Avstriya: yük avtomobilində 70-dən artıq cəsəd aşkarlanıb

Şəklin mənbəyi, EPA
Avstriya polisi sahibsiz qalan yük avtomobilində 70-dən artıq cəsədin aşkar olunduğunu bildirib.
Avtomobil ölkənin şərqində, Macarıstandan Vyanaya gedən yolun kənarında tapılıb. İlk baxış cəsədlərin bir neçə gün avtomobildə qaldığını göstərib.
Güman edilir ki, ölənlərin əksəriyyəti miqrant olub.
Bundan əvvəl polis 50 cəsədin tapıldığını qeyd edib.
Avstriya polisi avtomobilin sürücüsünü tapmaq üçün macarıstanlı həmkarları ilə birgə işlədiyini deyir.
Hakimiyyət hadisə ilə bağlı kədərləndiyini bildirib.
Xarici işlər naziri Sebastian Kurz deyib ki, olay miqrantlara dair Aİ siyasətinin işləmədiyini nümayiş etdirir.
Yalnız ötən ay ərzində Avropaya 100 mindən artıq adam gəlib. Çərşənbə günü Serbiya polisi ölkə ərazisinə 3000 miqrantın daxil olduğunu deyib. Onların əksəriyyəti Almaniyaya üz tutur.
BMT bildirib ki, bu il Aralıq dənizini keçərək Avropaya gəlmək istəyən 2400 miqrant həyatını itirib.






