Qəzzadan İsrailə tunel "aşkarlanıb"

Şəklin mənbəyi, Israel Defense Forces

İsrail Ordusu bildirib ki, öz ərazisində Qəzzadan başlayan bir neçə yüz metrlik tunel taparaq "zərərsizləşdirib".

Bəyanatda deyilir ki, tunel Fələstinin qiyamçı Həmas qrupu tərəfindən "İsrailə daxil olmaq və terror hücumları etmək" üçün qazılıb.

Qəzzada mənzillənən Həmas qrupu isə İsrailin "köhnə" tunel tapdığını bildirib.

Bu, 2014-cü ildə Qəzzada İsrail və qiyamçılar arasında müharibə bitdikdən sonra tapılan ilk quyudur.

Döyüşlərin getdiyi 50 gün ərzində Həmas döyüşçüləri tunellər vasitəsilə İsrailə 4 dəfə daxil olaraq 12 əsgəri öldürüb.

İsrail həmin vaxt 30-dan çox tuneli məhv edib.

Fələstinlə İsrail arasındakı münaqişə nəticəsində 2251 fələstinli həyatını itirib - onlardan 1462 nəfəri sadə sakinlər olub. 11 231 nəfər yaralanıb, 18 min ev ya dağılıb, ya da ağır zərər çəkib, BMT rəqəmlərində deyilir.

İsraildə isə 67 əsgər və 6 sadə şəxs ölüb, 1600 nəfər yaralanıb, bəzi evlər də dağılıb.

Ordunun bazar günü verdiyi bəyanatında deyilir ki, İsrailin cənubundakı tunel "kəşfiyyat, texnologiya və piyada qüvvələrin birgə cəhdləri" nəticəsində tapılıb.

"Çirkin həqiqət budur ki, Həmas terror və ölüm tunelləri qazmaq üçün milyonlarla dollar xərcləməkdə davam edir", sözçü leytnant polkovnik Peter Lerner deyib.

"İsraildə tapılmış tunel Həmasın prioritetlərini və zorakılıq alətlərinə sərmayəsini göstərir".

Lernerin sözlərinə görə, yolları sementlənmiş tunel 30-40 metr dərinlikdə olub, ora elektrik xətti və havalandırma sistemi çəkilib, lakin çıxışı olmayıb.

Həmas isə bildirib ki, İsrail ABŞ-dan əlavə yardım almaq üçün köhnə tuneli yenisi kimi qələmə verib.