ABŞ kinoteatrında atəş: iki nəfər öldürülüb, yaralılar var

Şəklin mənbəyi, AP

ABŞ-ın Luizina ştatındakı kinoteatrda atəş açaraq iki nəfəri qətlə yetirən şəxs daha sonra intihar edib, rəsmilər bildirir.

Axşam çağlarında baş vermiş hücumda xəsarət alanlar var.

Polis hücumçunun 58 yaşlı ağdərili kişi olduğunu bildirməklə kifayətlənərək əlavə məlumat verməyib.

Hadisə Lafayette şəhərində yerləşən “Grand Theatre” kinoteatrında baş verib. Şahidlərə əsasən, atəş filmin başlanmasından 20 dəqiqə keçmiş açılıb.

Yerli polis idarəsinin rəisi Jim Craft müxtəlif dərəcəli xəsarət alan 7 nəfərin xəstəxanaya çatdırıldığını bildirib.

Onlar arasında kritik vəziyyətdə olanlar var, polis bildirir.

Hadisə vaxti kinoteatr binasında təqribən 100 adamın olduğu güman edilir.

3 il əvvəl Kolorado ştatındakı kinoteatrda 27 yaşlı James Holmes-un açdığı atəş nəticəsində 12 adam öldürülmüşdü.