Şimali Koreya lideri orduya "tam döyüş hazırlığı vəziyyətinə gəlməyi" əmr edib

Şəklin mənbəyi, AFP
Dünən Cənubi Koreya ilə Şimali Koreya arasında baş tutan atışmadan sonra Şimali Koreya lideri Kim Jong-un orduya tam döyüş hazırlığı vəziyyətinə gəlməyi əmr edib, dövlət mediası xəbər verir.
KCNA xəbər agentliyinin məlumatına görə, Kim Jong-un cümə axşamı fövqəladə iclasda "yarı müharibə vəziyyəti" elan edib.
Bu halın Seulun sərhəd boyu "anti Pxenyan təbliğatını" başa çatdırmayana qədər davam edəcəyi bildirilir.
Şimali Koreya bundan əvvəllər də iki tərəf arasında gərginlik artanda oxşar bəyanatlar verib.
BBC-nin Cənubi Koreya müxbiri Steve Evans deyir ki, bu dəfəki çıxış "bir az daha sərtdir və artilleriya zərbələri ilə müşahidə olunur".
Gərginlik Cənubi Koreya ərazisində 11 illik fasilədən sonra yenidən başlayan anti-kommunist təbliğat verilişlərinin yayımlanmasına etiraz edən Şimali Koreyanın sərhəd ərazilərini atəşə tutmasından sonra yaranıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirir ki, Şimali Koreyanın hərbi hissəyə açdığı atəşə artilleriya zərbələrilə cavab verilib.
Şimali Koreya Seuldan şimala doğru yerləşən Yeoncheon şəhərindəki hərbi hissəni artilleriya atəşinə tutub. Cənubi Koreya 155 millimetr çaplı toplardan cavab atəşi açıb, müdafiə nazirliyinin bəyanatında bildirilir.

Şəklin mənbəyi, AFP
Şimali Koreya Cənuba "48 saat ərzində sərhəddə təbliğat verilişlərinə son qoymadığı və yayım obyektlərini sökmədiyi təqdirdə güclü hərbi əməliyyatlar aparacağı barəsində" xəbərdarlıq edib.
Atışmadan sonra Cənubi Koreya öz qərb sərhədlərindəki əhalinin evakuasiyasına göstəriş verib, xəbərlərdə deyilir.
Hadisə ilə bağlı Cənubi Koreya Təhlükəsizlik Şurasının iclası çağrılıb.
Qərbdəki dəniz sərhədi iki ölkə arasında daim mübahisə mənbəyi olub.
Cənubi və Şimali Koreya arasında müharibə faktiki olaraq başa çatmayıb. Çünki 1950-1953-cü illərdəki müharibədən sonra atəşkəs razılaşması əldə olunsa da, sülh sazişi imzalanmayıb.




