İran Qasım Süleymaninin qətlinə görə Trump-ın həbsini istəyir

Şəklin mənbəyi, Reuters
İran yanvar ayında İnqilab Keşikçilərinin Qüds qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin İraqda öldürülməsi ilə əlaqədar ABŞ Prezidenti Donald Trump üçün həbs qərarı çıxarıb.
Tehran prokuroru Əli Alqasimehr cənab Trump və 35 nəfərin qətl və terror ittihamları ilə üzləşdiklərini və İnterpoldan onların həbsi üçün kömək istədiklərini bildirib.
Ancaq İnterpol İranın tələbini nəzərə almayacağını bəyan edib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi orderin heç kimin ciddiyə almayacağı təbliğat dayağı olduğunu deyib.
"İsna" agentliyinin xəbərinə görə, İranın Xarici İşlər Nazirinin müavini Möhsün Baharvand bu ölkənin məhkəmə orqanlarının general Süleymaniyə qarşı təşkil olunmuş hücumda məsuliyyət daşıyanlar barədə tezliklə ittiham aktı çıxarılacağını və pilotsuz təyyarənin operatorlarını müəyyənləşdirməyə ümid etdiklərini bildirib.
"İran bu insanlar məsuliyyətə cəlb olunana qədər səylərini dayandırmayacaq", o vurğulayıb.
Qasım Süleymani onun "yüzlərlə Amerika əsgərinin ölümünə görə məsuliyyət daşıdığını və qaçılmaz hücumlar planlaşdırdığını" söyləyən Donald Trump-ın sifarişi ilə Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında pilotsuz dron zərbəsi nəticəsində öldürülüb.
İran Süleymaninin qisasını ABŞ qüvvələrinin yerləşdiyi İraq hərbi bazalarına ballistik raketlər atmaqla alıb.
"Qasım Süleymaniyə sui-qəsd ilə əlaqədar 36 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar nəzarət etdilər, hərəkət etdilər və əmr verdilər," - Mehr xəbər agentliyi cənab Alqasimehrdən iqtibas gətirir.
"Buraya ABŞ-ın, eləcə də digər ölkələrin siyasi və hərbi rəsmiləri daxildir. Məhkəmə orqanları həbs qərarı verib və İnterpola da xəbərdarlıq edilib." - Alqasimehr deyib.
Prokuror əlavə edib ki, cənab Trump siyahının başındadır və prezidentliyinin sona çatmasından sonra da onun həbsi üçün səylər göstəriləcək.








