İD Ankara partlayışı barədə niyə susur?

Şəklin mənbəyi, AFP

Ankarada təxminən 100 nəfərin ölümü ilə nəticələnən, ən qanlı hücum kimi Türkiyə tarixinə daxil olan hadisədən bir həftə ötür.

Oktyabrın 10-da Ankarada sülh istəyən nümayişçiləri hədəfləyən hücuma görə hökümət İslam Dövləti qruplaşmasını ittiham etsə də, hələlik heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.

Bundan öncə də, Xalqların Demokratik Partiyasının (HDP) Diyarbakır mitinqində və Suruçda canlı bomba partlayışları zamanı da İD ittiham edilib, amma bunlara görə də İD-dən açıqlama gəlməyib.

Tunisdən Yəmənə, Misirdən Banqladeşə qədər, hər yerdə hücumlar törətdiyini deyən İD niyə Türkiyədəki hadisələr zamanı susur?

BBC müxbiri Rengin Arslan yazır ki, təhlilçilər, təhlükəsizlik mütəxəssisləri və jurnalistlərin bu barədə müxtəlif ehtimalları var.

İD niyə məsuliyyətdən qaçır?

Londonda yerləşən Chatham House-da Orta Şərq üzrə mütəxəssis Tim Eaton deyir ki, cihadçı qruplaşmalar siyasi xarakterinə görə, bəzən hücumları törətdiyini deyər, bəzənsə boyun qaçırar.

Onun sözlərinə görə, İD-in məsuliyyətdən boyun qaçırması strateji anlam daşıya bilər.

"Ankara hücumunda olduğu kimi, əvvəlki hücumlarda da kürdləri hədəf alması Türkiyə içində gərginliyi artırmaq üçündür”, Eaton əlavə edir.

Şəklin mənbəyi, AP

TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq əlaqələr bölümünün akademiki Dr. Nihat Ali Özcan isə bunun "surpriz vəziyyət" olmadığını qeyd edir.

"Əsas niyyətləri Suriya və İraqda PKK ilə davam edən münaqişə zəminində onlara cavab verməkdir", Özcan deyir.

"Bunu edə bilən qatar stansiyasında da, dövlət binasında da edə bilər. Niyə buranı seçib? Türkiyəyə hücum etmək istəyən niyə burada etsin? Alış-veriş mərkəzində, stansiyasında da edə bilər".

"İD niyə məsuliyyəti üzərinə götürüb Türkiyəni üzərinə çəksin?", "İŞİD və İraq" adlı kitabın müəllifi, keçmiş döyüşçü Abdullah Ağar sual edir.

O xatırladır ki, İD hazırda Suriya və İraqda, bir çox qrupla, o cümlədən, Rusiya və ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri ilə müharibə aparır.

Washingtonda yerləşən Woodrow Wilson Mərkəzinin Orta Şərq Proqramı direktoru Prof. Henri Barkey də Amerikanın səsi radiosuna müsahibəsində İD-nin məsuliyyəti üzərinə götürməsinin onun "xeyrinə olmayacağını" deyib.

"Hamı bunun İD-nin etdiyini bilir, amma açıq danışmayaraq həm mesajlarını verirlər, həm də istədiklərini əldə edirlər. Türkiyədə türk və kürt toplumlarını bir-birinə qarşı qoyurlar və bunda da uğur qazanırlar", Barkey qeyd edir.

İD-in sosial hesabları nə deyir?

Lakin Ankara hücumunu başqa təşkilatın etdiyinə inananlar da var. Bunlardan biri, Suriya müharibəsini izləyən Hediye Leventdir.

Levent BBC Türkçeyə deyib ki, qruplaşmanın nə türkcə, nə də ərəbcə sosial media hesablarında Ankara hücumu barədə paylaşımlar var.

Şəklin mənbəyi, IS

"Qruplaşmanın ərəbcə sosial media hesablarında "Ankaradakı partlayış zamanı PKK-lılar və ateistlər öldü" deyə paylaşım var. Bunu da YPG-PKK-Barış mitinqinə qatılanlar arasında əlaqə qurub yazıblar, Levent deyir.

Bu baxımdan Levent deyir ki, Türkiyə və Suriyada İD-lə və Əl-Qaidə ilə əlaqəli olmayan təşkilatlar da var ki, hücumu onlar da törədə bilər.

Türkiyə, Suruçdakı partlayışdan sonra ABŞ-ın liderlik etdiyi İD-ə qarşı koalisiyaya qoşulub.

Avqustda isə İncirlik Hava Bazası İD hədəflərini vurmaq üçün Amerikanın hava gəmilərinin üzünə açılıb.

İD-in avqustda paylaşdığı videoda prezident Recep Tayyip Erdoğan ABŞ-la iş birliyində ittiham edilib və hökümətə qarşı çıxma çağırışları səsləndirilib.