Bakı-Naxçıvan reysinə kimlər buraxılacaq, səs saldığına görə məhkəməyə verilən xoruz ölüb

Şəklin mənbəyi, Reuters
Səs-küylü fransız xoruz Maurice altı yaşında ölüb.
Səhər tezdən səs salması səbəbiylə məhkəməyə aparılan Maurice xoruz altı yaşında ölüb.
Bu xoruz Fransa kəndlərinin səsinin qorunması barədə kampaniyada beynəlxalq dəstək qazanmış və bir simvola çevrilmişdi.
2019-cu ildə məhkəmə bu səs-küylü xoruzun xeyrinə qərar vermişdi və ona günlərini Oleron adasında öz evində keçirmək icazəsi vermişdi.
Xoruzun may ayında öldüyü, sahibinin bu xəbəri vermək üçün gözlədiyi deyilir.
"Mən öz-özümə dedim ki, insanların karantinə görə narahat olacaq kifayət qədər məsələləri var", - Corinne Fesseau Fransız radio şəbəkəsi France Bleu-ya deyib.
"Biz yeni xoruz aldıq və onun adını da Maurice qoyduq - o da həmçinin yaxşı nəğmə oxuyur. Ancaq o, heç vaxt bizim Maurice olmayacaq."

Şəklin mənbəyi, AZAL
İyunun 20-də "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər yerinə yetiriləcək.
AZAL-dan verilən məlumata görə, həmin reyslərə yalnız Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində qeydiyyatdan keçən sərnişinlər buraxılacaq.
Qurum bildirib ki, nümayəndəliyin tərtib etdiyi siyahıya əsasən çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edəcək.
Yeni qaydalara əsasən, AZAL-ın reyslərinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.
Naxçıvana və ya Naxçıvandan səfər edən sərnişinlər üçün müayinə ödənişsizdir.
Rusiyada 500-ə yaxın həkim koronavirusdan ölüb

Şəklin mənbəyi, Artyom Geodakyan/TASS
Rusiya Səhiyyəsinə Nəzarət Xidməti (Roszdravnadzor) Rusiyada 489 tibb işçisinin koronavirusdan öldüyünü açıqlayıb.
Bu, keçən aydan bəri kəskin artımdır. Keçən ay 101 həkimin koronavirusdan öldüyü açıqlanıb.
Roszdravnadzor rəisi Alla Samoylova deyib ki, səbəblərdən biri qoruyucu ləvazimatların təchizidir.
"Səmimi desən, başlanğıcda problemlər var idi, çatışmazlıqlar var", o deyib.
Rusiya hazırda koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir, burada indiyədək 561 mindən çox insanın Covid-19-a yoluxduğu, 7 760 nəfərin isə koronavirusdan öldüyü təsdiqlənib.
Azərbaycan-İran sərhədində silahlı insident

Şəklin mənbəyi, DÖVLƏT SƏRHƏD XİDMƏTİ
Çərşənbə günü Azərbaycan sərhədlərini pozmağa çalışdığı iddia edilən üç şəxsdən biri Azərbaycan-İran sərhədinin Göytəpə kəndi yaxınlığında "aldığı silah yaraları nəticəsində ölüb".
Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda bildirilir ki, "sərhəd pozucuları "dayan" əmrinə tabe olmayıblar".
Qurumun məlumatında "sərhəd pozucularının sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etdikləri" bildirilir.
Sərhədçilərin xəsarət almasına dair məlumat yoxdur.
"Sərhəd pozucularından biri güllə yarası alıb və İran İslam Respublikası ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan "Bolqarçay"ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb."
Məlumata görə, digər şəxslər geri qaçıb və İran sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıb.
DSX onu da bildirib ki, "sərhəd pozucuları silah və gecəgörmə cihazları ilə silahlanıb və birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib".
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirildiyi, hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətlərinin aparıldığı deyilir.
Pekində koronavirusa görə qızılbalıq təşvişi

Şəklin mənbəyi, Getty Images
Ötən həftə Pekində Covid-19-a yoluxma hadisələrinin sayında kəskin artım qeydə alınıb.
Yoluxma hadisələrinin demək olar ki, hamısı nəhəng topdansatış ərzaq bazarı ilə əlaqəli olub.
Dövlət mediasının məlumatına görə, virus Xinfadi bazarında qızılbalığın doğrandığı lövhələrin üzərində aşkar edilib.
Bu məqam bütün ölkə boyu narahatlığa səbəb olub.
Pekindəki supermarketlər və restoranlar öz rəflərindən və menyularından qızılbalıq məhsullarını dərhal yığışdırıblar, Avropadan qızılbalıq idxalı dayandırılıb.
Lakin Çin Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) bildirib ki, qızılbalığın virus daşıyıcısı olması ehtimalı yox dərəcəsindədir.
CDC qeyd edib ki, buna dair heç bir sübut yoxdur. Ekspertlər razılaşıb ki, virusun qızılbalıqda yox, bazarın özündə olması daha ağlabatandır.
"İndiyədək müəyyən edilmiş bütün hallarda virusun yapışdığı reseptorların balıqlarda deyil, yalnız məməli orqanizmlərdə mövcud olduğu aşkar edilib," - Tsinghua Universitetinin virusoloqu Tsingua Gong Çin mediasına bildirib.
Bu gün 24 mindən çox şəxs buraxılış (qəbul) imtahanı verib

