Bu günə qədər bilmədən minlərlə böcək yemiş ola bilərikmi?

Şəklin mənbəyi, HELEN SOTERİOU
Böyük ehtimalla fərqinə varmadan dəfələrlə böcək yemisiniz.
Qırmızı qida boyalarının demək olar ki, hamısı əzilmiş böcəklərdən əldə edilir.
Koşenil böcəyi kimi tanınan və vətəni Cənubi Amerika olan böcəklərdən milyonlarla yetişdirilir və qida boyalarının istehsalında istifadə edilir.
Meyvəli yoqurtlardan dondurmalara, sərinləşdirici içkilərdən rəngli keks kremlərinə qədər tərkibinə qırmızı rəng qatılan, demək olar ki, bütün qidalarda koşenil böcəyinin izləri mövcuddur.

Şəklin mənbəyi, GETTY
Xüsusilə, Peruda sənaye miqyasında yetişdirilən koşenil böcəyi bir çox dodaq boyasına da qırmızı rəng verir.
Bu böcəyi qlobal qida bazarının ayrılmaz hissəsinə çevirən səbəb isə onun dayanıqlığıdır.
İnsan sağlamlığı üçün heç bir şəkildə təhlükəli olmayan koşenil böcəyinin əzilməsiylə əldə olunan qırmızı rəng temperatur dəyişikliyinə davamlıdır və canlı rəngini itirmir.
Koşenil böcəyindən əldə edilən qida boyasını dəstəkləyənlər bunun təbii məhsul olduğunu vurğulayır və kimyəvi qida boyalarındansa koşenil böcəyinin boyasının daha yaxşı olduğunu deyir.

Şəklin mənbəyi, SCIENCE PHOTO LIBRARY
Lakin onlar bu boyanın qatıldığı qidaların etiketində qırmızı rəngin necə əldə edilməsi barədə daha dəqiq yazılmalı olduğunu düşünür.
Aldığınız qırmızı rəngli qida məhsullarının etiketinə baxsanız, "koşenil" sözünü görə bilərsiniz. Koşenil sözü bəzən Avropa Birliyi məhsullarında E120 kodu ilə qeyd olunur.
5 mm olan bu böcəklər kaktus yarpaqlarından yığılır. Qanadsız dişilər qırmızı qida boyası istehsalında istifadə edilir.

Şəklin mənbəyi, Science Photo Library
Bu böcəkləri artırmaq o qədər də asan olmadığı üçün onların qiyməti getdikcə artmaqdadır.
2013-cü ildən bu yana 1 ton koşenil böcəyinin qiyməti 73 faiz artıb.
PETA kimi heyvan haqları təşkilatları bu böcəklərin sənaye miqyasında artırılıb qida sektorunda istifadə edilməsinə qarşı çıxır.
PETA "Sadəcə 500 qram qida boyası üçün təxminən 70 min böcəyin öldürülməsi lazımdır" deyir.

Şəklin mənbəyi, GETTY
Digər qida boyaları arasında çuğundur və ya böyürtkən kimi meyvələrdən əldə edilən boyalar da var. Lakin onların heç biri koşenil qədər dayanıqlı deyil.
Məsələn, çuğundurdan əldə edilən rəng işığa və ya istiliyə məruz qaldıqda solur və rəngini itirir.








