Suriya: "400 sakin təcili" evakuasiya olunmalıdır

BMT altı aydır hökumətin mühasirədə saxladığı 40 min şəhər sakininə ərzaq aparıb
Şəklin alt yazısı, BMT altı aydır hökumətin mühasirədə saxladığı 40 min şəhər sakininə ərzaq aparıb

Suriyanın mühasirədə olan Madaya şəhərində 400 nəfər tibbi müalicə alması üçün təcili evakuasiya olunmalıdır, Yeni Zelandiyanın BMT-dəki səfiri deyir.

Gerard van Bohemen bu haqda, BMT Təhlükəsizlik Şurasının Dəməşq yaxınlığında, üsyançıların nəzarətində olan şəhərdəki böhranı müzakirə edəndən sonra deyib.

Bir müddət əvvəl humanitar yardım karvanı altı aydır hökumətin mühasirədə saxladığı 40 min şəhər sakininə ərzaq aparıb.

BMT acından ölən insanlar haqqında etibarlı mənbədən məlumat aldığını deyir.

Münaqişə tərəfləri ilə razılıq əldə edildikdən sonra humanitar yük avtomobilləri üsyançı qüvvələrinin mühasirədə saxladığı İdlibin şimal vilayətində yerləşən iki şəhərə də daxil olub.

Ötən ilin mart ayından etibarən 20 mindən çox insanın əsirlikdə saxlanıldığı Foah and Kefrayada da vəziyyətin həddindən artıq gərgin olduğu deyilir.

“Həddindən çox zəif”

Bir neçə adama Madayadan çıxmağa icazə verilib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bir neçə adama Madayadan çıxmağa icazə verilib

Bazar ertəsi günü New Yorkda, BMT-nin baş qərargahında çıxış edən Cənab Van Bohemen bildirib ki, təxminən 400 Madaya sakini təcili müalicə olunmalıdır.

"Onlar elə günü bu gün təcili tibbi müalicəyə cəlb olunmalıdırlar və onlar həmin insanları təxliyə etmək üçün Suriya hökumətindən icazə istəyirlər" AFP informasiya agentliyi məlumat verib.

Bir neçə şəhər sakininə ərazini tərk etməsinə icazə verilib və hazırda onların evakuasiya olunması gözlənilir.

BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Suriya Qırmızı Aypara və Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nəzarəti altında təxminən 44 yük avtomobili bazar ertəsi günü Dəməşqdən Madayaya çatıb.

Yardım karvanı əhaliyə ərzaq və dərman preparatları, habelə adyal, tikinti materialları və sabun gətirib.

Gətirilən yardımın gecə ərzində də paylanılması gözlənilirdi.

Madayada BQXK tərkibində işləyən Pawel Krzysiek deyir: " İnsanlar hər beş dəqiqədən bir gəlib soruşurdular ki, siz bizə ərzaq, dərman da gətirmisinizmi?”

"Onların bəziləri gülümsəyir və bizə əl yelləyirdilər, amma əksəriyyətinin çox kədərli və yorğun ifadəsi vardı”, Pawel Krzysiek deyir.

Suriya üçün BMT-nin humanitar koordinatoru Yacoub El Hillo BBC-yə deyib ki, BMT əməkdaşları şəhərdə aclıq çəkən uşaqları görüb.

17 yaşlı şəhər sakini Hiba Abdel Rahman AFP deyib ki, 15 gün ərzində onlar yalnız sup içiblər.

"Mən gördüm ki, bir gənc oğlan həyətdəki pişiyi öldürüb onu ailəsinə dovşan əti kimi təqdim edirdi. Bəzi insanlar zibil qutularını eşələyir, bir hissəsi isə ot yeyir. Biz döyüşçülərdən ərzaq istədik, amma onlar bizə verməkdən imtina etdilər”, Hiba Abdel Rahman deyir.

Dəməşqin şimali-qərbindən 25 km və Livan sərhəddindən 11 km uzaqlıqda olan Madaya hökumət qüvvələri və onların Livandakı müttəfiqləri İslamçı Şiə Hizbullah hərəkatı tərəfindən ötən ilin iyul ayının əvvəllərindən mühasirəyə alınıb.

Bu arada, 21 yük maşını bazar ertəsi günü Foah and Kefraya da daxil olub.

Şəklin mənbəyi, AFP

Humanitar yük maşınlarında əsas ərzaq məhsulları - düyü, bitki yağı, un, şəkər və duz- habelə su, uşaq yeməkləri, adyal, dərman və cərrahi materiallar daşınıb.

Bazar günü Sərhədsiz Həkimlər açıqlama yayıb ki, dekabrın 1-dən bu yana Madayada, altısı bir yaşına çatmayan körpə uşaq olmaqla ümumilikdə 28 nəfər aclıqdan dünyasını dəyişib.

Buna baxmayaraq Suriya rəsmiləri və Hizbullah şəhərdə hər hansı ölüm faktının olmasını təkzib edib.

"Suriya hökuməti öz əhalisinə qarşı heç bir aclıq siyasəti yeritməyib və yeritməyəcək", Associated Press Suriyanın BMT-dəki səfiri Bashar Ja'afariyə istinadən xəbər verir.

Üsyançı liderləri də Madaya sakinlərinə qidanı baha qiymətə satmaqda ittiham olunurdular.

Suriyada 4,5 milyon insan çətin gedilən rayonlarda, humanitar yardıma çıxışı olmayan 15 mühasirədə olan ərazidə isə təxminən 400 min insan yaşayır.