ABŞ-da vətəndaşlar komendant saatına məhəl qoymadan etiraza davam edir, Britaniya Hong-Kong əhalisinə verdiyi pasportu yeniləyir, Hindistan güclü fırtına ilə üz-üzədir

Şəklin mənbəyi, EPA
ABŞ-da etirazlar daha da böyüyür, lakin şiddətin səviyyəsi düşür
On minlərlə insan polis nəzarətində olan ABŞ-ın bəzi şəhər və əyalətlərində baş vermiş zorakılıq və talandan sonra tətbiq olunan komendant saatlarına məhəl qoymadan dinc etirazlara davam edib. Etirazlar afroamerikalı Corc Floydun ölümündən sonra səkkizinci gecədir ki, keçirilir.
Floydun qohumlarının da qatıldığı ən böyük etirazlardan biri onun vətəni Texas ştatındakı Hyuston şəhərində baş tutub.
Washington-un mərkəzində polis gecə nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Hərbiçilər yenidən paytaxt küçələrində mövqe tutub, vertolyotlar Ağ Evə doğru istiqamətlənmiş etirazçıların başı üzərində dövrə vurub.
Nümayişçilər küçələrə "yalnız polisin George Floyda qarşı olan davranışına qarşı yox, ümumilikdə bütün qara amerikalılara qarşı vəhşiliyini" daha geniş şəkildə qınamaq üçün çıxdıqlarını bildirir.
ABŞ-ın 29 ştatında ümumilikdə 18 min hərbçi etirazları yatırtmaq üçün polislə birgə işləyir.
Times: Hong Kong əhalisi Britaniya pasportlarını yeniləyir

Şəklin mənbəyi, Reuters
Times qəzetinin yazdığına görə, Pekinin Hong Kongla bağlı siyasətini sərtləşdirməsindən sonra Britaniya pasportlarını yeniləməyə başlayan şəhər sakinlərinin sayı kəskin artıb.
Bu gün Hong Kongun 350 min əhalisinin Britaniya Milli Xarici pasportu var.
Baş nazir Boris Johnson Times qəzetindəki yazısında Pekinin Hong Kongda qanunları sərtləşdirəcəyi və vətəndaş azadlıqlarını pozmağa davam edəcəyi təqdirdə bu sahədə köklü addımlardan birini atmağa və 2.85 milyon Hong Kong əhalisinə Britaniya vətəndaşlığı verməyə hazır olduğunu bildirib.
Britaniya Mİlli Xarici pasportu 1987-ci ildə Hong Kong sakinləri üçün xüsusi olaraq təqdim edilib. Honkonq 1997-ci ildə Çinin nəzarətinə keçdikdən sonra 2006-cı ilin sonuna qədər Britaniya Hong Kong əhalisinə təxminən 800 min belə pasport verib. Bu pasport çox ölkəyə vizasız giriş, həmçinin İngiltərədə vizasız bir il qalmaq hüququ verir.
Güclü fırtına Hindistana yaxınlaşır

Şəklin mənbəyi, AFP
Güclü tropik fırtına - Nisagra Hindistanın Maharashtra və Gujarat ştatlarının qərb okean sahilinə yaxınlaşır. Çərşənbə günü günortadan sonra saatda 100 kilometrdən çox sürətlə yaxınlaşan fırtına siklona çevrilərək Mumbai sahillərinə çırpıla bilər.
Mumbay və qonşu ərazilər yüksək hazırlıq vəziyyətindədir, çünki hündürlüyü iki metrə çatan fırtına dalğası aşağı yataqlı sahil ərazilərini su altında qoya bilər.

Şəklin mənbəyi, Getty İmages
Rusiyanın sammitə qayıtmasına qarşı etiraz
G7 sammitində Rusiyanın iştirakı ilə bağlı ABŞ-ın təşəbbüsü Kanada və Britaniyanın etirazına tuş gəlib.
Qüdrətli dövlətlərin sammiti iyun ayında keçməli idi. Lakin zirvə görüşünə ev sahibliyi edən ABŞ onu sentyabr ayına qədər təxirə salıb.
ABŞ prezidenti Donald Trump-ın fikrincə, G7 formatı köhnəlib və zirvə görüşündə Rusiya ilə Hindistan kimi ölkələr də təmsil olunmalıdır.
Bazar günü ABŞ və Rusiya liderləri arasında telefon söhbəti vaxtı Moskvanın iştirakı müzakirə olunan mövzular arasında olub, Ağ Ev bildirir.
Britaniya hökuməti Rusiyanın G7-yə üzvlüyünün bərpasını dəstəkləmir, Baş nazir Boris Johnson-un nümayəndəsi bazar ertəsi deyib. Bununla yanaşı, o əlavə edib ki, zirvə toplantısına ev sahibliyi edən ölkə, qonaqları müəyyən etmək hüququna malikdir.
"Rusiya bir neçə il əvvəl Krıma hücum etdikdən sonra G7-dən çıxarıldı" və beynəlxalq "qaydalara hörmətsizlik" onun G7 xaricində qalmasına səbəb olub, Kanadanın Baş naziri Justin Trudeau, mətbuat konfransında bəyan edib.
İsrail polisi tərəfindən güllələnən autist fələstinlinin dəfninə izdiham qatılır

