Aİ sammiti ərəfəsində miqrant böhranı davam edir

Şəklin mənbəyi, AP
Almaniya və bir sıra digər ölkələr Türkiyə ilə ilin yekun Avropa İttifaqı (Aİ) sammitindən əvvəl minlərlə suriyalı qaçqının yerləşdirilməsi məsələsinin həlli yollarını müzakirə edəcəklər.
Görüşdə iştirak edənlər suriyalıların Türkiyə düşərgələrindən köçürülməsi təklifini müzakirə edəcəklər.
Lakin planın hərəkətverici qüvvəsi Almaniya Kansleri Angela Merkel Aİ-nin digər dövlətlərinin müqaviməti ilə üzləşir.
Brüsseldə cümə axşamı baş tutacaq Aİ sammiti əsasən üzv dövlətlər arasında fikir ayrılıqları yaradan miqrant böhranına diqqət ayıracaq.
Bu il Avropaya rekord sayda miqrant gəlib və bəzi ölkələrin sərhədlərini mühafizə üçün hasarlar çəkməsinə və Şenqen ərazisndə sərhəd yoxlamalarını tətbiq etməsinə gətirib çıxarıb.
Köçürülmə təklifi Aİ ölkələrinin Suriya qaçqınlarını birbaşa Türkiyədən könüllü şəkildə qəbul etməsini nəzərdə tutur.
Ümid edilir ki plan, insanların təhlükəli dəniz səfəri ilə Yunanıstana gəlməsinin qarşısını alacaq və Aİ üzv ölkələri üçün daha qəbuledilən olacaq.
Sammitin gündəliyi:
Miqrasiya – Miqrant böhranı ilə bağlı qəbul edilmiş qərarlar necə həyata keçirilib?
Terror – Sərhəd nəzarəti, radikallaşma, məlumat mübadiləsi və Paris hücumlarının ardından əks-terror əməkdaşlığı
Britaniya referendumu – Britaniya baş naziri David Cameron ölkəsinin Aİ üzvlüyündə qalıb/qalmaması ilə bağlı keçiriləcək referendum öncəsi bir neçə təkliflərlə çıxış edib
Vahid bazar – Qitədə vahid bazara təkan vermək üçün tədbirlər
İqtisadi və valyuta birliyi – Yunanıstanın avrodan kənarlaşdırılmış ola biləcəyi ildə liderlər Aİ rəhbərliyinin təkliflərini müzakirə edəcəklər




