Londonda Aİ-yə üzvlüklə bağlı "böyük debatlar" keçirilib

Şəklin mənbəyi, AP
Çərşənbə axşamı Londonda Wembley Arena zalında Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünə cümə axşamı keçiriləcək referendum ilə bağlı BBC-nin təşkil etdiyi "böyük debatlar" baş tutub.
Referendum öncəsi son debatlar təxminən iki saat davam edib və altı min insan debata baxmağa gəlib. Müzakirələr əsasən, iqtisadiyyat, suverenlik və miqrasiya problemlərinə həsr olunub.
Fikir mübadiləsi zamanı Şotlandiya mühafizəkarlarının lideri Ruth Davidson Londonun keçmiş meri Boris Johnson ilə dəfələrlə kəskin polemikaya daxil olub. O, Aİ-dən çıxmaq uğrunda kampaniya fəallarını yalan danışmaqda ittiham edib.
Boris Johnson isə öz növbəsində Aİ tərəfdarlarının "Britaniyanı alçaltdığını" bildirib.
Johnson çıxışının sonunda "Britaniya Aİ-ni tərk etmək üçün səs versə, cümə axşamı ölkəmizin müstəqillik günü ola bilər" deyib və tərəfdarları onu ayaqda alqışlayıb.
Ruth Davidson isə yekun nitqində arenaya toplaşanlara müraciətlə bildirib ki, əgər onlar Aİ-dən çıxmaqla bağlı səs versələr, bu seçimlərində 100 faiz əmin olmalıdırlar, "çünki cümə gününün səhəri artıq geriyə dönüş olmayacaq".
İyunun 23-da keçiriləcək səsvermədən əvvəl öz arqumentlərini təqdim etmək üçün hər iki tərəfin son imkanı olan bu debatlar təbliğat kampaniyasında ən böyük debatlardır.
Debatlar zamanı Britaniya paytaxtının indiki meri Sadiq Khan və keçmiş meri Boris Johnson fikirlərini fadə edib. Johnson öz opponentlərini seçicilərin nəməlumluq qarşısında qorxusundan istifadə etməkdə günahlandırıb, Khan isə bildirib ki, Aİ-dən çıxmaq kompaniyasının fəalları "nifrət saçırlar".

Aİ-dən çıxmağın tərəfdarları arasında energetika naziri Andrea Leadsom və parlamentinin üzvü Gisela Stuart olub.
Debatda miqrasiya problemindən danışan Sadiq Khan qarşı tərəfi yalan danışmaqda və Türkiyənin Aİ-yə üzvlük perspektivləri cəhdlərilə seçiciləri qorxutmaqda ittiham edib.
"Yaxın zamanlarda Türkiyə Aİ-yə daxil olmayacaq", - o qeyd edib.
Bu iddiaya Gisela Stuart cavab verərək deyib ki, Britaniya hökuməti bütün gücü ilə Türkiyənin Aİ-yə üzvlüyünü sürətləndirməyə çalışır.



