Afrikanın “günəş enerjisi ilə işləyən ilk avtobusu”

Uqandalı istehsalçıların dediyinə görə Afrikanın günəş enerjisi ilə işləyən ilk avtobusu təqdim olunub.
“Kiira Motors”a məxsus Kayoola elektrik avtobusu Uqandanın paytaxtı Kampaladakı stadionda nümayiş etdirilib.
Akkumulyatorlardan biri avtobusun üzərindəki günəş paneli vasitəsilə yüklənə bilir və bu avtobusun sürətini artırır.
İndi istehsalçılar kütləvi istehsal üçün tərəfdaşlar cəlb etməyə ümid edirlər.
"Kiira Motors"un icraçı direktoru Paul İsaac Musasizi BBC-ə bildirib ki, avtobusun sınaq gəzintisinə olan böyük və pozitiv maraq onu “təsirləndirib”.

İnsanlar Uqandanın prototip avtomobil istehsal edə bilməsi ideyasını maraqla qarşılayıblar. Cənab Musasizi bildirib ki, o ölkəsinin regionda “avtomobil, mühərrik istehsalı sahəsində qabaqcıl olmasını” istəyir.
O həmçinin bu istehsalın işsizliyin sayını azaladacağına ümid edir və təxmin edir ki, 2018-ci ilədək 7 mindən çox insan Kayoola avtobusunun istehaslında iştirak edə bilər.
Lakin ilkin olaraq layihənin həyata keçməsi üçün beynəlxalq şirkətlərin avtobusu hissələrlə təmin etməsi lazımdır.
2039-cu ilədək isə şirkətin bütün hissələri istehsal edəcəyi və avtobusun Uqandada yığılacağı planlaşdırılır.
35 yerlik avtobus daha çox şəhərdaxili nəqliyyat üçün yararlıdır, çünki uzaq məsafələrə hərəkət etməsi üçün enerji yetərli olmaya bilər.
Əgər kütləvi istehsal olunarsa hər bir avtobus 58,000 dollara başa gələcək.