Şəklin mənbəyi, Azertag
Cümə axşamı günü Azərbaycanın 20 şəhər və rayonunda 24 mindən çox şagird buraxılış (qəbul) imtahanı verib, imtahanlar saat 11-də başlayıb, Dövlət İmtahan Mərkəzi (DİM) bildirib.
"İmtahanların başlamasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatacaq. Göstərilən vaxtdan - 10:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar," - qurumun məlumatında deyilirdi.
DİM həmçinin imtahana gələnlərin maska taxmalı olduqlarını bildirmişdi ki, "Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır".
"Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır," - qurum bildirmişdi.
Donald Trump-ın keçmiş müşaviri John Boltonun xatirələr kitabı niyə səs-küy yaradıb?

Şəklin mənbəyi, Reuters
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump-ın siyasi məsələlər üzrə müşaviri olmuş John Boltonun hələ satışa verilməmiş kitabı Ağ evi məyus edib.
Kitaba görə keçmiş məsləhətçiyə ittiham irəli sürülə bilər, Ağ Ev administrasiyası artıq nəşr olunmuş kitabların toplanmasını da tələb edir.
ABŞ-ın bəzi media qurumları çərşənbə günü gecə Vaşinqtonda federal məhkəmənin keçmiş dövlət katibinə dövlət sirlərini açdığına görə cinayət işi qaldıra biləcəyini bildirib. Bu ölkənin Ədliyyə Nazirliyi də məhkəməyə müraciət edərək naşir Simon&Schuster və Boltonun özündən keçmiş vəzifəli şəxsin xatirələrinin nəşrinin dayandırılmasını tələb edib.
Bir gün əvvəl, çərşənbə axşamı günü Ədliyyə Departamenti Boltonun "Hər şeyin baş verdiyi otaq: Ağ Evdən xatirələr" kitabının buraxılışının təxirə salınmalı olduğunu və mətndə dövlət sirri ehtiva edən şübhələr səbəbiylə əlyazmanın əlavə yoxlanışdan keçməsini tələb edərək rəsmi iddia qaldırıb.
İddiada deyilir ki, Bolton "səhifə sayı 500-dən çox olan kitabı ... gizli məlumatlarla doldurub" dövlət sirlərini açıqlamamaq öhdəliyini kobud şəkildə pozub. Ədliyyə Nazirliyindən verilən məlumata görə, əlyazma yalnız məzmunu ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən bir daha araşdırıldıqdan sonra çap edilə bilər.
Bolton kitabının mətnini Milli Təhlükəsizlik Şurası ilə razılaşdırıb, təxminən 27 apreldə orada bütün gizli məlumatların oradan çıxarılması qərarlaşdırılıb. Lakin may ayının əvvəlində Şuranın daha yüksək vəzifəli bir əməkdaşı kitabla bağlı "əlavə yoxlama" başlamağı zəruri hesab edib və nəticədə, o, kitabda hələ də gizli məlumatların qaldığını təsbit edib. Bu şəxs funksioner Trump-a sadiqliyi ilə tanınan Maykl Ellis olub. O, siyasi təyinatçı və Respublikaçı Konqresmen Devin Nunes-in keçmiş köməkçisidir.
Buna baxmayaraq, artıq çərşənbə günü ABŞ-ın üç nəşri - New York Times, Washington Post və Wall Street Journal qalmaqallı xatirələrin üzünü köçürərək, keçmiş müşavirin kitabından çıxarışlar nəşr ediblər.
Van Gogh-un fahişəxana ziyarətlərindən bəhs edən məktubu 210 min avroya satılıb

Şəklin mənbəyi, Getty Images
Rəssamlar Vincent Van Gogh və Paul Gauguin fahişəxana ziyarətlərini ətraflı izah edən məktubu Parisdə keçirilmiş hərracda təxminən 210 min avroya (təxminən 403 min manat) satılıb.
Məktub çərşənbə axşamı Parisin Drouot hərrac evində Vincent Van Gogh Vəqfi tərəfindən alınıb.
Sənətkarlar məktubu 1888-ci ilin sonlarında dostları olan fransız rəssamı Emile Bernarda yazıblar.
Onlar məktubda Fransanın Arles şəhərində birlikdə yaşayıb işləməyi təsvir ediblər.
Məktuba görə, bütün dünyada məşhur olan hər iki post-impressionist rəssam - Van Gogh və Gauguin "böyük bir sənət intibahına" rəhbərlik etdiklərinə əmin olublar.
Rəssamlar Arles-də bədii görmə qabiliyyətini yüksək tutublar, lakin bir neçə ay birlikdə olduqdan sonra dostluqları acı bir şəkildə bitib.
1-2 Noyabr 1888 tarixində imzalanmış məktub Van Gogh-un ruhi çöküş yaşaması və məşhur sol qulağını kəsməsindən bir neçə həftə əvvələ təsadüf edir.
Hollandiyalı rəssam 1890-cı ildə həyatına qəsd edib.
Putini qorumaq üçün dezinfeksiya tuneli qurulub

