İsrail Qəzzadan qoşunlarını çıxarıb

Şəklin mənbəyi, EPA
İsrail qoşunları Qəzzadan çıxaraq fələstin ərazisi xaricində "müdafiə mövgelərinə" çəkilib, Israil hərbiyyəsinin sözçüsü Peter Lerner bildirib.
İsrail yaraqlıların qazdığı tunnelləri dağıtdığını qeyd edərək Qəzzaya qarşı hərbi əməliyyatının əsas məqsədinə nail oldunduğunu bildirirb.
72 saatlıq atəşkəs barədə razılıq Misirin vasitəçiliyilə ötən gün əldə edilib, yerli vaxtla səhər saat 8-dən qüvvəyhə minib və xəbərlərə görə hələlik gözlənilməkdədir.
Qəzza rəsmilərinə görə 4 həftə çəkmiş münaqişə nəticəsində 1,800 fələstinli həlak olub.
İsrail tərəfdən ölənlərin sayı 67 təşkil edib.
BMT rəqəmlərinə əsasən, ölən Qəzza sakinlərinin 75%-i mülki əhalidir, həlak olan fələstinli uşaqların sayı 400-dən çoxdur.
Qoşunları çəkməkdən əvvəl İsrail ordusu hərbi əməliiyat gedişində Qəzzada 32 tunnelin dağıdıldığını, 3 min raketin məhv edildiyi və 900 "terrorçu" öldürdüyünü bildirib.
Razılıq
İsrail və Fələstin qruplaşmaları, o cümlədən Hamas Misirin Qəzza sektorunda humanitar məqsədlə atəşin dayandırılmasını nəzərdə tutan planını qəbul etməyə razılaşıblar.
Atəşin dayandırılması haqda razılıq çərşənbə axşamı yerli vaxtla saat 08:00-da qüvvəyə minib.
Bazar ertəsi İsrail birtərəfli qaydada yeddi saatlıq atəşkəs elan etsə də, sonradan döyüş əməliyyatlarını bərpa edib.
Tərəflər bundan əvvəl atəşin dayandırılması haqda dəfələrlə elanlar versə də, bu razılaşmalar hər dəfə pozulub.
"Şərtsiz atəşkəs"
Ən son atəşin dayandırılması məsələsi Qahirədə İsrailin iştirakı olmadan müxtəlif Fələstin qruplaşmaları ilə müzakirə olunub.
Sonra İsrailin təmsilçisi BBC-yə deyib ki, "İsrail Misirin təklif etdiyi şərtsiz 72 saatlıq atəşin dayandırılması haqda layihəni qəbul etməyə razıdır".
Eyni sözləri Qəzzada hakimiyyəti əlində saxlayan Hamas qruplaşmasının nümayəndəsi də bəyan edib.
Misir, əvvəl də atəşin dayandırılması üçün oxşar razılaşma təklif edib, bu təklif İsrail tərəfindən qəbul olunsa da, Hamas təklifi rədd edib.
Yeni razılaşma, həm də tərəflərin Qahirədə yeni danışıqlıqlarını nəzərdə tutur.
Fələstinlilərin əsas tələbləri olduğu kimi qalır- İsrail qüvvələrinin Qəzzadan tam çıxması, sektorun mühasirəsinin dayandırılması və sərhəddə keçid-yoxlama məntəqələrinin açılması.




