"Mən dəli olmaqdan həmişə qorxmuşam, amma bu, oğlum dünyaya gələndən sonra baş verdi"

Jen White

Jen Wight bütün həyatı boyu dəli olmaqdan qorxmuşdu. Çünki onlar hələ yeniyetməykən böyük bacısı Jo-nu psixiatrik klinikaya yerləşdirmişdilər.

Sonrakı illərdə həyat öz axarıyla davam edir və Jen-in qorxularının əsassız olduğunu göstərirdi: 36 yaşında onun yaxşı işi, gözəl ailəsi vardı və təzəlikcə sağlam bir övlad dünyaya gətirmişdi. İşə bax ki, 20 il boyu qorxduğu şey həyatının məhz bu xoşbəxt dönəmində başına gəldi - onu da psixiatriya xəstəxanasına yerləşdirdilər.

"Hamı bacımla mənim bir-birimizə çox oxşadığımızı deyirdi. Biz o qədər bənzəriydik ki, bəzən tanışlar yolda mənə yaxınlaşıb "Salam, Jo! İşlərin necədir?" deyə soruşurdular. Jo məndən üç yaş böyükdür, amma yaş fərqi bizim dostluğumuza mane olmurdu. Biz çox yaxınıydıq, hətta mən yeniyetmə olanda da bacım məni öz dostlarıyla görüşə aparırdı" - Jen belə deyir.

Jo (left) and Jen (right, in white) pictured in 1989/90, not long before Jo became ill

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jo (soldakı) və Jen (sağdakı). Şəkil 1989-90-cı illərdə çəkilib, Jonun xəstəliyindən bir qədər əvvəl

Jen Wight-ın hekayəsi, öz dilindən:

Bizim çox xoşbəxt uşaqlığımız vardı. Londonun şimalında, Stamford Hill rayonunda yaşayırdıq. Ailəmizdə psixioloji problemləri olan biri olmamışdı, ona görə də Jo 18 yaşında xəstələnəndə bu hamımızı çox sarsıtdı.

İlk dəfə o, psixiatrik klinikada 9 ay qaldı. Mən Homerton klinikasının psixiatriya şöbəsinə onu ziyarətə gedirdim, amma həm xəstəliyinə, həm də qəbul etdiyi güclü dərmanlara görə o, tanınmaz hala düşmüşdü. Mənim mehriban, gülərüz və sevimli bacım artıq yoxuydu.

Mən ata-anamın qanını qaraltmamağa, onlara yeni problemlər yaratmamağa çalışırdım. Valideynlərim məni mümkün qədər Jonun başına gələnlərdən uzaq tutmağa çalışırdılar, buna baxmayaraq o illər mənimçün çox çətin dövrüydü. Bacım üçün çox darıxırdım. Çarpayımın yanında çoxlu əl dəsmalı vardı, hər gecə onu yadıma salıb ağlayırdım.

Bir gün ağlıma gəldi ki, bacımdakı şizofreniya xəstəliyi bir gün məndə də yarana bilər - biz bir-birimizə çox oxşayırdıq, axı. Mən xəstəliyin aşılmaz olduğuna tamam inanmışdım.

Jen (soldakı) və Jo (sağdakı) uşaqlıqda. 1977 və ya 1978-ci ilin şəkli.

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jen (soldakı) və Jo (sağdakı) uşaqlıqda. 1977 və ya 1978-ci ilin şəkli.

1993-cü ilin mart ayının 15-də - Jon-un xəstələnməsinin 3 ili tamam olan gün mən Brighton Universitetinin kampusunda bütün gün yerimin içində ağladım. Conun başına gələnin indi də mənim həyatımda baş verəcəyini düşündüm. Artıq mənim də 18 yaşım tamamlanmışdı və mən son dərəcə kədərliydim.

Əslində, özümü kifayət qədər rasional insan hesab edirdim - elmi dərəcə almağa hazırlaşırdım və inanırdım ki, Jo kimi, bir gün mən də dəli olacam.

Amma illər ötür, belə bir şey baş vermirdi. Ona görə də qorxularım azalmağa başlamışdı.

29 yaşım olanda Londona qayıtdım. Ona qədər bir neçə sevgi münasibətim olmuşdu, amma o gənclərin heç biriylə ailə qurmaq istəməmişdim. Bir gün dostlarıma dedim ki, uyğun biriylə tanış olmaq istəyirəm. Rəfiqəm Harriet belə birini tanıdığını bildirdi.

Kai çox simpatik, çox ağıllı və çox mərhəmətliydi. Bir illik tanışlıqdan sonra biz bir yerdə yaşamağa başladıq.

