ABŞ Suriyaya "daha 250 hərbçi göndərəcək"

Şəklin mənbəyi, Getty
ABŞ prezidenti Barack Obama Suriyadakı Amerika hərbi kontingentini 250 nəfər genişləndirmək üçün qərar qəbul edib, Qərb mətbuatı Ağ Evin yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.
Gözlənilir ki, Obama ölkəsinin Avropa müttəfiqləri ilə danışıqlar üçün gəldiyi Almaniyanın Hannover şəhərində bazar ertəsi çıxışı zamanı öz qərarını rəsmən elan edəcək.
Hazırda Suriyada amerikalı xüsusi təyinatlılarının 50-yə yaxın döyüşçüsü var. Beləliklə, yeni qüvvələr Suriyaya göndərildikdən sonra kontingentin sayı 300 nəfərə qədər, yəni altı dəfə artacaq.
Wall Street Journal qəzeti öz mənbələrinə istinadən iddia edir ki, Suriyaya göndəriləcək hərbçilərin əksəriyyəti xüsusi qüvvələrdir, lakin onlarla birlikdə təchizat xidməti və tibbi heyət də göndərəcək.
Suriyada hərbi iştirakın genişləndirilməsi artıq bir neçə həftədir müzakirə olunur. Obamanın müşavirləri hesab edirlər ki, belə bir addım özünü "İslam Dövləti" (İD) adlandıran qruplaşmanın yaraqlıları ilə səmərəli mübarizə aparmağa imkan yaradacaq.
Ötən həftə Pentaqon İraqa əlavə 217 əsgər göndərilməsi barədə elan verib. Onlarla birlikdə səkkiz "Apaç" vertolyotunun göndərilməsi planlaşdırılır. Bu, son il ərzində İraqda Amerika kontingentinin genişləndirilməsində ilk mühüm addımdır.
ABŞ İD qruplaşması ilə əsasən yaraqlıların mövqelərinə aviasiya zərbələri endirmək yolu ilə mübarizə aparır.
Obama dəfələrlə bəyan edib ki, Amerika yerüstü əməliyyatlara başlamaq fikrində deyil, ancaq xüsusi təyinatlı dəstələrinin Suriyaya göndərilməsi üçün maneə görmür.

Şəklin mənbəyi, Getty
Bundan əvvəl ABŞ prezidenti BBC-yə müsahibəsində Suriyada ABŞ quru qoşunlarının yerləşdiriləcəyini istisna edərək, bu ölkənin problemlərini təkcə hərbi yolla həll etməyin mümkünsüz olduğunu bildirib.
"Qoşun göndərib, Əsəd rejimini devirmək...bu, ABŞ və ya Britaniya üçün səhv addım olardı", Barack Obama BBC-yə müsahibəsində deyib.
O, etiraf edib ki, onun prezidentlik səlahiyyətləri başa çatanadək yaxın 9 ay ərzində çətin ki ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İD qruplaşmasını məğlub etsin.
"Biz onların fəaliyyət dairəsini yalnız daralda bilərik", ABŞ prezidenti əlavə edib.
Britaniyada 3 günlük səfərdə olmuş prezident Obama Suriyada "acınacaqlı vəziyyət yarandığını" etiraf edib.
"Məsələnin həlli yollarının sadə olacağını düşünmürəm", o qeyd edib.
Eyni zamanda prezident Obama ABŞ rəhbərliyi altında koalisiya qüvvələrinin İD qruplaşması mövqelərinə havadan zərbə endirməkdə davam edəcəyini vəd edib.