Şəklin mənbəyi, AFP
Rusiya prezidenti Vladimir Putini virusdan qorumaq üçün xüsusi dezinfeksiya tuneli qurulub.
Putinin Moskva yaxınlığında Novo-Oqaryovo rəsmi iqamətgahına gələn hər kəs bu tuneldən keçməlidir, dövlət nəzarəti altında olan RİA Novosti agentliyi xəbər verib.
Agentlik dezinfeksiyaedici vasitəni insanların geyimini və bədənin açıq hissəsini əhatə edən narın damcılardan ibarət maye buludu kimi təsvir edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Putinin mətbuat katibi Dmitri Peskov aprel ayının əvvəlində Putinlə görüşən hər bir şəxsin virusa qarşı testdən keçdiyini bildirib.
Bundan bir ay sonra Peskov özünün infeksiyaya yoluxduğunu söyləyib, Reuters xəbər verib.
Rusiya ölkədə 500 mindən çox yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Bu göstəriciyə görə Rusiya dünyada Braziliya və ABŞ-dan sonra üçüncü yerdədir.

Şəklin mənbəyi, Akif Şakirov
Rusiya-Azərbaycan sərhəddində Dağıstan ərazisində qalmış 19 nəfər ölkəyə gətirilib. Bu Ombudsman Aparatının müraciəti əsasında baş verib.
İyunun 15-də Azərbaycanın Rusiya ilə sərhədində gərginlik yaşanıb. İki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib.
BBC News Azərbaycancaya danışan Azərbaycan vətəndaşlarının sözlərinə görə, "havaya atəş açılıb, onlara qarşı təzyiq olub və xəsarət alanlar və saxlananlar var".
Ombudsman Aparatının Facebook səhifəsində paylaşdığı məlumatda bildirilir ki, iyunun 16-da 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
"Onlardan 19 nəfərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq qurumlara müraciəti əsasında, Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin birgə səyləri nəticəsində vətənə qayıdışı təmin edilib. Qeyd edək ki, həmin 19 nəfər Dağıstan Respublikasında əcnəbi vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və çətin vəziyyətdə olmuş soydaşlarımızdır", məlumatda deyilir.
Həmçinin bax:
İranda koronavirus infeksiyasının ikinci dalğası baş verir?

Şəklin mənbəyi, Getty Images
İranda son həftələrdə koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu da pandemiyanın ikinci dalğası barədə narahatlıqlar yaradır.
İranda koronavirusa görə məhdudiyyətlər infeksiyaların sayı azaldıqdan sonra aprel ayının ortasından yumşaldılmağa başlayıb.
İyun ayının ilk həftəsində gündə 3000-dən çox yeni yoluxma halı aşkarlanıb, bu da əvvəlki yeddi günə nisbətdə 50 faiz artım demək idi. İyun 4-də isə bu rəqəm 3574 olub.
Mayın 29-da testlərin yalnız 11 faizi müsbət çıxırdısa, iyunun 6-da bu göstərici 14 faizdən yuxarı qalxıb.
Səhiyyə işçiləri aprel ayının ortalarından bəri qeydə alınan gündəlik ölüm sayının 100-dən aşağı olduğunu vurğulasa da, iyunun 14-də bu say 100-ü keçib.
Səhiyyə naziri Səid Namaki insanların sosial məsafə qaydalarına məhəl qoymadığını söyləyib.
Növünün xilaskarı 100 yaşlı Galapagos tısbağası Diego təqaüdə çıxır

Şəklin mənbəyi, Getty Images
Diego adlı bu tısbağa və daha 14 erkək tısbağa Ekvadorun Galapagos adalarından biri olan doğma Espanolaya qayıdıblar.
Tısbağalar Santa Cruz Adasında onilliklər boyunca törəmə prosesində iştirak ediblər.
Törəmə proqramı 1960-cı illərdən bəri 2000-dən çox nəhəng tısbağanın doğulmasına müvəffəq olub.
100 yaşlı Diegonun yüzlərlə övlad atası olduğu düşünülür.
Hazırda bəzi hesablamalara görə 2000 nəhəng tısbağanın təxminən 40 faizi yaşayır.
Ekvadorun Ətraf Mühit naziri Paulo Proano Andrade Tvitterdə yazıb ki, "Espanola nəsillərini məhv olmaqdan qoruyan tısbağaları qucaqlayır".
Boyu və ayaqları çıxdığı zaman uzunluğu 1,5 metrə çatan və 80 kilo ağırlığında olan Diego 20-ci əsrin birinci yarısında Galapagosdan elmi araşdırma məqsədilə götürülüb.