Şəklin mənbəyi, REUTERS
Şənbə günü İsrail polisi tərəfindən öldürülən fələstinli autist kişinin dəfn mərasiminə yüzlərlə insan qatılıb. 32 yaşlı İyad Halaq işğal altındakı Şərqi Qüdsdə (Şərqi Yerusəlim) xüsusi ehtiyacları olanlar üçün təhsil müəssisəsinə gedərkən öldürülüb.
Polis deyir ki, onlar dayanmaq əmrinə məhəl qoymayan şübhəliyə atəş açıblar. Daha sonra onun silahsız olduğu məlum olub. İsrailin Müdafiə naziri Benny Gantz atışma ilə bağlı təəssüfləndiyini bildirib.
May ayında İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı Qərb sahilin bir hissəsini ilhaq etmək planlarının gerçəkləşdirilməsi barədə danışıb. Buna cavab olaraq, Fələstin rəhbərliyi İsrail və ABŞ-la mövcud razılaşmalara dair öz öhdəliklərindən azad olduğunu bəyan edib.
Bundan sonra tərəflər arasında gərginlik daha da artıb.
Qüds də daxil bir neçə şəhərdə, Halaqın öldürülməsinə qarşı fələstin və israillilərin ortaq etiraz aksiyaları keçirilib. Bəziləri "İyad üçün ədalət!" və "Fələstinlilərin həyatı önəmlidir!" şüarlarını qaldırıblar.

Şəklin mənbəyi, GERARDO CEBALLOS
Heyvanların kütləvi məhvi “sivilizasiyaya həyati təhlükədir”
İnsanın təsiri nəticəsində yüzlərlə heyvan növü nəsli tükənmə həddinə çatıb, son araşdırmada göstərilir.
Alimlər deyirlər ki, bu, dünyada altıncı kütləvi məhv olma mərhələsinin hökm sürdüyünü təsdiqləyir və heyvanların sayının azalması, demək olar ki, bütün hallarda insan fəaliyyəti ilə bağlıdır.
Tədqiqata əsasən, 500-yə yaxın heyvan növü tükənmə həddinə çatıb və canlı aləmin kütləvi şəkildə yoxa çıxması normal templəri 100 dəfə üstələyən sürətlə irəliləyir. Araşdırmanın müəlliflərinə əsasən, nəsli kəsilmə böhranı iqlim dəyişməsi və ətraf mühitin çirklənməsi ilə yanaşı, bütün sivilizasiyaya həyati təhlükə törədir.
Mexiko Milli Universitetinin professoru Gerardo Ceballos ekosistemlərin tənəzzüllə üz-üzə olduğunu deyib. "Biz altıncı kütləvi yox olma mərhələsinə qədəm qoyduq,” - BBC News-a danışan alim deyib. Onun sözlərinə görə, nəsli kəsilmə böhranı o qədər acınacaqlıdır ki, yaxın 10 ildən 50 ilədək atılan addımlar bəşəriyyətin gələcəyini müəyyən etmiş olacaq.
Araşdırmanın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Britaniyada ən günəşli may rekordu

Şəklin mənbəyi, Getty Images
May ayı üçün qeyri-adi günəşli günlərin sayı britaniyalıları sevindirib.
Britaniya Meteoroloji Xidmətinin məlumatına görə, may ayı ərzində Britaniya səması 266 saat ərzində buludsuz olub ki, bu, müvafiq statistika baxımından rekord göstərici sayılır.
İndiyədək, ən günəşli may rekordu 1957-ci ilə aid idi. O zaman günəş maneəsiz olaraq, 265 saat boyunca işıq saçıb.
Maraqlıdır ki, günəşli may yağmurlu keçən qış və rekord yağışları ilə seçilən fevral ayından sonra baş tutur, meteoroloqlar deyir.





