Agent uşaqlar. Britaniya polisi yeniyetmələrdən casus kimi necə istifadə edir?

- Müəllif, Olqa Prosvirova
- Vəzifə, BBC Rusca
Britaniyada hər il bir neçə yeniyetmə uşaq polisin gizli informatoru, yəni "agenti" olur. Kriminal aləmlə əhatə olunmuş bu uşaqlar ətraflarında baş verənləri izləyir və hələ dünənə qədər çox sevdikləri valideynləri, sevgililəri və dostları haqqında hüquq-mühafizə orqanlarındakı kuratorlarına məlumat verirlər.
Bir çox hallarda yaxınları onların ikili oyun oynamaq məcburiyyətində qaldıqlarından xəbərsiz olurlar.
Britaniya hökuməti cinayətlərin üstünü açmaq üçün azyaşlılardan gizli informator kimi istifadə etmək planlarını gizlətmir və məhkəmələrdə sübut edir ki, bu təcrübənin tətbiqi faydalıdır.
Sara
Saranın hekayəsini yazmaq üçün onun həyatıyla bağlı kiçik parçaları toplamalı olduq, amma yenə də tam mənzərə alınmadı. Bilinən faktlardan biri budur ki, ilk dəfə polis qıza əməkdaşlıq təklif edəndə onun 17 yaşı olub. O vaxta qədər sosial qəyyumluq orqanları artıq Sarayla maraqlanmışdılar, çünki valideynləri boşanmışdılar və onun taleyilə çox da maraqlanmırdılar.
Saranın ən yaxın adamı sevgilisi Riçard idi. Seks ticarətiylə məşğul olan bu adam Sara da daxil olmaqla, qızları seks xidməti göstərməyə məcbur edirdi.
Çoxdandı ki, Riçardın əleyhinə faktlar toplamağa çalışan polislər bir gün Saraya "rast gəlirlər". Hüquq-mühafizə işçiləri qızı bildiklərini danışmağa inandırmaq üçün hansı sözləri seçmişdilər, buna nə qədər vaxt sərf olunmuşdu və hansı üsullardan istifadə edilmişdi, məlum deyil.
Bilinən ancaq odur ki, Sara Riçardın yanına qayıdaraq bir müddət yenə seks köləsi olmağa davam edib və gördükləri barədə polisə məlumat verib.
Sonra baş verənlər daha böyük sirrdir. Günlərin birində Sara bir qətl hadisəsinə şahid olur. Bundan başqa, həmin gün o, öldürülən şəxsin paltarlarını və cinayətin digər sübutlarını gizlətmək məcburiyyətində qalır.
Saranın yaxınlarından heç biri onun həyatında nə baş verdiyini bilmir. Qanunun tələbinə uyğun olaraq həmin hadisənin detalları hələ də gizli saxlanır.
İctimaiyyət bu məsələdən 2018-ci ilin oktyabr ayında xəbər tutub - Britaniya Lordlar Palatasının üzvü Salli Hemvi sayəsində. Bu, yeniyetmələrdən gizli informator kimi istifadə edilməsiylə bağlı britaniyalıların geniş məlumata sahib olduğu yeganə faktdır.
Hemvi BBC Rusca xidmətinə müsahibəsində deyib ki, Saranın sonrakı taleyi barədə hələ də məlumat ala bilməyib. Polis bu hadisə haqqında heç bir açıqlama vermir.

Mütəşəkkil cinayətkarlığın reaksiyası
Britaniyada Sara kimilərini JCHIS - Juvenile Covert Human Intelligence Source ("gizli agentura mənbəyi olan yeniyetmə") adlandırırlar. Vətəndaşların bu fəaliyyət növünə cəlb edilməsi 2000-ci ildə qəbul olunmuş "İstintaq orqanlarının səlahiyyətləri haqqında" qanuna əsasən tənzimlənir.
Bir il əvvəl yaşı 18-dən az olan şəxslər ancaq bir ay müddətinə agentliyə cəlb edilə bilərdilər. Britaniya hökumətinin qərarıyla hazırda bu müddət dörd aya qaldırılıb. Daxili İşlər Nazirliyi hesab edir ki, 30 gün ərzində nəticə əldə etmək üçün yeniyetmələr "lazımsız təzyiqə" məruz qalırlar.
Məmurlar vəd edirlər ki, hüquq-mühafizə orqanları hər bir konkret hal üçün ayda bir dəfə yoxlama keçirib əməkdaşlığa son verilməsinin mümkünlüyünü araşdıracaqlar. Rəsmi məlumatlara görə, 2015-ci ilin yanvar ayından etibarən 17 uşaq hüquq-mühafizə orqanları üçün gizli informatorluğa cəlb edilib. Onların ən kiçiyinin 15 yaşı olub.

