Ukrayna böhranı: Almaniya kansleri Kiyevə səfər edir

Şəklin mənbəyi, AP
Kiyevin icazəsi olmadan Rusiya yardım karvanının Ukraynaya göndərilməsini “təhlükəli eskalasiya” adlandıran Angela Merkel Ukraynaya səfər edir.
Cümə günü Rusiya Ukrayna tərəfindən məsələnin yubandırıldığını deyərək Ukraynanın şərqinə yardım çatdırmaq barədə birtərəfli qaydada qərar qəbul etdiyini bildirib.
Avqustun 22-də rusiyapərəst separatçılarının müşayiətilə Luhansk şəhərinə yolanan 100-dən artıq yük maşınından bəziləri artıq geri qayıdaraq Rusiya tərəfinə keçiblər.
Bu arada Kiyev karvanın Ukraynadan hərbi avadanlıq aparmaq üçün istifadə edildiyini bildirib.
"Rusiyalılar Ukrayna ərazisinə humanitar yardım adı ilə daxil olan yük maşınlarına "Kolçuqa" tipli müasir radiolokasiya stansiyaları istehsal edən "Topaz" şirkətindəki avadanlığı və güllə istehsalı üzrə Luhansk zavodunun avadanlığını yükləyirlər", - Ukrayna Milli Təhlükəsizlik Şurasının spikeri Andrey Lysenko "operativ məlumatlara" əsaslanaraq deyib.
Qərb humanitar yardımın hərbi müdaxilənin bir hissəsi ola biləcəyindən ehtiyat edir.
Lakin Kreml Ukraynanın şərqinə yalnız ərzaq, su və elektrik gerenatorları kimi sırf humanitar təyinatlı malların aparıldığını bildirib.
