Dünyanın ən gənc milyarderi Kylie Jenner kimdir?

Şəklin mənbəyi, Getty Images
"Forbes" jurnalının hazırladığı milyarderlər siyahısına görə, dünyanın ən gənc milyarderi Kylie - Kardashian ailəsinin ən gənc üzvüdür.
21 yaşlı Kylie Jenner milyardlarını özünün kosmetika şirkəti sayəsində qazanıb.
Beləliklə, bu məşhur qız 23 yaşında milyarder olmuş "Facebook" qurucusu Mark Zuckerberg-i taxtından endirib.
Təxminlərə görə, Kylie Jenner-in öz adını verdiyi kosmetika brendinin məhsulları keçən il 360 milyon dollar civarında gəlir gətirib.
Kylie şirkətini 4 il əvvəl qurub.
Jenner "Forbes" jurnalına verdiyi açıqlamada deyib ki, bu işə başlayanda heç bir gözləntisi olmayıb, varlanmağı planlaşdırmayıb: "Amma (qabiliyyətimin təsdiqi) gözəl duyğudur. İnsanların təqdirini görmək xoşdur".
Bəs, Kylie Jenner necə varlanıb?
Kosmetika brendi
Dodaqları nazik olduğu üçün natamamlıq kompleksi keçirdiyini etiraf edən Jenner 2015-ci ildə "Kylie Cosmetics" brendini yaradıb.
Onun məhsulları internetdə digər məşhur brendlərdən qat-qat çox diqqət çəkib.
Kylie-nin məhsulları o qədər populyarlaşıb ki, tezliklə hamısı satılıb qurtarıb.
Nə də olsa, Kylie Jenner bir sosial media dahisidir, axı.

Şəklin mənbəyi, Getty Images
Şirkətin əsas hədəf kütləsi "İnstaqram"dakı 18-34 yaş aralığındakı 128 milyon izləyicisidir.
Xərci az, gəliri çox
Şirkətin xərcləri gəlirlərindən xeyli azdır - "Forbes" jurnalı bu xəbəri keçənilki nömrələrin birinin üz qabığında dərc etmişdi.
Bunun səbəbi məhsulların internet üzərindən satılmasıdır.
Əməliyyatlara və istehsala başqa insanlar nəzarət edir.
Jenner son dərəcə məşhur sosial media fenomeni olduğu üçün marketinqə, demək olar ki, qəpik-quruş xərcləyir.
Kris Jenner - həm ana, həm menecer
Kris Jenner həm ana, həm də fövqəladə qabiliyyətə malik menecer olaraq övladlarının maliyyə işlərini idarə edir.
Ailəsi məhz onun sayəsində nəhəng biznes imperiyaya çevrilib.
Gəlirin 10 faizi həcmində qonorar alan Kris Jenner maliyyə məsələlərindən tutmuş ictimaiyyətlə əlaqələrə qədər bir xeyli işi təkbaşına görür.
Kylie Jenner-in bazara çıxardığı dodaq boyasının dərhal satılması Krisə bu sahədə iş fürsəti olduğunu nişan verib.
"Shopify" adlı platformadan istifadə edən menecer ana "Kylie Cosmetics"-in daha geniş satış meydanına çıxmasına şərait yaradıb.

Şəklin mənbəyi, Getty Images
"Kylie varlı ailədə doğulub"
"Forbes" jurnalının Kylie Jenner-i gənc yaşda öz bacarığıyla milyarder olmuş biri kimi tanıtması sosial mediada fərqli şərhlərə səbəb olub.
Xeyli sayda sosial media istifadəçisi Jenner-in əvvəldən varlı olduğunu yazaraq buna etiraz edib.
Kylie məşhurluğuyla hamının tanıdığı bir ailədə dünyaya gəlib.
Bu ailə 10 ildir ki, populyar mədəniyyətin diqqət mərkəzindədir, xüsusilə də televiziyada "Keeping up with the Kardashians" (Kardashian-larla ayaqlaşmaq) şousu göstərilməyə başlayandan bəri.
Kardashian və Jenner-lər ailəsi kosmetikadan tutmuş geyim sektoruna qədər bir çox sahədə fəaliyyət göstərir.
Kylie Jenner 10 yaşından etibarən televiziya proqramlarında iştirak edir.
Kim Kardashian bacısını müdafiə edərək deyib ki, o, valideynlərindən məsləhətdən başqa bir şey almayıb.





