NATO: Rusiya tərəfindən Əsədin dəstəklənməsi yalnız müharibəni uzadır

NATO baş katibi Stoltenberg Rusiyanı İD qruplaşmasına qarşı mübarizədə daha konstruktiv rol oynamağa çağırıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, NATO baş katibi Stoltenberg Rusiyanı İD qruplaşmasına qarşı mübarizədə daha konstruktiv rol oynamağa çağırıb.

NATO baş katibi Jens Stoltenberg Rusiyanın Suriya prezidenti Bəşər əl-Əsədi dəstəkləməkdə davam etməsinin ölkədə böhranı yalnız uzatdığını bəyan edib.

Alyansa üzv olan ölkələrin Norvecdə keçirilən parlament assambleyasında çıxış edən NATO baş katibi Rusiyanı İD qruplaşmasına qarşı mübarizədə daha konstruktiv rol oynamağa çağırıb.

Stoltenberg Şimali Atlantika alyansının öz qüvvələrini Suriyaya göndərmək niyyətində olmadığını deyib.

Rusiya aviasiyası ikinci həftədir ki, Suriya ərazisinə havadan zərbələr endirir.

ABŞ, Britaniya və digər NATO ölkələri Rusiya zərbələrinin yalnız kiçik bir qisminin İD qruplaşması mövqelərinə dəydiyini, əsas hissəsinin isə Bəşər əl-Əsədə mötədil müxalifətdə olanlara vurulduğunu iddia edir. Rusiya bu iddiaları rədd edir.

Ötən gün prezident Putin Rusiyanın Suriyada keçirdiyi əməliyyatının əsas məqsədinin ölkədə "qanuni hökümətin durumunu sabitləşdirmək" olduğunu etiraf edib.