratiya tərəfdarı olan şəxslərdən bəhs edən kitablar yeni mübahisəli təhlükəsizlik qanununa görə Hong Kong-un ictimai kitabxanalarından götürülüb, - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.

"Azərbaycan ərazisindən indiyədək İrana qarşı addım atılmayıb"

Müdafiə Nazirliyi, bina

Şəklin mənbəyi, Azertag

Azərbaycan "öz ərazisindən İrana qarşı istifadə olunması" iddialarını rədd edib.

Müdafiə Nazirliyi bildirib ki, "Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq".

Nazirlik bu məlumatı Moskvada mənzilləndiyini bildirən rusdilli xəbər saytlarının birində "İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın "Konteyner" RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri" barədə iddialara cavab olaraq açıqladığını bildirib.

"Biz bunu təkzib edirik", MN-nin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib.

MN-in açıqlamasında həmçinin bildirib ki, "ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır".

"Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil", nazirlik bildirib.

Qızılağac qoruğunda yanğın

Qızılağac qoruğu, yanğın

Şəklin mənbəyi, Eco.gov.az

Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) bu yanğın barədə axşam saat 6-da məlumat yayıb.

İlkin hesablamalara görə, yanğın 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

Yanğın Lənkəran rayonunun Balıqçılar qəsəbəsində bir taxıl zəmisində başlayıb və külək nəticəsində Milli Parkın ərazisinə keçib.

Səhiyyə Nazirliyi: Poliklinikalara "getməzdən əvvəl zəng edin"

Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlara məsləhət görüb ki, ilkin məsləhət və müayinə üçün poliklinikalara getməzdən əvvəl, sahə həkimləri ilə telefon zəngi vasitəsilə əlaqə saxlasınlar.

Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova yerli mediaya bildirib ki, son həftə ərzində müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər.

Nazirlik Bakı şəhəri üzrə 87 poliklinanın nömrələrini saytında paylaşıb.

Ennio Morriсone vəfat edib

Ennio Mariconne

Şəklin mənbəyi, EPA

Oscar mükafatçısı olan italiyalı kino bəstəkarı Ennio Morricone 91 yaşında xəstəxanada vəfat edib.

İtaliyanın Ansa xəbər agentliyinin məlumatına əsasən, o, bir neçə gün əvvəl yıxılaraq bud sümüyünü qırdıqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Ennio Morricone-nin musiqi bəstələdiyi filmləri arasında, o cümlədən Clint Eastwood-u kinoulduz etmiş vestern filmləri də var.

Məhsuldarlığı ilə fərqlənən bəstəkar həmçinin "Bir dəfə Amerikada", "Toxunulmazlar" və "Paradizo kinoteatrı" kimi filmlərə musiqi yazıb.

2007-ci ildə Morricone fəxri Oskar mükafatına layiq görülüb.

2016-cı ildə Quentin Tarantino-nun "Mənfur səkkizlər" filmi üçün yazdığı musiqiyə görə o, yenidən Oskar mükafatına layiq görülüb.

Doğma Roma şəhərində sadəcə "Maestro" adıyla tanınan Morricone 70 il ərzində 500-dən çox filmə musiqi yazıb.

Kim Kardashian-ın əri ABŞ prezidenti olmaq istəyir?

Kim Kardashian ve Kanye West

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kim Kardashian ve Kanye West

Amerikalı repçi Kanye West ABŞ-da keçiriləcək prezidentlik seçkisində namizəd olacağını açıqlayıb. O bunu Twitter'də paylaşıb.

Kanye West-in həyat yoldaşı Kim Kardashian və biznesmen Elon Musk onun namizədliyini dəstəkləyib.

Ancak West-in namizədlik məsələsində zarafat etdiyi, yoxsa bu ciddi söylədiyi bəlli deyil.

Noyabrda gözlənən seçki üçün qeydiyyat aparan Federal Seçki Komissiyasında onun adı tapılmayıb.

Adının seçki bülleteninə düşməsi üçün West-in müəyyən sayda şəxsdən dəstək alması və müəyyən tarixlərdə əyalətlərdə qeydiyyatını aparması lazımdır.

Bəzi böyük ştatlarda bu tarixin artıq keçdiyi, ancaq bir çoxunda hələ qeydiyyatın açıq olduğu bildirilir.

Hong-Kong kitabxanalarında demokratiyaya aid kitablar "götürülüb"

Hong-Kongda kitabxana

Şəklin mənbəyi, AFP

Demokratiya tərəfdarı olan şəxslərdən bəhs edən kitablar yeni mübahisəli təhlükəsizlik qanununa görə Hong Kong-un ictimai kitabxanalarından götürülüb.

Kitabxananı idarə edən qurumun açıqlamasına görə, bu kitabların yeni qanunu pozub-pozmadığı araşdırılacaq.

Qanunvericilik seperatizm, dağıdıcı fəaliyyət və terrorizmi hədəfləyir .

Tənqidçilər hesab edirlər ki, bu yeni Çin qanuni ölkənin azadlıqlarını pozur, rəsmi Pekin isə bunu təkzib edir.

Hong Kong 1997-ci ildə azı 50 il "bir ölkə iki sistem" razılaşması ilə Britaniyadan Çinə verilib. Bu yeni qanun qüvvəyə minəndən sonra bəzi demokratiya tərəfdarı olan fəallar ölkədən getməli olub.

Azı 9 kitab uyğunsuz sayılıb və ya "yenidən nəzərdən keçirilməyə" götürülüb, Cənubi Çin Morning Post qəzeti yazıb. Onların arasında demokratiya tərəfdarı olan ictimai fəal Joshua Wong və siyasətçi Tanya Chan-ın da kitabları var.

Pekin yeni qanunvericiliklə bağlı tənqidləri əsassız sayıb, bildirib ki, bu qanun 2019-cu ildə Hong Kong-da baş vermiş və polislə etirazçılar arasında toqquşmalara səbəb olmuş kütləvi aksiyaları dayandırmaq üçün vacibdir.

Yeni təhlükəsizlik qanunu imkan verir ki, Pekin Hong Kong-da əvvəllər heç yaşanmayan həyat formalaşdırsın.

O cümlədən, yeni qanun qapalı məhkəmələrə, şübhəli şəxslərin Çində mühakimə olunmasına imkan yaradır.