Miqrant böhranı: bir milyondan çox insan Avropaya dəniz yolu ilə gəlib

Miqrantların çoxu Yunanıstan adalarına Türkiyə vasitəsilə keçib
Şəklin alt yazısı, Miqrantların çoxu Yunanıstan adalarına Türkiyə vasitəsilə keçib

2015-ci ilin əvvəlindən başlayaraq dəniz yolu ilə bir milyondan çox qaçqın və miqrant Avropaya gəlib, Birləşmiş Millətlər Təşkilatının Qaçqın Agentliyi (BMTQA) xəbər verir.

Məlumata əsasən 1 milyon 573 insanın 80%-dən çox hissəsi Yunanıstana, Lesbos adasına eniş edib.

844 min insan Yunanıstana Türkiyə vasitəsilə keçib. Digərləri - Aralıq dənizini keçərək Liviyadan İtaliyaya gəlib.

Hazırkı miqrant böhranı Avropa üçün İkinci Dünya müharibəsindən sonra ən pis göstərici sayılır.

Dəniz yolu ilə Avropaya gələnlərin sayı 2014-cü ildən etibarən kəskin şəkildə artmağa başlayıb, hansı ki, həmin dövrdə Avropada onların sayı 216 mindən çox deyildi.

Avropaya dəniz yolu ilə keçənlərin sayı 2014-cü ildən etibarən kəskin şəkildə artmağa başlayıb
Şəklin alt yazısı, Avropaya dəniz yolu ilə keçənlərin sayı 2014-cü ildən etibarən kəskin şəkildə artmağa başlayıb

"Çox sayda qaçqın və miqrant Avropaya çatmaq üçün ümidsiz halda öz şansını qayıq və katerlərin göyərtəsində sınayır", BMTQA saytı xəbər verir.

"Bu təhlükəli keçidə cəhd edənlərin böyük əksəriyyətinin vətənindəki müharibədən, zorakılıq və təqiblərdən yayınmağa, beynəlxalq mühafizəyə ehtiyacı var ", saytda deyilir.

Suriyadan gələrək Aralıq dənizini keçənlərin 49 faizinin 21 faizi Əfqanıstandan gələnlərdir, məlumatda bildirilir.

Onların arasında ölən və dənizdə itkin düşənlərin sayı indi 3735 nəfərdir.

Lesbos adasında olan BBC-nin müxbiri Paul Adams deyir ki, Avropanın daha da içərisinə getmək üçün hazırda minlərlə insan adada qeydiyyatdan keçməsini gözləyir.

21 dekabrda Beynəlxalq Miqrant Təşkilatı Avropaya quru və dəniz yolu ilə gələn miqrantların sayının 1 milyon 6 mindən çox olduğunu açıqladı.

Almaniya bir milyondan çox qaçqın və miqrant qəbul etdiyini bəyan edib
Şəklin alt yazısı, Almaniya bir milyondan çox qaçqın və miqrant qəbul etdiyini bəyan edib

Soyuq qış havasına baxmayaraq, bir çox miqrantlar hələ də Avropaya səyahət edir. Miqrantların axını Avropa İttifaqı (Aİ) daxilində gərginlik yaradıb, bəzi dövlətlər sərhədlərində hasarlar çəkib və təkrar nəzarət həyata keçirir.

Ötən həftə Aİ Avropaya getməzdən əvvəl miqrantların pənah gətirdiyi Yunanıstanda Frontex agentliyinin işçilərinin sayının artırılması barəsində razılığa gəldi.

Almaniya hökuməti isə bəyan edir ki, onlar Avropanın heç bir ölkəsində olmayacaq sayda, bir milyondan çox qaçqın və miqrant qəbul edib, onların çox hissəsi isə Balkan ölkələrindən gələnlərdir.