Türkiyənin şərqində atışma: 6 nəfər həlak olub

Atışmanın polis reydi gedişatında baş verdiyi bildirilir.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Atışmanın polis reydi gedişatında baş verdiyi bildirilir.

Türkiyənin şərqindəki Diyarbəkir şəhərində baş verən atışma nəticəsində "İslam Dövləti" qruplaşmasının üzvü olduğu güman edilən 4 silahlı və iki polis əməkdaşı həlak olub.

Türkiyə mətbuatı hadisənin səhər çağlarında həyata keçirilən polis reydi vaxtı baş verdiyini bildirir.

Ünvanların birində olan şəxslər polisə atəş açdıqdan sonra silahlı qarşıdurma yer alıb.

Atışma gedişatında iki polis əməkdaşı və ekstremist olduğu güman edilən 4 şəxs həyatını itirib.

Diyarbəkir şəhərinin 1 milyona yaxın əhalisinin əksəriyyətini kürdlər təşkil edir. Diyarbəkir həmçinin kürdlərin yaşadığı ən böyük bölgə şəhəridir.

Şəhər və ətrafdakı regionda kürdlərin PKK qrupu geniş dəstəyə malikdir.

Polislər hesab edir ki, oktyabr ayında Ankarada baş vermiş bomba hücumunun təşkilatçıları məhz Diyarbəkirdə gizlənə bilərlər.

Ötən həftə sonu polis bölgədə bir neçə reyd keçirib. Yerli mətbuatın məlumatına əsasən polis İslam Dövləti qruplaşmasının yerli bölməsinin qadın liderini axtarır.

Oktyabrın 10-da Ankarada kürdtəmayüllü partiyaların təşkil etdiyi dinc aksiya zamanı baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın adam həlak olub.