Türkiyə Rusiyaya: "türkmənlərə hücumu dayandırın"

Türkiyənin Baş Naziri Ahmet Davutoğlu bildirib ki, Rusiyanın Suriyada hava hücumları həyata keçirərkən türkmənlərin yaşadığı Türkmən Dağı bölgəsini hədəfləməsi barədə məlumatlardan sonra Rusiyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb.
Ötən axşam Türkiyə - Suriya sərhədindəki Bayırbıcak bölgəsində həyata keçirilmiş əməliyyata "Rusiya təyyarələrinin də qatılması barədə məlumatlar var", o deyib.
"Gecə Rusiya səfiri nazirliyə çağırıldı. Türkiyənin sərhədləri boyunca sivil xalqa qətlian edilməsi, bomba atılması nəticəsində yeni bir qaçqın axımı baş verərsə, buna hamı məsuliyyət daşıyacaq."
Davutoğlu deyib ki, Rusiya əsgərləri yalnız İslam Dövləti qruplaşmasına qarşı mübarizə aparmalıdır.
"Məsələni kənd-kənd izləyirik. Rusiyaya belə həssas ərazilərin və kəndlər barədə informasiya verdik," Baş Nazir deyib.
XİN Rusiyadan türkmənlərin yaşadıqları ərazidə əməliyyatlara son qoyulmasını tələb edib.
Anadolu agentliyi Suriya ordusunun Lazkiyədən Türkmən Dağı bölgəsinə qədər yerüstü əməliyyat başladığını və Rusiya hava qüvvələrinin onlara yardım etdiyini yazıb.
