Aİ danışıqları: mümkün Cameron-Tusk razılaşması üçün "həlledici" gün

Tusk və Cameron Londonda Britaniya baş nazirinin iqamətgahında şam yeməyi zamanı görüşüblər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Tusk və Cameron Londonda Britaniya baş nazirinin iqamətgahında şam yeməyi zamanı görüşüblər

Britaniya baş naziri David Cameron və Avropa Şurasının Prezidenti Donald Tuskun Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən baxılmış üzvlüyü ilə bağlı danışıqlarının "həlledici" günü müəyyən edilib.

Bazar günü Donald Tusk Britaniyanın baş naziri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, AŞ və Britaniya münasibətlərinin yenidən baxılması üzrə razılaşma əldə etmək mümkün olmayıb.

Güman edilirdi ki, razılıq layihəsi bazar ertəsi fevral sammiti ərəfəsində Avropa liderlərinə təqdim olunacaq.

Tusk və Cameron Londonda Britaniya baş nazirinin Dauninq-stritdə yerləşən iqamətgahında şam yeməyi zamanı görüşüblər.

Şam edərkən, Cameron "Twitter" sosial şəbəkəsində yazıb ki, Avropa Şurasının sədri danışıqları daha 24 saat uzatmağa razılıq verib.

"Tusk bildirib ki, çərşənbə axşamı Aİ-nin üzv ölkələrinin nümayəndə heyətləri arasında razılıq layihəsinin mətninin yayılmasını planlaşdırır", baş nazirin dəftərxanasının bəyanatında deyilir.

Avropa İttifaqının liderlərinin sammiti gözlənildiyi kimi, fevralın 18-19-də keçiriləcək.

"Təcili tormozlanma"

Britaniyanın Aİ-yə üzvlük şərtlərinin yenidən baxılmasına nail olmağa çalışan Cameron təklif edib ki, Avropa Birliyinin digər ölkələrindən olan miqrantlar Britaniyaya gələndən sonra ilk dörd il ərzində sosial müavinətlərə iddia hüququndan məhrum edilsin.

Baş nazir hesab edir ki, bu tədbir Britaniyaya əmək miqrantlarının axınını dayandırmaq imkanı verəcək.

Britaniyanın baş naziri "təcili tormozlanma" adını alan sxemi Avropa İttifaqına üzvlük haqqında Britaniyanın referendumundan dərhal sonra tətbiq etmək niyyətindədir.

Ölkə hakimiyyəti referendumu 2017-ci ilin sonunadək keçirməyə söz verib, amma cənab Cameronun sözlərinə görə, alyansın islahatlar barədə müqaviləsi fevral ayında Aİ-nin növbəti sammitində imzalansa, referendum artıq cari ildə təşkil edilə bilər.

Britaniyanın təklifləri

Britaniya baş nazirinin Avropa İttifaqının islahatları barədə təkliflərinin dörd əsas bəndi var: iqtisadiyyatın, rəqabətin, immiqrasiyanın və suverenliyin idarəetməsi.

Cənab Cameron Avrozonaya daxil olmayan ölkələrin iqtisadi maraqlarının məhdudlaşdırılmaması üçün avronun Avropa İttifaqının yeganə valyutası tanınmamasını tələb edir.

Britaniya həmçinin Brüsseldən özünün Avrozona ölkələrinə maliyyə yardımı proqramlarında iştirak etməyəcəyinə dair zəmanət almaq istəyir.

Bundan əlavə, David Cameron Avropa iqtisadiyyatının "artıq tənzimləmə yükünün azaldılmasını" və vahid bazarın daha da genişləndirilməsini məhdudlaşdırmağa çağırır.

Britaniyanın baş naziri miqrantlara sosial müavinətlərin verilməsi qaydalarının sərtləşdirilməsinin lehinə çıxış edir.

Bundan başqa, Britaniya hökumətinin başçısı hesab edir ki, milli parlamentlər Avropa İttifaqına üzv ölkələrdən daha çox səlahiyyətlər verilməlidir ki, yerlərdə Brüsselin bəzi qərarlarını təcrid edə bilsinlər.