Ukrayna: 14 Rusiya telekanalının yayımı yasaqlanıb

Ukrayna hakimiyyəti “müharibə və zorakılıq təbliğatına” yol verməmək məqsədilə 14 Rusiya telekanalının yayımının yasaqlanması barədə qərar qəbul edib.
Müvafiq göstərişi Ukraynanın daxili işlər naziri Arsen Avakov imzalayıb.
Qadağan edilmiş media siyahısına “Birinci kanal” və ingilis dilli “RT” kanalı daxil olmaqla aparıcı Rusiya telekanalları salınıb.
"Ukrayna müstəqil dövlət olaraq öz informasiya məkanını Ukrayna vətəndaşları arasında məqsədyönlü nifrət və nifaq salan Rusiya Federasiyasının informasiya təcavüzündən müdafiə etməlidir”, - daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Facebook” səhifəsində bildirib.
Ancaq hüquq müdafiəçiləri media azadlığının məhdudlaşdırılmasının yanlış informasiya ilə mübarizədə doğru yol olub-olmadığını sual altına alırlar.
