2015-ci ildə Avropaya "bir milyon miqrant" daxil olub

Şəklin mənbəyi, Reuters
Bu il dəniz və quru yolu ilə Avropaya gələn miqrantların sayı bir milyon həddini aşıb, Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.
Bu, ötən ilki miqrasiya göstəricilərini dörd dəfə üstələyir.
Miqrantların əksəriyyəti Avropaya dəniz yolu ilə daxil olub. Türkiyədən Yunanıstana 800,000-dən artıq adam gəlib.
Onlardan çoxu Suriya, İraq və Əfqanıstan sakinləridir.
Beynəlxalq Miqrasiya Təşkilatı 3,695 adamın bu il ərzində boğularaq öldüyünü və yaxud da itkin düşdüyünü bildirir.
Bazar ertəsi quru və dəniz yolu ilə Avropaya daxil olanların sayı rəmzi sayılan bir milyon həddini keçərək 1,005,504-ə çatıb.
Rəqəm Yunanıstan, Bolqarıstan, İtaliya, İspaniya, Malta və Kiprə dair statistikanı əhatə edir.
Miqrantların 455,000-i Suriya mənşəlidir. Daha 186,000 adamın Əfqanıstandan gəldiyi bildirilir.
Aİ daxilində sərhədsiz hərəkət qaydalarına rəğmən bəzi Avropa dövlətləri miqrant axınının qarşısını almaq üçün sərhədlərdə hasar qurub və buraxılış məntəqələri təsis edir.
Ötən həftə Aİ Yunanıstandakı sərhəd qüvvələrinin sayının artırılması barədə qərar qəbul edib.
Yunanıstana gəldikdən sonra miqrantların çoxu Balkan ölkələri üzərindən Avropa İttifaqına keçməyə çalışır.
İl ərzində evlərindən zorla didərgin salınmış adamların sayı 60 milyondan artıq ola bilər, ötən həftə BMT bildirib.