Jen və Kai 2008-ci ildə Avctraliyaya köçürlər

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jen və Kai 2008-ci ildə Avstraliyaya köçürlər

Məndən fərqli olaraq o, uşaq istəyirdi. Zamanla mən də bu fikrə müsbət yanaşmağa başladım. Çünki Kai-la bir yerdə olmaq istəyirdim. Həm də dostlarımızın çoxu övlad sahibi olduqca, tədricən məndə də uşaqlara sevgi yarandığını hiss edirdim.

2008-ci ilin sonunda biz Avstraliyaya köçdük. 2012-ci ilin yanvarında oğlumuz dünyaya gələndə biz Sidneydə yaşayırdıq.

Avstraliyaya köçəndən sonra Jen və Kai dünyaya uşaq gətirmək qərarına gəlirlər

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Avstraliyaya köçəndən sonra Jen və Kai dünyaya uşaq gətirmək qərarına gəlirlər

Oğlum doğulandan sonrakı ilk həftələrdə mən son dərəcə xoşbəxtiydim. Uşaq baxmaq təcrübəm yoxuydu, hamilə olanda bir mamaçanın yazdığı gözəl bir kitab oxumuşdum. Bu kitabda körpəyə qulluqla bağlı hər şey vardı. Eyni zamanda, orda doğuşdan sonrakı depressiya barədə də yazılmışdı - yadımdadır ki, bu haqda oxuyanda fikrə getmiş və düşünmüşdüm ki, məndə belə bir şey olmayacaq, çünki həyatımda çox çətin və kədərli günlərim olub, amma heç vaxt depressiya keçirməmişəm.

Amma doğuşdan sonrakı üçüncü gecə yuxuya gedə bilmədim, çox yoruldum, fikirlərim qarışıb sürətlə bir-birini əvəz etməyə, ürəyim sürətlə döyünməyə başladı. Məni vahimə basdı - elə bildim, dəli oluram. Bir neçə saat ağlayıb heydən düşəndən sonra gecənin ortasında tibb bacısını çağırmaq üçün düyməni basdım.

Jen-in oğlu tamamilə sağlam doğulmuşdu

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jen-in oğlu tamamilə sağlam doğulmuşdu

"Bu, son dərəcə normaldır. Demək olar ki, bütün qadınlar doğuşdan sonra bu halı keçirirlər. Siz yorulmusuz, hormonal fonunuz kəskin dəyişib, sizə yaxşıca dincəlmək lazımdır" - tibb bacısı belə dedi.

Bu məni sakitləşdirdi. Amma sonra yenə saatlarla ağladım. Mənə elə gəlirdi ki, göz yaşlarımla birlikdə qorxularım da yuyulub gedir, həmin o 20 illik qorxum da. O gün məni dəli olmağa çox yaxınıydım, amma olmadım.

Xəstəxanadan çıxanda məndə belə bir hiss vardı ki, sanki yeni həyat başlayır - gözəl oğlum və gözəl ərimlə birlikdə. Biz pəncərələri dənizə baxan mənzildə yaşayırdıq və mənə elə gəlirdi ki, hər şey əladır.

Özümü rahat və azad hiss edirdim, eyforiyadaydım. Sanki beynim bütün bu illər boyu məni qarabaqara izləmiş qorxudan, nəhayət, azad olmuş, yeni fikirlərə açılmışdı.

Mən nail olmaq istədiyim şeylərin siyahısını tutur, səyahətlər planlaşdırır, saatlarla internetdə qurdalanırdım - gənc anaların çoxunun belə şeylərə vaxtı olmur.

Heç birimiz - nə Kai, nə də mən bunun anormal olduğunu başa düşürdük. Sadəcə bir dəfə Kay dostlarından birinə demişdi ki, mən özümü bir az qəribə aparıram, sanki bir az özümdə deyiləm.

Dostu onu sakitləşdirmişdi: "Mənim arvadımda da belə olmuşdu. Doğuşdan sonra qadınların hamısı bir az dəli olur".

Həftələr ötür, mən gündən-günə daha az yatırdım. Ovqat dəyişiklikləri getdikcə daha kəskin xarakter alırdı. Biz Kai-la mübahisə etməyə başladıq, bu mübahisələr çox yorucu olurdu. Əsəbi olduğumu hiss edirdim - həm qayğılardan uzaqlaşmaq, həm də oğlumu əmizdirməyə davam etmək istədiyim üçün.

Əslində, oğlumu döşdən ayırmaq istəmirdim, amma o doğulandan beş həftə sonra südümü ona sağıb verirdim, çünki əmizdirmə dözülməz ağrılar verirdi.

