Ukrayna münaqişəsi: əsir əsgərlər Donetsk paradına çıxmağa məcbur edilib

Donetskdə parad

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Küçələrdə yığışan adamlar qarşılarından keçən əsgərləri "faşistlər" adlandırıb

Şərqi Ukraynadakı rusiyapərəst separatçılar onlarla əsir hökumət əsgərlərini Donetskdəki parada çıxarıblar.

Bundan əvvəl Ukrayna deyib ki, ordunu yenidən silahlandırmaq üçün 3 milyard dollar (2,35 AZN) sərf olunacaq.

Prezident Petro Poroşenko bunu Kiyevdə keçirilən Müstəqillik Günü paradından əvvəl etdiyi çıxışında bəyan edib.

Şərqi Ukraynada hökumət qüvvələri ilə üsyançılar arasında davam edən döyüşlərdə son aylar ərzində 2000-dən çox adam həlak olub.

330 000-ə yaxın adam şərqi Ukraynadakı iğtişaşa görə evindən qaçmalı olub.

Bazar günü üsyançılar ukraynalı əsgərləri Donetskin mərkəzində yeriməyə məcbur ediblər.

Küçələrdə yığışan adamlar qarşılarından keçən, səliqəsiz görünən əsgərləri "faşistlər" adlandırıb. Bəzi adamlar əsirlərə butulkalar atıb, Reuters agentliyi xəbər verir.

Ukraynanın Müdafiə Nazirliyi tutulmuş əsgərlərin bu cür nümayiş etdirilməsini qınayıb.

"Bu iyrənc tədbiri təşkil edənləri insan saymaq olmaz", sözçü Interfax-Ukraine xəbər agentliyinə deyib. Onlar üçün "müqəddəs heç nə yoxdur", deyə o, əlavə edib.

Ukrayna prezidenti bəyan edib ki, rusiyapərəst üsyançılara qarşı "üzücü" kampaniyadan sonra ordunu yenidən silahlandırmaq üçün 3 milyard dollar sərf olunacaq.

Petro Poroşenkonun sözlərinə görə, yaxın gələcəkdə "Ukraynanın başının üstündə daimi hərbi təhlükə" olacaq.

Prezident Poroşenko bu sözləri, paytaxt Kiyevdə keçirilən böyük hərbi paraddan əvvəl deyib.

Cənab Poroşenko deyib ki, investisiya 2015-2017-ci illər arasında tədricən qoyulacaq.

Hərbi paradda yüzlərlə əsgərin marşı və hərbi sursat nümayiş olunub. Tənqidçilər deyiblər ki, Ukraynada müharibə olduğuna görə bu cür parad yersizdir.