Suriya münaqişəsi: ABŞ və Rusiya danışıqları davam etdirir

Şəklin mənbəyi, RIA Novosti
ABŞ və Rusiya hər iki ölkənin döyüş təyyarələrinin şənbə günü bir-birinə yaxınlaşması iddialarından sonra Suriyada hava təhlükəsizliyi üzrə yeni danışıqlara başlayacaq.
Bu iki ölkə arasında təsadüfi münaqişənin aradan qaldırılmasının yollarını tapmaq üçün danışıqların üçüncü mərhələsi olacaq.
ABŞ-ın Müdafiə katibi Ash Carter tezliklə sövdələşmə gözlənildiyini deyib. Rusiya bildirib ki, video konfrans zamanı "yenilənmiş təkliflər" müzakirə olunacaq.
Danışıqlara baxmayaraq, ABŞ Rusiyanın Suriyadakı hərəkətlərini "əsassız" adlandırıb.
ABŞ və Rusiya rəsmilərinin çərşənbə günü video konfrans keçirməsi gözlənilir.
Danışıqlar ABŞ hərbi sözçüsü polkovnik Steve Warrenin jurnalistlərə şənbə günü Rusiya və ABŞ hava qüvvələrinin "eyni döyüş məkanına daxil olması" barədə açıqlama verməsindən sonra baş tutacaq.
O bildirib ki, təyyarələr bir-biri ilə vizual təmasda olub.
Polkovnik Warren onu da deyib ki, Rusiya təyyarələri ABŞ-ın yaxın pilotsuz uçuş aparatları və ya pilotsuz təyyarələrinə yaxınlaşmaqla dəfələrlə hava patrulunu pozub.
Rusiya bu iddia ilə bağlı şərh verməyib
Rusiya Suriyadakı hava kampaniyasına sentyabrın 30-da başlayıb. Rusiya bildirir ki, o, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma və digər cihadçı qrupları Suriya Prezidenti Bəşər əl-Əsədin hərbi cəhətdən yardım xahişindən sonra hədəfləyib.
Qərb ölkələri və suriyalı fəallar deyirlər ki, Rusiya təyyarələri qeyri-hərbi hədəfləri də vurub, rəsmi Moskva bu iddiaları təkzib edir.




