Tuzhurmatuda türkmən-kürd həmrəyliyi necə pozuldu?

Şəklin mənbəyi, MAHMUT HAMSICI
- Müəllif, Mahmut Hamsici
- Vəzifə, BBC Türkçe, Tuzhurmatu
"Tuzhurmatunun kəndlərini İŞİD tutdu…Tuzhurmatunun mərkəzi İŞİD təhlükəsi altında…Tuzhurmatu sakinləri bölgəni tərk edirlər…”
Tam ilyarım bundan əvvəl İraqın Səlahəddin vilayətində, ərəb, türkmən və kürdlərin birlikdə yaşadığı Tuzhurmatudan xəbər agentliklərinə gələn məlumatlar təxminən belə idi.
Lakin elə həmin vaxt çox fərqli silahlı birləşmələr bir araya gəlib özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı böyük bir mübarizəyə başlamışdı.
Tuzhurmatunun yardımına gələn ən əhəmiyyətli qüvvə kürd Peşmərgə birləşmələri və sıralarında çox sayda şiə türkmən olan Haşdi silahlı qruplaşması idi.
İslam Dövləti qruplaşmasının (İD) geri oturdulmasından sonra da bölgədə nəzarəti saxlayan ən əhəmiyyətli qüvvələr də elə bunlar olmuşdu.
Aralarında baş verən müxtəlif problemlərin ardınca, sonrakı həftələrdə bu iki qüvvə arasında toqquşmalar baş verdi.
Bu toqquşmalar öz növbəsində Tuzhurmatu qəzasının mərkəzində yaşayan kürdlər və türkmənlər arasında qarşılıqlı zorakılıqlara yol açdı.
Küçələrdə müxtəlif silahlı birləşmələr

Bir çox insanlar həlak oldu, evlər, ofislər dağıdıldı.
BBC-nin çəkiliş heyəti ilə Tuzhurmatuya gələndə diqqətmizi ilk cəlb edən dörd bir yandakı Toyota maşınlarına sancılmış müxtəlif bayqraqlar oldu.
Burda hər bir qrup binalardan öz bayrağını asmışdı.
Qəza mərkəzi faktiki olaraq ikiyə bölünüb və heç kim heç kimin məhəlləsinə daxil olmur.
Qəza sakinləri Tuzhurmatuda türkmənlər və kürdlər arasında zaman-zaman gərginliklərin yaşandığını bilirdilər, lakin belə zorakılıqlar əvvəllər heç vaxt baş verməmişdi.
Kürdlərin yaşadığı məhəllələri Peşmərgə qüvvələri ilə gəzirik.
Divarlardakı güllə yerləri, əzilmiş avtomobillər burda yaşanmış toqquşmaların miqyasından xəbər verir.
“Snayperlər vardı”

Ölüm hadisələrinin baş verdiyi bir küçənin sakinləri ilə görüşürük.
Bir məhəllə sakini danışmaq istəsə də, üzünü örtməyə çalışır: “Eşitsə, Haşid Şabi məni öldürər” – deyir.
O deyir ki, toqquşmalar baş verərkən, binaların damlarındakı snayperlər insanlara atəş açırdılar.
Bu kişi, kürd olsalar da, İraq kürd liderləri tərəfindən tərk edildiklərini, kimsənin onlara sahib çıxmadığlını söyləyir.
O deyir ki, bu hadisələrdə İranın da barmağı var.
“Artıq bir də keçmişdəki kimi olmayacaq”
Başqa bir məhəllədə evinin divarlarında güllə dəlikləri olan bir kişi ilə söhbət edirik. Əvvəlcə danışmağa başlayır, lakin videoya çəkməyimizi istəmir.
“Türkmənlə kürd arasında qan tökülüb, daha heç vaxt keçmişlərdə olduğu kimi ola bilməyəcək” - deyir.

Şəklin mənbəyi, MAHMUT HAMSICI
Kürd məhəllələrindən türkmən məhəllələrinə keçirik.
Qəza mərkəzində yaşayan türkmənlərin əksəriyyəti şiə məzhəbindəndir.
Küçələri dolaşarkən bu dəfə yanımızda İraq Türkmən Cəbhəsinin (İTC) silahlı döyüşçüləri, bir də Türkmənli TV-dən jurnalist Ahmet Haşim Muhtaroğlu var.
2000-lərdə böyüyən türkmən qəbristanlığı
Buradakı türkmənlər 2000-ci illərdə bir çox bomba basqının hədəfi olublar.
Bəzi basqınlar üçün məsuliyyəti heç kim üzərinə götürməyib, bəzi hücumları radikal islamçı qruplaşmalar özlərinin törətdiklərini bildiriblər.
Muhtaroğlu küçələrdəki çalaları göstərir və deyir ki, bunlar həmin basqınların nişanəsidir.
Bizi şiə müsəlmanların qəbristanlığına aparan Muhtaroğlu deyir ki, bu məzarlıq 2000-ci illərdə böyüyüb.
(Biz Tuzhurmatudan çıxdıqdan az sonra yenə də türkmənlərin yaşadığı ərazidə törədilən intiharçı hücumunda 6 nəfər həlak olmuşdu).
İTC üzvləri deyirlər ki, belə basqınlardan sonra gənclər öz məhəllələrində silahlı keşik çəkirlər.
Evi hücuma məruz qalmış türkmənlərdən Əbu Muhamməd Bayatlıyla görüşürük.

