Miqrant böhranı: Yunan bərəsi Pirey limanına 2500 qaçqın gətirib

Bərə Afinaya üzməzdən əvvəl bir neçə yunan adalarındakı miqrantları yığıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bərə Afinaya üzməzdən əvvəl bir neçə yunan adalarındakı miqrantları yığıb

Yunanıstan hökuməti tərəfindən sifariş edilmiş bərə Afina yaxınlığındakı Pirey portuna Türkiyə sahillərinə yaxın adalardan toplanmış 2500 qaçqını gətirib.

Əksəriyyəti Suriyadan olan qaçqınlar “Eleftherios Venizelos” avtomobil bərəsinə son bir neçə gündə Kos, Kolimnos, Leros və Lesvos adalarında miniblər.

Yunanıstana gələn miqrant axını ötən ay ərzində dramatik şəkildə artaraq 50 min nəfərə çatıb.

Onların əksəriyyəti Makedoniyadan keçərək zəngin Avropa ölkələrinə daxil olmaq istəyir.

Almaniya çərşənbə günü bildirib ki, ölkəyə bu il ərzində 800 min qaçqının gələcəyini gözləyir. Bu, 2014-cü ildəki rəqəmdən dörd dəfə çoxdur.

Avropa İttifaqının Frontex sərhəd agentliyi bildirir ki, ötən ay ərzində Avropa sərhədlərinə rekord sayda – 107 min miqrant gəlib.

Son bir neçə ayda Yunanıstan Avropa İttifaqına axan miqrantlar üçün tranzit ölkəyə çevrilib.

BMT rəsmilərinin hesablamalarına görə yanvar ayından bəri 160 min miqrant Yunanıstan sahillərinə çıxıb.

Bərə Kos adasındakı vəziyyətin kəskin pisləşməsindən sonra göndərilib. Oraya hər gün Türkiyə sahillərindən çox sayda xırda qayıqlar gəlirdi.

Kos adasının hakimiyyət orqanları miqrant axını ilə bağlı problemi həll etməkdə çətinlik çəkirdilər.

Bir epizodda 2000-dək miqrant ac-susuz stadionda saxlanırdı. Rəsmilər isə onları qeydiyyata almağa çalışırdılar.

Miqrantlardan 1300-ü bərəyə Kos adasında, 700 nəfəri isə Lesvos adasında mindirilib.

Bərə əvvəlcə Yunanıstanın şimalında yerləşən ikinci böyük şəhər Salonikiyə getməliydi, lakin sonradan Afinaya gəlib. Belə görünür ki, şimal şəhərindən bu qədər qaçqının qəbul edilə bilməyəcəyi barədə xəbərdarlıq alınıb.

Pirey portunda gəmidən düşdüksən sonra miqrantlar Afina dəmir yolu vağzalına gedən avtobuslara doluşublar. Burada bir neçə yüz qaçqını qəbul edə biləcək yeni miqrant qəbulu mərkəzinin yaradılmasına baxmayaraq adamların çoxunun şimal - Makedoniya ilə sərhədə axışacağı gözlənilir.

Yunanıstanın Makedoniya ilə sərhədində son günlər xaotik səhnələr yaşanır. Beləki miqrantlar Qərbi Avropaya gedən qatarlara doluşmağa çalışırlar. Skopye rəsmiləri də bildiriblər ki, miqrant axının öhdəsindən gələ bilmirlər.

“Hamı tələsir. Burda böyük insan tələfatı təhlükəsi var” – deyib 24 yaşlı əfqanıstanlı Nəjim, Gevgeliya stansiyasındakı BBC müxbirinə.