Jen-in sözlərinə görə, oğlu doğulandan sonrakı ilk həftələrdə o özünü son dərəcə xoşbəxt hiss edib

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jen-in sözlərinə görə, oğlu doğulandan sonrakı ilk həftələrdə o özünü son dərəcə xoşbəxt hiss edib

Jo-nun xəstəliyinin 22-ci il dönümündə mən psixi sarsıntının bir addımlığındaydım. Biz Kai-la birlikdə oğlumuzu həkim müayinəsinə aparmışdıq - altı həftəsi bitmiş uşaqlar üçün müəyyən edilmiş qaydaya görə.

Klinikanın hollundakı jurnalları vərəqləyəndə birdən niyəsə belə qərara gəldim ki, mən aktrisa Cameron Dias-am, oğlumu doğmaq üçün gizlicə Avstraliyaya gəlmişəm.

Az sonra gənc analarla bir yerdə olanda mənim davranışım tibb bacısının diqqətini çəkib və oğlumla məni aparmaq üçün gələn Kai-a məsləhət görüb ki, dərhal psixiatrik briqada çağırsın.

Çox qorxurdum ki, məni xəstəxanaya göndərəcəklər, amma onlar məndən özümü necə hiss etdiyimi, özümə və ya oğluma zərər vermək barədə düşünüb-düşünmədiyimi soruşdular, sonra da yata bilməyim üçün sakitləşdirici dərman verib getdilər. Ardınca Kai-a zəng vurub dedilər ki, məni nə özümlə, nə də oğlumla tək qoyun. Arvadı haqqında deyilən bu sözlər kimisə hövsələdən çıxara bilərdi, amma Kai mənə heç nə demədən həm mənim, həm də oğlumun qeydinə qalmaqda davam etdi.

Amma bir müddət sonra o, həkimlərin narahatlığını mənə bildirəndə özümü tamamilə məhv olmuş hiss etdim.

Jen yeni doğulmuş oğluyla

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jen yeni doğulmuş oğluyla

Getdikcə ağlıma daha qəribə fikirlər gəlirdi, şiddətli sevinc dövrləri dözülməz narahatlıqla əvəz olunurdu. Həkimlər doğum sonrası psixoz haqqında danışmağa başladılar və qərara gəldilər ki, məni neyroleptiklərlə müalicə etsinlər - bacım psixiatrik klinikaya yerləşdirilən kimi ona verilən dərmanlarla. Bu məni dəhşətli dərəcədə qorxutdu, çünki artıq həqiqətən də bacımın xəstəliyinin bir addımlığındaydım.

Qarabasmalarım olurdu: gah uşaq serebral iflicini müalicə etmək üçün üsullar axtarır, gah elə bilirdim Barack Obama pedofiliya problemini mənimlə müzakirə etmək üçün Avstraliyaya gəlib, gah da inanırdım ki, beynimdə itlərə komanda verə bilirəm. Daxili aləmimdə baş verənlərə o qədər aludə olmuşdum ki, Kai-ın necə çətinlik çəkdiyini anlaya bilmirdim. O, səhər-axşam oğlumuza qulluq edir, onu yedirir, pampersini dəyişir, üstəlik, bir də mənim qeydimə qalırdı. Ailə tərəfdən heç bir kömək görmədən.

O məni həm dinləməyə, həm də axtarmağa məcbur olurdu - gecələr qəfil yerimdən durub mənzilimizdə dolaşmağa başlayırdım. Bir dəfə durub görmüşdü ki, oğlumuz yatan otağa gedib işığı yandırmışam və bir neçə saat ağlayandan sonra onun güc-bəlayla yatırda bildiyi uşağı qucağıma götürmək istəyirəm.

Bir dəfə mən lap ağını çıxardım. Mübahisələrimizin birində eyvanın qapısını açıb bir ayağımı sürahinin o biri tərəfinə aşırdım - mənzilimiz beşinci mərtəbədəydi. Kai üstümə qışqırıb məni geri çəkdi.

Doğum sonrası psixoz

  • Doğum sonrası psixoz çox nadir, amma çox da ağır psixi pozuntudur.
  • Xəstəliyin xarakterik xüsusiyyətləri, adətən, doğuşdan sonrakı ilk iki həftədə üzə çıxır. Amma bəzən bu, daha uzun müddətdən sonra da özünü büruzə verə bilir.
  • Xarakterik simptomları: zəhlətökən düşüncələr və qarabasmalar (reallığa uyğun gəlməyən fikirlər və təsəvvürlər); kəskin ovqat dəyişiklikləri; zəiflik və yüksək yorğunluq; kövrəklik; iştahsızlıq və həzm sistemindəki digər problemlər; yuxusuzluq və ya fasiləsiz yuxululuq; daimi narahatlıq və panik pozuntular.
  • Doğum sonrası psixoz keçirən qadınların çoxunun stasionar müalicəyə ehtiyacı olur.
line

Mən bu epizodu xatırlamıram. Kai onu mənə sağalmağa başladığım dönəmdə danışdı. O gün o, çox qorxmuş və möhkəm hirslənmişmiş. Amma məhz o hadisədən sonra Kai başa düşüb ki, mən xəstəxanada müalicə olunmalıyam.

