Şimali və Cənubi Koreya ailələrin görüşü planını müzakirə edir

Cənubi Koreyadakı Qırmızı Xaç əməkdaşları mümkün görüş üçün müraciətləri qəbul edir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cənubi Koreyadakı Qırmızı Xaç əməkdaşları mümkün görüş üçün müraciətləri qəbul edir

Şimali və Cənubi Koreya müharibə nəticəsində ayrılmış ailələrin nadir görüşünü həyata keçirmək üçün danışıqlar aparır.

Danışıqlar sərhəd Panmunjom kəndində, hər iki tərəfdən Qırmızı Xaç təşkilatının rəsmiləri tərəfindən keçirilir.

1953-cü ildə müharibənin sona çatması və Koreyanın ikiyə bölünməsinin ardından minlərlə ailə ayrı düşüb.

İki ölkə arasındakı münasibətdən asılı olaraq bəzən ailə üzvlərinin görüşü keçirilir və Şimali Koreyanın bir neçə belə görüşə qadağa qoyduğu məlumdur.

Sonuncu dəfə belə görüş 2014-cü ilin fevral ayında baş tutub.

Bu cür nadir görüşlərdə iştirak edənlərin əksəriyyəti 70 və 80 yaşlarında olur

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bu cür nadir görüşlərdə iştirak edənlərin əksəriyyəti 70 və 80 yaşlarında olur

Hər belə görüş üçün Cənubi Koreyadan onminlərlə müraciət daxil olur. Lakin müraciətlərdən yalnız kiçik bir hissəsi qəbul edilir.

Sonuncu dəfə hər iki tərəfdən 100 nəfərin iştirakı ilə çox təsirli bir görüş baş tutub.

Bu danışıqlar yarımadada son bir neçə həftə davam etmiş gərginliyin ardından gəlib.

Sərhəddə yerləşdirilmiş minanın partlaması nəticəsində iki Cənubi Koreya əsgərinin yaralanması və bundan sonra Cənubi Koreyanın Şimala qarşı təbliğat mesajları yayımlaması gərginliyə səbəb olmuşdu.

Bundan sonra baş tutmuş danışıqlarda hər iki tərəf gərginliyin aradan qaldırılmasına razılaşıb.

Minaları yerləşdirdiyini inkar edən Şimal, sonradan hadisəyə görə “təəssüfləndiyini” bildirib.

Hər iki ölkə texniki olaraq müharibə şəraitindədir. Koreya Müharibəsi sadəcə atəşkəslə yekunlaşıb.