Lordlar Palatasının üzvü Jenny Jones deyib ki, polis agentlik fəaliyyəti üçün uşaqlardan daha çox istifadə etmək niyyətindədir. Tezliklə bunu hökumət də təsdiq edib: "Terrorizm, quldurluq, narkotik ticarəti kimi ağır cinayətlərdə gənclərin getdikcə daha çox iştirak etməsi belə cinayətləri araşdırmaq və onların qarşısını almaq işində polisə yardım edən yeniyetmə informatorların sayının artmasına səbəb olur".
Rəsmi statistika son 10 ildə uşaqlar arasında cinayətkarlıq səviyyəsinin azaldığını göstərsə də, ümumi rəqəmlər vəziyyəti tam əks etdirmir. Son məlumatlara görə, narkotiklərlə bağlı cinayətlərin səviyyəsi 5%, qanunsuz silah saxlama halları isə 10% artıb.
Keçmiş polis işçisi Niel Woods deyir ki, yeniyetmələrin böyük əksəriyyəti məhz narkotiklə bağlı cinayət işlərində gizli informator olurlar. Woods özü də uzun müddət agent kimi çalışıb və tez-tez bu işə başqalarını da (yetkinlik yaşına çatanları) cəlb edib.
"Dünyanın hər yerində - Britaniyada, ABŞ-da, Rusiyada polis narkotik alverçilərini asanlıqla yaxalayır. Amma mən böyükləri nəzərdə tuturam. Ona görə də mütəşəkkil cinayətkarlıq bu işdə uşaqlardan istifadə etməyə başlayıb. Yaşlı polis işçisinin uşaq aləminə daxil olması mümkün deyil. Britaniya hökumətinin azyaşlıların köməyinə müraciət etməsi bununla bağlıdır. Mənim mənbələrim deyirlər ki, getdikcə bu, daha tez-tez baş verir" - Woods BBC-yə müsahibəsində belə deyib.

Gizli fəaliyyət göstərən başqa bir polis işçisi 2015-ci ildə bu haqda Portsmouth Universitetinin əməkdaşı Brian Chappell-ə məlumat verib. Onun mövqeyi agent uşaqlar mövzusunu araşdıran Chappell-in doktorluq dissertasiyasında yer alıb.
Həmin polisin sözlərinə görə, hüquq-mühafizə orqanları təhlükəli mühitdə olan oğlan və qızların onsuz da kriminal fəaliyyətə cəlb edilməsi reallığına əsaslanırlar:
"Belə gənclərin orqan işçiləriylə əlaqədə olmasını müsbət hal kimi qiymətləndirmək olar, çünki bundan əvvəl yeniyetmələr təhlükəli mühitdə təkbaşınaydılar. Gizli informatorluqsa lazımi məqamda kriminaldan müdafiə olunmaq şansı yaradır".
O israr edir ki, bu sistem uşağa nəinki ziyan vurur, əksinə, ona kriminal aləmdən ayrılıb yeni həyata başlamaq fürsəti verir.
Çox təhlükəli, amma qanuni
Uşaqlara kömək edən "Just for Kids Law" xeyriyyə təşkilatı narkotik alveri və terrorizmlə mübarizə də daxil, həm də təhlükəsizlik məsələləriylə məşğul olan DİN-i keçən il məhkəməyə verib.
İddia ərizəsində qeyd olunmuşdu ki, cinayət işlərinin istintaqında uşaqlardan gizli agent kimi istifadə edən hüquq-mühafizə orqanları onlara dəyən ciddi fiziki və psixoloji zərər barədə düşünmürlər. Bundan başqa, həmin uşaqların təhlükəsizliyi üçün ən ibtidai tədbirlər belə nəzərdə tutulmur.
"Polis istismara məruz qalan uşaq görəndə onu daha böyük təhlükəylə üz-üzə qoymaq əvəzinə, ilk növbədə həmin uşağı müdafiə etməli və düşdüyü vəziyyətdən çıxmasına çalışmalıdır" - xeyriyyə təşkilatının baş direktoru Enver Solomon belə deyir.

