BMT təyyarələrlə Suriyaya humanitar yardım tədarükünə başlayıb

Şəklin mənbəyi, Getty
BMT aviasiyası Suriyanın son aylar “İslam dövləti” qruplaşmasının yaraqlıları tərəfindən mühasirədə saxlanan şimal-şərqindəki Deyr əz-Zor şəhərinə humanitar yardımın ilk partiyasını çatdırıb.
BMT-nin məlumatlarına görə, mühasirəyə alınmış şəhərin təxminən 200 min sakini ərzaq çatışmazlığı şəraitində yaşayır.
Təşkilatın son məruzəsində yaşayış şəraitlərinin kəskin şəkildə pisləşməsindən xəbər verir və kifayət qədər yeməmə halları və acından ölmə hallarının artmasını bildirir.
BMT humanitar agentliyinin rəhbəri Stephen O'Brien Təhlükəsizlik Şurasına məruzə edib ki, şəhərin Suriya hökumət qoşunlarının nəzarətində olan rayonlarına təyyarədən 21 ton ilkin tələbat malları atılıb.
Onun sözlərinə görə, Suriya Ərəb Qırmızı Aypara nümayəndələri konteynerlərin, planlaşdırıldığı kimi, nəzərdə tutulan yerlərlə endiyini təsdiqləyiblər.
Müstəsna vasitə
BBC müxbiri Nick Nick Bryant deyir ki, qarşıduran tərəflərin şəhərə girişi bağladığı şəraitdə humanitar yüklərin təyyarələrdən atılması müstəsna yardım etmə vasitəsidir.

Şəklin mənbəyi, AFP
Lazımi yüklərin daha səmərəli tədarük üsulu onların avtokərvanlarla göndərilməsidir, o deyir.
Ötən həftə Suriyada mühasirəyə alınmış bir neçə yaşayış məntəqəsinin dinc əhalisinə təcili humanitar yardımla avtokərvanlar daxil olmağa baışlayıb. Lakin onu ehtiyacı olanların hamısı ala bilməyib – bir sıra bölgələrdə şiddətli döyüşlər gedir.
Ümumdünya Ərzaq Proqramı təşkilatının mütəxəssisləri bundan əvvəl humanitar yüklərin Suriyaya hava yolu ilə çatdırılmasını istisna edirdilər. Və bunu hava məkanından istifadə etmək üçün icazə almağın mümkün olmaması və yerdə işlərin təşkil edilməsinin mürəkkəbliyi ilə izah edirdilər.
Britaniya hökuməti də xəbərdarlıq etmişdi ki, yüklərin havadan atılması çox risklidir və yalnız bütün vasitələr tükəndikdən sonra son vasitə kimi nəzərdən keçirilə bilər.
Lakin BMT-nin fövqəladə yardımlar üzrə əlaqələndiricisi Jan Egeland ötən həftə bəyan etmişdi ki, bu strategiya Deyr əz-Zor şəhərinin ac qalan sakinlərini yedizdirməyin yeganə yoludur.
BMT-nin məlumatına görə, 480 minə qədər suriyalı mühasirə altında olan ərazilərdə qalmaqdadır, ümumiyyətlə isə Suriyanın çətinliklə gedilə bilən bölgələrində təxminən 4 milyon insan yaşayır.





