Ukrayna: Donetsk yaxınlığındakı döyüşlərdə 19 əsgər öldürülüb

Şəklin mənbəyi, BBC World Service
Donetskin şərqində keçirilən döyüşlərdə 19 Ukrayna əsgəri öldürülüb, hökumət deyir.
Rəsmilər bildirir ki, Ukrayna Milli Qvardiyası İlovayskda rusiyapərəst separatçılara qarşı döyüşən könüllülərə əlavə minomyotlar və anti-tank silahları göndərib.
Məlumata görə, Ukrayna gömrük rəsmiləri sərhəddə Rusiyanın humanitar yardım karvanının bəzi yük maşınlarında yoxlama keçirir.
Yardım mühasirə altında olan Luhansk şəhəri üçün nəzərdə tutulub, amma karvan bir neçə gündür ki, ora gedə bilmir.
Rusiyanın karvanı ümumilikdə 270 yük maşınından ibarətdir. Məlumata görə maşınlarda 2000 ton yardım daşınır.

Şəklin mənbəyi, AP
Ukraynanın şərq hissəsi üçün humanitar yardım daşıyan bir neçə Rusiya yük maşını Ukrayna sərhədini keçib.
270 ədəd maşından bir neçə KaMAZ "Donetsk" sərhəd məntəqəsindən ölkəyə daxil olub.
Rusiya gömrük əməkdaşlarından biri bildirib ki, maşınlar gömrükdən keçir.
Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, ötən gecə ukraynalı gömrükçü və sərhədçiləri Rusiyadan gələn yüklərin qeydiyyatına başlamayıb.
"Ukrayna tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsindən yükü təyin edilmiş məntəqəyə çatdırılması hazırlığı barədə cavab aldıqdan sonra müvafiq işə başlayacaq" XİN-in açıqlamasında deyilir.
Həmçinin bildirilib ki, separatçılar və Rusiya BQXK-nın işçiləri və yükün təhlükəsizliyinə təminat verməlidir.
Çərşənbə günü Cənubi Gömrük idarəedicisi İnterfaks-Yuq agentliyinə gömrükçülərin humanitar yükün qeydiyyatına başladığını açıqlayıb.
Bundan sonra maşınlar döyüşlərin davam etdiyi Donetskə tərəf hərəkət edəcək.