Vəkil Keelan Gallagher məhkəmədə sadə bir nümunə göstərib: adi halda polis yeniyetmədən ifadə alanda uşağın yanında mütləq yaşca böyük biri də olur. Amma gizli agent kimi cəlb edilən uşaqlar hər cür müdafiədən məhrumdurlar.
Məhkəmədə Gallagher Saranı da xatırladıb, qeyd edib ki, terror cinayətilə, quldurluqla və yeniyetmələrin seks köləliyinə cəlb edilməsiylə əlaqəli şəxslərin izlənməsində uşaqlardan istifadə faktları mövcuddur. Bəzən uşaqları öz valideynləri haqqında da ifadə verməyə məcbur edirlər.
Daxili İşlər Nazirliyi isə israr edib ki, agent uşaqlar quldur dəstələri və narkotik alveriylə bağlı cinayət işlərinin istintaqına və belə cinayətlərin qarşısının alınmasına kömək edirlər.
"Yeniyetmə informatorlara qarşı son dərəcə ciddi fiziki və psixoloji zərər riski danılmazdır. Bundan başqa, hüquq-mühafizə orqanlarıyla əməkdaşlığını gizlətmək üçün agent uşaq, ola bilsin ki, cinayətdə iştirak etmək məcburiyyətində qalsın" - hakim Michael Sapperstone belə deyib, amma o, təşkilatın ərizəsini tamamən rədd edib.
Hakim Sapperstone DİN-i müdafiə edib. O öz qərarını belə izah edib: agent uşaqlarla əməkdaşlıq zamanı polis bütün qaydalara əməl edir, informator fəaliyyətinin müddəti 4 aydan çox deyil və istintaqı aparan hüquq-mühafizə orqanları hər ay vaxtın uzadılmasını əsaslandırmalıdırlar. Əməl edilməsi vacib olan çoxsaylı sərt qaydalar uşaqların gizli informatorluğa cəlb edilməsini çətinləşdirdiyi üçün belə hallar nadirən sənədləşdirilir.

Daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Wallace məhkəmənin qərarını alqışlayıb. O deyib ki, 2015-ci ilin yanvar ayından etibarən uşaqları 20 dəfədən az agentliyə cəlb ediblər və onlar "çox ciddi cinayətlərin istintaqında vacib alət olaraq qalırlar".
Ötən payız Lordlar Palatasındakı dinləmələrdə hökuməti təmsil edən Susan Williams deyib ki, 2015-ci ilin yanvar ayından bu yana 14 yeniyetmə gizli informator olub. "Mütləq çoxluq" qərarı qəbul edilən ana qədər onların sayı 17-yə çatıb.
Ekstremistlərin planlarından necə xəbər tutmalı?
Chris-in 17 yaşı olanda valideynləri ayrılıblar və o, faktiki olaraq küçədə qalıb. Həkimlər ona depressiya diaqnozu qoyublar, müalicə yazıblar.
Məhəllə məscidində ona qalmağa yer və yemək təklif ediblər.
Bir dəfə yeni tanışları Chris-i fərqli bir tədbirə dəvət ediblər. Ekstremistlərin arasına düşdüyündən xəbərsiz olan Chris orda deyib ki, depressiyadan əziyyət çəkir və intihar barədə düşünür.
Onlar Chris-ə deyəndə ki, ölmək istəyirsə, bunu inanca görə etməsi daha yaxşı olar, o, vəziyyəti anlamağa başlayıb.
Chris polisə özü gedib.