Biz maşında gedəndə mən qorxu içndəydim. Gözümün qabağına kameralar, dəli köynəkləri, başıma qoyulmuş elektrodlar və beynimdən keçib gedən elektrik impulsları gəlirdi.

Xoşbəxtlikdən Kai-a və oğluma mənimlə qalmağa icazə verdilər və bir həftə sonra da evə buraxdılar. Qarabasmalar, deyəsən, bitmişdi və mən tezliklə evə qayıdıb öz analıq vəzifələrimi yerinə yetirmək istəyirdim. Amma cəmi bir həftə sonra məndə depressiya başladı.

Həkim bizə dedi ki, belə hallar tez-tez baş verir - qarabasmalar depressiyalarla əvəz olunur. Onda mən hələ bilmirdim ki, bu, aylarla davam edəcək əzablarımın başlanğıcıdır.

Ağrı o qədər dözülməziydi ki, ən kəskin vaxtlarında mən çıxış yolu kimi intihar barədə düşünməyə başlamışdım. Dəhşətli fikirlər yaxamdan əl çəkmirdi.

"Mən daha bu ağrıya dözə bilmirəm, mən nəsə etməliyəm... Mənim əlimdən başqa şey gəlmir. Mən bunu edə bilmərəm, mən bu ağrıya dözə bilmərəm..." - o vaxt başımda, bax, bu fikirlər dolaşırdı.

Məni onların təsirinə düşməkdən saxlayan yeganə şey ağrıydı - Kai-a, oğluma və valideynlərimə yaşadacağım ağrı. Ana olduğum halda belə bir "çıxış yolu" haqqında düşündüyüm üçün özümü günahkar hiss edirdim və bu mənim vəziyyətimi daha da ağırlaşdırırdı.

Müalicəm çox ləng gedirdi. Mən antidepressantlar qəbul edir və hiss edirdim ki, yavaş-yavaş normal vəziyyətimə qayıdıram. Məni ən çox sevindirən o idi ki, artıq uşağımla bir yerdə olmaqdan qorxmamağa başlamışdım.

Jen oğluyla

Şəklin mənbəyi, Jen Wight

Şəklin alt yazısı, Jen oğluyla

Xəstəliyim sayəsində mən Jo-nun nələr çəkdiyini daha yaxşı başa düşməyə başladım.

İndi onun 46 yaşı var, tək yaşayır - özünə yemək bişirir, öz bağçasına qulluq edir, yerli xeyriyyə mağazası üçün açıqçalar düzəldir. Jo mənim oğlumu çox sevir, ona kiçik hədiyyələr göndərir, onun üçün şəkillər çəkir. Amma xəstəliyi bu gün də onun üçün çox ağır yükdür.

Depressiyada olanda mən var gücümlə bu xəstəliyə qarşı mübarizə aparırdım. Amma oğluma lazım olduğu qədər analıq edə bilmirdim. Mən qorxurdum ki, həyatının ilk aylarındakı sevgi və qayğı çatışmazlığı gələcəkdə ona pis təsir edəcək. Uşaq psixoloqu bizə dedi ki, oğlumla mənim aramda kifayət qədər güclü bağ var. Xəstəliyim mənim bir valideyn kimi özümə inamıma təsir etsəydi, bu daha böyük problem olardı.

Oğlumla münasibətlərimizn yaxşılaşması üçün mən xeyli əmək sərf etməli oldum. İndi biz ikimiz də dəyişmişik - o da, mən də. Hazırda onun 7 yaşı var və birlikdə vaxt keçirməyimiz məni çox xoşbəxt edir.

Ağır depressiyadan çıxandan, intihar barədə fikirləri dəf edəndən sonra həyat və onun kiçik sevincləri sizə əvvəlkindən daha gözəl görünür. Mənimçün ana olmaq - durmadan, ildən-ilə daha yaxşı olmağa çalışmaqdır.

Biz o ağır dönəmdən Kai-la birlikdə keçdik, biz bunu bacardıq. O ağır təcrübə bizi daha güclü etdi - indi özümüzü o qədər güclü hiss edirik ki, artıq heç bombalardan da qorxmuruq. Amma mən bir də doğmaq istəmirəm: yeni depressiya riskini minimuma endirmək üçün. Həm də biz üçümüz birlikdə çox xoşbəxtik.

Jen-in dediklərini Sarah McDermott qələmə aldı.

Jen Wight- "Rattled: Overcoming Postpartum Psychosis" kitabının müəllifi