İD rəhbəri "ABŞ girovunu zorlayıb"

Xanım Mueller 2013-cü ildə Suriyanın Hələb şəhərində oğurlanıb.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Xanım Mueller 2013-cü ildə Suriyanın Hələb şəhərində oğurlanıb.

Suriyada İslam Dövləti qruplaşmasının girovluğunda saxlanılarkən öldürülən Amerika yardım təşkilatının işçisi hərəkətin lideri tərəfindən cinsi təcavüzə məruz qalıb, ABŞ rəsmiləri ABC news kanalına bildiriblər.

Məlumata əsasən, 26 yaşlı Kayla Mueller Əbu Bəkr əl-Bağdadi tərəfindən dəfələrlə zorlanıb.

İyun ayında mərhumun ailəsi müvafiq məlumatla tanış edilib.

Hələb şəhərindəki xəstəxanaların birində işləyən xanim Mueller 2013-cü ildə oğurlanıb.

İslam Dövləti qruplaşması bildirir ki, amerikalı fevral ayında İordaniyanın həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Lakin ABŞ onun ölümündə İslam Dövləti hərəkətini günahlandırır.

Əl-Bağdadi amerikalı girovu İslam Dövləti qruplaşmasının yüksək rütbəli lideri - Əbu Sayyafın evinə şəxsən aparıb, ABC news ABŞ rəsmilərinə istinadən bildirir.

Televiziya kanalına əsasən, Kayla Mueller həmin evə müntəzəm baş çəkən Əl-Bağdadi tərəfindən dəfələrlə zorlanıb.

ABŞ rəsmiləri bu barədə məlumatı seks köləsi kimi Mueller-lə bir evdə saxlanılan ən azı iki yezidi qadından alıblar. Onlar may ayında xüsusi əməliyyat nəticəsində azad olunublar.