Bu, çox cəzbedici variant idi: polis və xüsusi xidmət orqanları Chris-i yenidən məscidə göndərməklə ekstremistliyə cəlb etmə və ekstremist hazırlama metodlarından xəbər tutar, ekstremist qrupun tərkibini və planlarını öyrənər və qrup üzvlərindən hansının silah və partlayıcı maddələrə çıxışı olduğunu dəqiqləşdirərdilər.
Bununla bağlı qərar qəbul etmək üçün orqan işçiləri işə sosial təminat departamentini cəlb edirlər. Chris-in psixoloji vəziyyətini və riskləri araşdıran departament ondan gizli agent kimi istifadə olunmasını qadağan edir.
Bu hadisə 10 il əvvəl baş verib. Portsmouth Universitetinin əməkdaşı Brian Chappell bu barədə öz dissertasiyasında yazıb.
Chappell müəyyən edib ki, risklərin ilkin qiymətləndirilməsi uşaqla ilk tanış olan orqan işçisinə həvalə edilir. Həmin əməkdaşın hazırlıq səviyyəsini müəyyənləşdirməksə mümkün deyil.
Uşaqları agentliyə cəlbetmə prosesində iştirak edən polis işçilərindən biri Chappell-ə deyib ki, qiymətləndirmədə xüsusi inspektor da iştirak edir: "Əgər yeniyetmənin namizədliyi [belə əməliyyatda iştirak üçün] məqbul sayılarsa, [bütün əməliyyat] "Hüquq-mühafizə orqanlarının səlahiyyətləri haqqında" 2000-ci il qanununun tələblərinə uyğunlaşdrılır. Eyni zamanda, həmin şəxsin hansı şərtlərdə və hansı vəziyyətlərdə əməliyyatdan kənarlaşdırılması da qiymətləndirilir".
Polis işçisi situasiyanı altı əsas suala görə dəyərləndirməlidir, bu suallar yeniyetmə agentin və onun kuratorunun ciddi fiziki və psixoloji travma alması ehtimalını üzə çıxarır.
Sonuncu suala mütləq cavab verilməlidir: konkret situasiyada fəaliyyətsiz qalmaq olarmı?
Hüquq-mühafizə orqanlarının səlahiyyətləri haqqında qanunun qəbul edildiyi 2000-ci ildən sonra Britaniya hökuməti polis işçilərinin bu sərt reqlamentə əməl edib-etmədiyini göstərən hər hansı məlumat açıqlamayıb.
"Polislər dəhşətli dərəcədə manipulyator olmalıdırlar"
"Uzun müddət yalan danışmaq məcburiyyətinin insanlarda, xüsusilə də informatorlar kimi zəif-müdafiəsiz şəxslərdə necə ciddi psixoloji travmalara gətirib çıxardığını mən öz gözlərimlə görmüşəm. Belə təcrübədən sonra agent uşaqlar kriminal aləmdən ayrılmağın mümkünsüz olduğunu hiss edib yenidən ora qayıda bilərlər" - keçmiş polis işçisi Niel Woods belə deyir.

Doktor Brian Chapell-də bununla bağlı konkret fakt da var - polisin əməkdaşlığa cəlb etdiyi gənc oğlan gərginliyə dözməyərək yenidən kriminal həyata dönüb.
Niel Woods əmindir ki, uşaqlardan gizli informator kimi istifadə edilməsi praktikası cinayətkarlara çoxdan məlumdur, buna görə də onlar yeniyetmələri qorxudur, polisə yaxınlaşmağı qadağan edirlər. Beləliklə, dairə qapanır, cinayətlərin üstü açılmır, təhlükədə qalanlarsa məhz uşaqlar olur.
Woods hesab edir ki, seksual köləliyə məcbur edilən Saranın yenidən istismarçının yanına qaytarılması polislərin situasiyanın ağırlığından asılı olmayaraq uşaqlardan istifadə etməyə meylli olduğunu sübut edir:
"Bəzən polislər dəhşətli dərəcədə manipulyator olmalıdırlar. Mən də eləydim. Yeniyetmənin bu manipulyasiyaya qarşı çıxmaq şansı yoxdur".
*Məqalədə cinayət işlərinin fiqurantlarına çevrilmiş şəxslərin adı dəyişdirilib.
Rəsmlərin müəllifi Olesya Volkovadır









