Obama britaniyalıları Avropa İttifaqında qalmağa çağırıb

Şəklin mənbəyi, Getty

Barack Obama Britaniyanın Daily Telegraph qəzetində Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün üstünlüklərindən yazıb.

Obamanın Böyük Britaniyaya səfərindən əvvəl dərc edilmiş yazıda bildirilir ki, Avropa İttifaqında üzvlük nəinki ölkəni əzəmətindən məhrum etmir, hətta onun təsirini genişləndirir. Çünki bir sıra məsələləri müstəqil həll etmək mümkün deyil.

Obama həmçinin Vaşinqton və London arasında "xüsusi münasibətlərin" uzun tarixini britaniyalılara xatırladır və işarə edir ki, Böyük Britaniya ABŞ və Avropa Birliyi arasında bağlayıcı həlqədir.

ABŞ prezidenti vurğulayır ki, Britaniya xalqı Aİ-yə üzvlüyünün saxlanması və ya imtina edilməsi qərarı özü qəbul etməlidir və o, öz tərəfindən heç bir təzyiq göstərmək istəmir.

Rəsmi məlumata görə, Obamanın Böyük Britaniyaya səfəri terrorizmlə mübarizə perspektivlərinin müzakirəsi ilə bağlıdır, lakin gözlənilir ki, o, cümə günü mətbuat konfransında britaniyalılara açıq şəkildə Aİ-də qalmağı məsləhət görəcək.

Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı referendum iyunun 23-nə təyin olunub. Böyük Britaniyanın baş naziri David Cameron ölkənin Aİ-yə üzvlüyünün tərəfdarıdır.