Şəklin mənbəyi, MAHMUT HAMSICI
Bayatlının dediyinə görə, naməlum adamlar qonşu evləri yandırıblar.
O ailəsi ilə birlikdə evdə olarkən onun da evinə silahlı basqın ediblər.
Ailəsi evdən çıxmayıb. Lakin silahlılar üçüncü dəfə gəldikdən sonra evlərini tərk etməyə məcbur olublar.
Onlar çıxdıqdan sonra silahlılar evlərini alt-üst ediblər.
Bayatlı "Tuzda ilk dəfədir ki, belə bir şey görürəm” – deyir.
Şiə silahlıların sözçüsü: Amerika bizi bir-birimizlə toqquşdurmaq istəyir
Yaxşı, bəs görəsən, bölgədə İD qruplaşması təhlükəsinin olduğu bir vaxtda cihadçı qrupa qarşı mübarizə aparanların arasına təfriqə niyə düşüb? Etnik və məzhəb gərginliyi necə yaranıb?
Haşid Şabinin mərkəzi qarşısında görüşdüyümüz qrupun Tuzhurmatu sözçüsü Ali Haşim Hüseyni deyir ki, baş verənlərin arxasında xarici qüvvələr dayanır.
"Bu, Amerikanın siyasətidir, şeytan siyasətidir. Milləti bir-birinə vururlar. Qoymurlar ki, bir yerdə yaşayaq. İki qardaşı bir-birinə vurduran, bu fitnəni salan Amerika və onun nökərləridir”.
Biz eyni sualı Peşmərgələrin bağlı olduğu Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) Tuzhurmatudakı mərkəzində də soruşuruq.
Partiyanın sözçüsü Muhammed Mahmud deyir ki, İD qrupu ilə mübarizə üçün buraya həm Peşmərgələrin, həm də Haşid Şabinin və başqa qruplaşmaların çox sayda döyüşçüsü yığılıb. Bu çoxluqda belə bir gərginlik yaranıb.
Bağdad - Ərbil çəkişməsinin sonu varmı?

Şəklin mənbəyi, MAHMUT HAMSICI
Mahmud qarşıdurmanın mülki adamlara da keçdiyini deyir. “Məsuliyyətsiz insanlar evləri yandırmağa və talan etməyə başladılar. Bu kimi hadisələrin sayı tədricən artdı və hər yeri bürüdü. Vəziyyət bu hala gəlib çatdı” – deyir.
Həm Ərbil, həm də Bağdad Tuzhurmatunu öz nəzarəti altında saxlamaq istəyir.
Bəzilərinin fikrincə, elə toqquşmaların arxasında da bu “haqq-hesab” durur.
KYB sözcüsü Mahmud isə bu iddianı rədd edir.
KYB-dən sonra türkmənlərin siyasi təşkilatlarından olan İraq Türkmən Cəbhəsinin Tuzhurmatudakı mərkəzinə də baş çəkirik.
Burada Cəbhə liderinin müavini Heytem Haşim Muhtaroğlu ilə görüşürük.
“İŞİD türkmən və kürdü birləşdirmişdi”

Onun evində 2013-cü ildə bir bomba basqınına etiraz edərkən həyata keçirilmiş intiharçı hücumunda itirdiyi lideri Ali Haşim Muhtaroğlunun portreti var.
Muhtaroğlu deyir ki, İD qrupuna qarşı mübarizə insanları birləşdirmişdi, lakin indi bu birlik pozulub.
"Bundan ilyarım öncə Tuzhurmatunun tarixində ilk dəfə olaraq kürd və türkmən İD qruplaşmasına qarşı birləşdi. Amma müxtəlif problemlər ortaya çıxdı. O problemləri bir saatın içində həll etmək olardı, lakin anlaşılmazlıq niyə bu dərəcəyə gəlib çatdı, bilmirəm. Tuzhurmatı qəza mərkəzi döyüş meydanına çevrildi. Dinc əhali evlərindən çıxa bilmirdi. Gənclərimiz bir-birlərinə qarşı vuruşurdular”.
Toqquşmalara görə, Peşmərgə qüvvələrini günahlandıran Muhtaroğlu, həm də Haşid Şabini pisləyir:
“Mən bu məsələdə hər ikisini günahlandırıram. Əgər aranızda bir anlaşılmazlıq var idisə, bu, qəza mərkəzində olmamalıydı. Bunlar toqquşmanı insanlar yaşayan yerlərə gətirdilər. Bizim günahsız insanlarımız, dinc əhali bunun bədəlini ödədi. Evlər yandırıldı, dükanlar güllələndi. Türkmən də, kürd də əzab çəkdi”.
Türkiyədən inciklik

Şəklin mənbəyi, MAHMUT HAMSICI
Bu arada Tuzhurmatuda görüşdüyümüz türkmənlər bizə baş verən hadisələrlə bağlı Türkiyənin heç bir bəyanat verməməsindən acılqlı olduqlarını bildirdilər.
Eyni zamanda reportajda adlarının çəkilməməsini istəmirdilər.
Ötən həftələr ərzində toqquşan tərəflər, bugünlərdə gərginliyi azaltmaq istiqamətində səylərini əsirgəmirlər.
Sülh axtarışında
Tərəflər arasında tez-tez görüşlər keçirilir, qərarlar qəbul olunur.

Tuzhurmatu sakinləri indi gərginliyin azalacağına ümid edirlər.
Bu hadisələrlə əlaqədar bölgəni tərk edənlərə geri dönmələri üçün çağırışlar edilir.
Lakin bu miqyasda can və mal itkisinin yaşandığı, ən başlıcası isə qarşılıqlı etimadın yaralandığı bir bölgədə sülh və əmin-amanlığın bərpası üçün uzun zaman lazım olacağı ehtimal edilir.




