Ukrayna: müstəqillik günü hərbi paradla qeyd olunur
Ukrayna paytaxtı Kiyevdə ölkənin müstəqillik günü ilə bağlı hərbi parad keçirilib.
Prezident Poroşenko deyib ki, yaxın gələcəkdə "Ukraynanın başının üstündə daimi hərbi təhlükə" olacaq.
Bazar günü keçirilən müstəqillik paradı, 2009-cu ildən bəri keçirilən ilk hərbi paraddır. Devirilmiş prezident Viktor Yanukoviç həmin il hərbi paradları ləğv etmişdi.
Hərbi paradda yüzlərlə əsgərin marşı və hərbi sursat nümayiş olunub. Tənqidçilər deyiblər ki, Ukraynada müharibə olduğuna görə bu cür parad yersizdir.
Paraddan öncə cənab Poroşenko bəyan edib ki, rusiyapərəst üsyançılara qarşı "üzücü" kampaniyadan sonra ordunu yenidən silahlandırmaq üçün 3 milyard dollar sərf olunacaq.