Nigeriya: "oğurlanmış qızların" videosu yayılıb

Qızı Rifkatu oğurlanan Yana Galang videodakı qızlardan bəzilərini tanıya bilib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qızı Rifkatu oğurlanan Yana Galang videodakı qızlardan bəzilərini tanıya bilib.

Boko Haram qrupunun yeni yaydığı videodakı məktəbli qızların iki il əvvəl Nigeriyanın Çibok şəhərindən oğurlanmış qızlar olduğu güman edilir.

Uzun qara libaslarda olan 15 qızı əks etdirən videonun fevral ayında çəkildiyi ehtimal olunur. Hökumətə ünvanlanan görüntüdə qızlar Çibok məktəbindən oğurlanmış şagirdlər olduqlarını deyirlər.

Onlardan bəziləri valideynləri tərəfindən tanınıb. Bu, 2014-cü ildə qızların oğurlanmasından bəri onların ilk açıqlanan görüntüsüdür.

Nigeriyanın şimalındakı məktəbdən 276 qızın oğurlanması ABŞ-ın birinci xanımı və bır sıra məşhurların qatıldığı “#BringBackOurGirls” adlı qlobal kampaniyaya təkan vermişdi.

Lakin qlobal səylərə rəğmən qızları qaytarmaq mümkün olmamışdı.

Boko Haram tez-tez məktəbləri hədəfləyir.

  • 2002-ci ildə təsis edilən Boko Haram qərbsayağı təhsilə qarşı çıxır.
  • Qruplaşmanın adı hausa dilindən "Qərb təhsili qadağandır" kimi tərcümə olunur.
  • Boko Haramın silahlı basqınları 2009-cu ildə başlayıb.
  • Əsasən Nigeriyanın şimalında baş verən Boko Haram hücumları nəticəsində, yüzlərlə adam oğurlanıb.
  • "İslam Dövləti" adlandırılan qruplaşmaya birləşdiyini elan edən Boko Haram hazırda özünü "İD-nin Qərbi Afrika əyaləti adlandırır"
  • Cihadçı qruplaşma nəzarət etdiyi ərazilərdə xilafətin qurulduğunu elan edib.